Azərbaycanda məhkumların vaxtından əvvəl azad olunması davam etdirilir

  • 12:26 - 30 Mart

"Məhkumların vaxtından əvvəl azad olunması davam etdirilir”.

Avropa.info xəbər verir ki, bu barədə Modern.az-a Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov bildirib.

M.Sadıqov qeyd edib ki, nazirliyin xüsusi Komissiyası karantin günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərir:

"Məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi diqqətdə saxlanılaraq bu məqsədlə yaradılmış nazirliyin xüsusi Komissiyası bayram günlərində də fəaliyyətini davam etdirib. Video-konfrans vasitəsilə virtual qaydada keçirilən iclaslarda məhkumların işləri öyrənilib, özləri ilə söhbətlər aparılıb və qanunvericiliyin tələblərinə cavab verən şəxslər barədə materiallar dərhal məhkəməyə təqdim olunub. Bildiyiniz kimi bu qərarlarla 200 məhkum vaxtından əvvəl azadlığa çıxıb. Hazırda proses daha da intensivləşdirilib. Amma konkret olaraq daha neçə məhkumun azad olunacağı barədə məlumatım yoxdur. Çünki bu, məhkəmələrin qərarı ilə icra olunur”.

Nazirlik rəsmisinin sözlərinə görə, ölkəmizdə qlobal pandemiyanın qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən zəruri qabaqlayıcı tədbirlər, o cümlədən dezinfeksiya işləri davam etdirilir.


Oxunma sayı: 3125

Oxşar yazılar