Gecə saatlarında Bakının yollarında dezinfeksiya tədbirlər davam etdirilib - FOTO

  • 00:08 - 23 Mart

Gecə saatlarında da paytaxtda koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə ciddi təxirəsalınmaz işlər davam etdirilib.

APA xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi ayrılmış kommunal texnikalar vasitəsilə küçə və prospektlər dezinfeksiya olunub.

Dezinfeksiya tədbirləri axşam saat 21-00-dan başlayaraq 2 saat davam edib. Proses paytaxtın bir neçə rayonunda həyata keçirilib. Yalnız mərkəzi küçələr deyil, həm də Bakıətrafı qəsəbə və rayonlardan keçən prospektlər, yollarda qurumun texnikaları işləyib. 

Belə ki, Ziya Bünyadov prospektinin hər iki tərəfi xüsusi texnikalar vasitəsilə yuyulub. Axşam saatlarında prospektdə avtomobillərin nisbətən az olması iş üçün əlverişli şərait yaradıb. Prospektin metronun “20 Yanvar” stansiyası və Qələbə dairəsindən başlayaraq metronun “Koroğlu” stansiyasına qədər olan hissəsi  dezinfeksiya edilib.

Müvafiq tədbirlər paytaxtın Nizami və Xətai rayonlarından keçən Qara Qarayev prospektində də dava etdirilib. Prospektin hər iki istiqamətində yuyulma işləri həyata keçirilib.

Sözügedən, texnikalarda daşınan suyun tərkibinə xüsusi dərman preparatları və dezinfeksiyaedici məhlullar əlavə edilib. Sürücülərdən xahiş edilib ki, belə tədbirlər aparılan zaman diqqətli olsunlar. 

Qeyd edək ki, dezinfeksiya işləri gündəlik olaraq səhər saat 06:00-dan 08:00-dək, axşam saatlarında isə 21:00-dan 23:00-dək aparılır.  


Oxunma sayı: 8130

Oxşar yazılar