Viruslardan qorunmaq üçün spirt və spirt tərkibli təmizləyicilərin ələ vurulması haram deyil: Ayələr və hədislərlə - Azər Hüseynov yazır

  • 13:35 - 29 Mart

Bəşəriyyət öz tarixi inkişafında bir çox sınaqlar, bəlalar, imtahanlardan keçib. Bunu bilmək üçün arxivlərdə itib-batmaq, kitab səhifələrini axtarmaq lazım deyil.  Tarixi həqiqət ondan ibarətdir ki, insanların üzləşdiyi bəlaların həcmi geniş areal aldığı zamanlar bəşəriyyətin mənəvi çöküş dövrləri ilə üst-üstə düşüb. Xüsusi ilə də xəstəliklər! 

Yəqin ki, AİDS-i hamı bilir. AİDS-dən çox yazırlar. Ancaq bu xəstəliyin ilk dəfə iki homoseksualda aşkar edildiyi haqqında yazmaq və danışmaq "müasir trend"ə uyğun gəlmir. Bu haqda heç danışmırlar da... İndi də dünya böyük bir təhdid qarşısındadır. Mənşəyi məlum olmayan koronavirus epidemiyası hamını qorxuya salır. Maraqlıdır ki, belə bir zamanda ideal sayılan cəmiyyətlərdə tualet kağızı savaşı gedir. Biz bir-birinin əlindən makaron dartışdıran “şöörlər” və bir-birinin saçını yolan “misislər” görürük. 

Koronavirusa qarşı müsəlmanların dəstəmaz aldığı kimi, dəstəmaz almağı məsləhət görən baş nazirlər ekranlar qarşısına keçir. Belə bir ortamda ölkəmizdə təsssüf ki, bəziləri dezinfeksiya məqsədi ilə dindarların spirtdən istifadəsi ilə bağlı zarafatlar edir, istehzalar səsləndirirlər. 

İslam dininə görə, cismlər və əşyalar təyinatı üzrə faydalıdır! Rəbbimiz də bunun haqqında bizə bildirir: 

"(Ya Rəsulum!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: "Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür"! (Allah yolunda) nəyi paylamalı olduqlarını soruşanlara isə de: "Ehtiyacınızdan artıq qalanını (möhtaclara paylayın)!" Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz" ("Bəqərə" surəsi, ayə 219).

Dinimiz alkoqolun içilməsini qadağan edir. Hətta bəzi haramların zərurətdə istifadəsini də göstərir. Bizim dinimizə görə zərurətlər haramları insanların mənfəəti üçün müəyyən zaman kəsiklərində halal edər:

"De: “Mənə gələn vəhylər içərisində ölü heyvan, axar qan, murdar sayılan donuz əti və Allahdan başqasının adı ilə kəsilmiş murdar heyvanlardan başqa, hər hansı bir şəxsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm”. Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, (ona günah gəlməz). Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir" ("Bəqərə" surəsi, ayə 173). 

İslam alimlərinin spirtdən dezinfeksiya məqsədi ilə istifadə edilə bilməsinə dair verdikləri fətvalar da ortadadır. Sintetik spirtdən təmizləyici məhsullarda və ya təmizləyici kimi istifadə etmək də icazəlidir. Bu çərçivədə, məsələn, spirt, odekolon və s. təmizləmə məqsədi ilə istehsal olunan maye və alkoqol maddələrini içmək qadağan olsa da (bax: Buhari, Ədəp, 80; Müslim, Eşribe, 73), təmizlənmədə onlardan istifadə etmək icazəlidir. 

Bu təbiətdəki əşyalar dini nəcis sayılmadığı üçün namaz qılmadan əvvəl bu məhsulların tətbiq olunduğu yerləri yumaq lazım deyil (Kâsani, Bedâî ', V, 115; Elmalılı, Hak Din, II, 763-764). Az və ya çox sərxoşluğa səbəb olan şeylərin özlüyündə nəcis olduğuna dair heç bir dəlil yoxdur. 

Əbu Hənifə və Əbu Yusufun fikirlərinə görə bunlar nəcis deyildir. Sərxoşluq üçün içmək qadağandır, lakin paltar və ya namaz yerində tökülərsə, namazın etibarlılığına təsir göstərmir. 

Dövrümüzün böyük alimlərindən olan Məhəmməd Həmdi Yazır bu məsələni belə ifadə edir: "Bunun bir maneə olacağını iddia etmək olmaz "(Haq Dini Quran Dili, I, 762-763). 

Və yekunda! Peyin ağacların dibinə vurulduqda xeyirdir! Amma ümid edirəm bu zehniyyət peyinin istifadəsinin yerində faydalı olduğunu unutmaz. Yoxsa, ondan gündəlik qida rasionlarında istifadəyə qədər gedərlər. Bizim qaydamız bəllidir, cism və əşyalar təyinatı üzrə faydalıdır və zərurətlər bəşəri mənfəətlərdən doğar. 

Azər Hüseynov 
Avropa.info 


Oxunma sayı: 41988

Oxşar yazılar