Koronavirus pandemiyası fonunda Qarabağda “seçkilər” – Paşinyanın namizədinin Rusiyaya girişinə qadağa qoyan sənəd yayıldı (Foto)

  • 10:41 - 29 Mart

Dünyada və o cümlədən Ermənistanda koronavirus epidemiyasının tüğyan etdiyi bir vaxtda işğal altında olan Azərbaycan ərazilərində qondarma “prezident və parlament seçkiləri” keçirilir.

Hələlik Xankəndindəki qondarma rejim Dağlıq Qarabağda “bir dənə də olsun koronavirusa yoluxma qeydə alınmadığını” bildirir və nəticədə martın 31-nə təyin edilmiş “seçkilərin” təxirə salınmasına dair çağırışları yaxına buraxmır.

Hərçənd sosial şəbəkələrdə yayılan məlumatlara görə işğal altındakı ərazilərdə bu virusa yoluxma halları baş verməkdədir və hətta işğalçı qüvvələrin sıralarında da yoluxma var. Hələlik isə Ermənistandan Dağlıq Qarabağa gediş-gəliş dayandırılıb. “Seçkilərin” əsas favoriti iə keçmiş səhra komandiri, Ermənistanın baş naziri Nikol Paşinyanla açıq münaqişədə olan general Vitali Balasanyandır. Rusiyanın bəzi dairələri də onu dəstəkləyir və xeyrinə təbliğat aparır.

Paşinyanın özünün favoriti isə qondarma “dqr xarici işlər naziri” Masis Mailyandır. Ancaq onun populyarlığı aşağıdır və qalib gələcəyi şübhə doğurur. Üstəlik Mailyanın Rusiyaya girişinə qadağa qoyulduğu barədə xəbərlər yenidən aktuallaşıb. Bu haqda hələ martın 3-də Ermənistanda nəşr olunan “Qraparak” qəzeti yazmışdı. Bildirilirdi ki, Mailyanın Rusiyaya girişinə hansısa səbəblərdən, çox güman ki, siyasi səbəblərdən 5 illiyinə qadağa qoyulub.

İndi isə “Yerevan teleqülləsi” Telegram-kanalı bu barədə sənədin surətini dərc edib. Sənəddə göstərilir ki, Mailyanın Rusiyaya girişinə 2020-ci il martın 11-dən etibarən 5 il müddətinə qadağa qoyulur. Sənəddə Mailyanın Ermənistan tərəfindən verilmiş diplomatik pasportunun nömrəsi də göstərilir.

Daha sonra sənədin “qurama olduğu” iddia edilsə də məsələyə Rusiya səfirliyinin rəsmi münasibəti açıqlanmır. İstənilən halda bu sənəd və Mailyanın Rusiyaya girişinə qadağa qoyulması barədə mövzu Paşinyanın namizədinin Moskvadakı bəzi dairələr tərəfindən “arzuolunan” namizəd olmadığı haqda təxminlərə yol açır.

Virtualaz.org


Oxunma sayı: 4060

Oxşar yazılar