Bəy poeziyada "Qəribə Adam"dırsa ... - Məhərrəm Fərzəliyevin yazısı

  • 25 Mar - 2020

Nazim Muradov bəy! Rüstəm Behrudinin “Qəribə adam” şeirinin struktur-semantik özəllikləri adlı kitabınızı həm də bir hədiyyə olaraq sevə-sevə oxudum. Sizin istər şifahi, istərsə də yazılı nitqinizdəki özəlliklər düşüncənin, dil və qələmin vəhdətilə sözü informativ daşıyıcıdan çıxarıb ipək kimi ilmələndirib, incə naxışlarla sərgiləndirmək bacarığından irəli gəldiyini illərdən bəri bilirəm. 

Kitabı oxuduqca özümə yəqin olanı bir daha təsdiq etdim ki, hər hansı bir incəsənət əsərinə, təbiət və cəmiyyətdəki hadisələrə, ümumiyyətlə maddi-mənəvi varlıqlara baxış bucağı subyektin elmi-siyasi, mənəvi-psixoloji səviyyəsindən çox asılıdır. Bəzən yaradıcı insanlara və onların yaratdığı əsərlərə baxış şəxsi münasibətə görə və ya yaradıcının üslub-tərzinə vurğunluğundan irəli gəlir. Bəzən də söz, sənət adamının yaratdığı hər hansı bir əsər özünə və oxuyucuya sıradan biri kimi görünsə də, əsərin təhlili, ideya-məzmununun açılması, müqayisələndirmə, səciyyələndirmə, münasibət bildirmə elə səviyyədə təqdim edilir ki, nəinki adamlar, hətta müəllifin özünü belə heyrətə gətirən məqamlar ortaya çıxır. Çox zaman da olur ki, milli-mənəvi zəngilliklərlə dolu olan şəxsiyyətlər hər hansı bir əsərə, dəyərə münasibətində ondan həm də bir vasitə kimi istifadə edərək öz mənəvi duyğularını, düşüncə tərzini, siyasi əxlaqını- bir sözlə mövqeyini ortaya qoyur. 

Bu tendensiya özünü tərcümə ədəbiyyatında daha çox göstərir. Lakin özünə bənzəyən sufi-mistik, bir az da sentimental ruhlu Rüstəm Behrudinin “Qəribə adam” şeirinin struktur-semantikasına verdiyiniz yeni forma və biçim, ritm, ahəng, daxili bölgü və bütün bunları rahatca oxucunun qəlbinə hopdurmaq bacarığı ədəbi tənqiddə, publisistikada bir novatorluq kimi qiymətləndirilməlidir. Mən kitabı oxuduqca bunun fərqinə vardım, şeiri sizin açıqlamanıza uyğun olaraq incələdim və şerin portret-bilməcəyə daha çox bənzədiyini gördüm. Əslində Elçibəy  fenomeni, elə sözün özü kodlaşdırılmış bir sistemdir. Bu sözün etimologiyası, leksik mənası, qrammatik quruluşu, tərkibinin açılmasına, izahına böyük ehtiyac duyuram. Nə üçün Bəy məhz bu sözü özünə Tutum (mən təxəllüsə, nisbəyə belə deyirəm) götürüb. Əslində elə bu Tutum Bəyin daxili və xarici portretinin, elmi-siyasi, əxlaqi-psixoloji dəyərlərinin açılması üçün bir şifrədir. Bu sözdə dilimizin dəmir qanunu- ahəng qanunu, morfonoloji, fonetik hadisələri, vurğusu gözəl sərgilənib. El +çi bəy, El içi Bəy, Elçi Bəy, Elçi ər, Ər Elçi, Ər Bəy, Bəy Ər və s. 

Himnimiz oxunduğu zaman sözlər hecalandığı kimi Elçibəy sözü də tribun deyildikdə eyni ilə hecalanır. Nədənsə himnimiz səslənəndə Məmməd Əmin Rəsulzadənin, Bayrağımız dalğalananda Əli Bəy Hüseynzadənin, möhtəşəm üverturamız səslənəndə isə Əbülfəz Elçibəyin portretləri gözlərim önündə canlanır. Bəy poeziyada “Qəribə adam”dırsa, bəs musiqidə, rəssamlıqda, kinoda, heykəltaraşlıqda- bir sözlə, incəsənətin bütün sahələrində hansı obrazlarla simvollaşıb, hansı şifrələrlə açıla bilər? Bütün bunlar hələ ki, yox ikən təsəllimiz bəyin xalqın qəlbindəki heykəlləşmiş obrazıdır- “Təmiz ADAM” heykəlidir. Mənim üçün isə Elçibəy: ... Türk tarixi, coğrafiyası, milli-siyasi ideologiyası, təfəkkürünü quran Arifdir... Kölgəsini adlayıb keçən adamlar isə Arif olurlar. 

Böyük sevgi və hörmətlə: Məhərrəm müəllim Fərzəliyev  (Ordubad rayonu, Üstüpü kəndi) 
 


Oxunma sayı: 4764

Oxşar yazılar