ÜST koronavirusla bağlı bunlara inanmamağa çağırır

  • 15:15 - 21 Mart

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (COVID-19) bağlı yayılan əfsanə, şayiə və yalan məlumatlarla bağlı ictimaiyyətə tövsiyələr verib.

Avropa.info  Ümumdünya Səhiyyə Təşkilatının  tövsiyələrini təqdim edir.

COVID-19 isti və rütubətli bölgələrdə də yayıla bilər

Əldə olan dəlillərə əsasən, COVID-19 isti və rütubətli havası olan regionlar daxil olmaqla, bütün bölgələrdə yayıla bilər.

ÜST məsləhət görür ki, virusun yayıldığı bölgədə yaşayır və ya ora səfər edirsinizsə, iqlimdən asılı olmayaraq qoruyucu tədbirlər həyata keçirin. 

 

 

COVID-19-dan qorunmağın ən yaxşı yolu əllərinizi tez-tez təmizləməkdir. Siz bunu edərək əllərinizdə ola biləcək virusu yox edir və göz, ağız və buruna toxunuşdan əmələ gələ biləcək infeksiyanın qarşısını kəsmiş olursunuz.

Soyuq hava və qar yeni koronavirusu məhv etmir

 

 

Soyuq havanın yeni koronavirus və ya başqa xəstəlikləri məhv etməsinə dair heç bir əsas yoxdur. İnsan bədəninin normal temperaturu xarici hərarət və havadan asılı olmayaraq 36,5 °C – 37 °C arası qalır. Yeni koronavirusdan qorunmağın ən yaxşı yolu mütəmadi olaraq əllərinizi spirtli salfetlə təmizləmək və ya sabun və su ilə yumaqdır.

İsti vanna qəbul etmək yeni koronavirus xəstəliyinin qarşısını almır

 


 

 

İsti vanna qəbul etməklə COVID-19-a yoluxmaqdan qaçmaq mümkün deyil. Çünki insanın bədəninizin normal temperaturu vanna və duşun temperaturundan asılı olmayaraq 36,5 °C – 37 °C arası qalır. Əslində, olduqca qaynar suda isti vanna qəbul etmək zərərli ola bilər, çünki nəticədə yanıq xəsarəti ala bilərsiniz. ÜST burada bir daha bəyan edir ki, koronavirusdan qorunmağın ən yaxşı yolu tez-tez əlləri təmizləməkdir. Siz bunu edərək əllərinizdə ola biləcək virusu yox edir və göz, ağız və buruna toxunuşdan əmələ gələ biləcək infeksiyanın qarşısını kəsmiş olursunuz.

Yeni koronavirus ağcaqanadın sancması ilə yayıla bilməz

 


 

 

ÜST bəyan edir ki, yeni koronavirusun ağcaqanad vasitəsilə yayıla bilməsi barədə indiyədək nə məlumat, nə də dəlil var. Yeni koronavirus əsasən yoluxmuş şəxsin öskürək və asqırağı və ya tüpürcək ya da burun axıntısı nəticəsində əmələ gələn damcılar ilə yaranan respirator virusdur. Özünüzü qorunmağın ən yaxşı yolu mütəmadi olaraq əllərinizi spirtli salfetlə təmizləmək və ya sabun və su ilə yumaqdır. Bundan başqa, tez-tez öskürən və asqıran şəxslərlə təmasdan qaçın.

Əl quruducuları koronavirusun məhv edilməsində effektivdirmi?

 

 

Xeyr. Əl quruducuları virusu yox etmək üçün effektiv deyillər. ÜST tövsiyələrində təkrar xatırladır ki, özünüzü yeni koronavirusdan qorumaq üçün mütəmadi olaraq əllərinizi spirtli salfetlə təmizləməli və ya sabun və su ilə yumalısınız. Əllərinizi incədən-incəyə yuduqdan sonra siz onları kağız dəsmal və ya isti havalı quruducu vasitəsilə yaxşıca qurutmalısınız.

ÜST ultrabənövşəyi dezinfeksiya lampası ilə bağlı xəbərdarlıq edir

 

 

ÜST hamının diqqətinə çatdırır ki, ultrabənövşəyi lampa əllərin və ya dərinin başqa nahiyələrinin sterilləşməsi məqsədilə istifadə edilməməlidir, çünki ultrabənövşəyi şüa dərinin qıcıqlanmasına yol aça bilər.

Termoskanerlər effektivdir, amma...

 


 

 

Təşkilat bəyan edir ki, termoskanerlər yeni koronavirusun səbəb olduğu qızdırması olan insanların aşkarlanmasında effektivdirlər.

Ancaq bununla belə, onlar qızdırması olmayıb, amma koronavirusa yoluxmuş şəxsləri aşkarlaya bilmirlər. Buna səbəb yoluxmuş şəxslərin xəstələnəndən yalnız 2-10 gün arası müddətdən sonra hərarətləri yüksəlir.

Bütün bədənə spirt və ya xlor çiləməklə yeni koronavirusu yox etmək olarmı?

 

 

Xeyr. Artıq bədənə girmiş virusu spirt və ya xloru bədənə vurmaqla məhv etmək mümkün olmayacaq. Bu cür maddələr həm paltar, həm də selikli qişalar (yəni göz, ağız) üçün zərərli ola bilər. Unutmayın ki, istər spirt, istərsə də xlor səthi təmizlik üçün yararlıdır, ancaq onları yalnız müvafiq tövsiyələrə uyğun olaraq istifadə etmək lazımdır.

Pnevmoniyaya qarşı vaksinlər yeni koronavirusdan qorumur

 


 

 

Xeyr. Pnevmoniyaya (məs., pnevmokok və B tipli hemofil infeksiya) qarşı olan vaksinlər yeni koronavirusdan qorumur.

Virus o qədər yeni və qeyri-adidir ki, onun üçün xüsusi vaksina gərək var. Tədqiqatçılar yeni koronavirusa vaksin hazırlamağa çalışırlar və bu məsələdə ÜST onları dəstəkləyir.

Adı çəkilən vaksinlər yeni koronavirusa qarşı effektiv olmasa da, respirator xəstəliklərə qarşı vaksinasiya sizin sağlamlığınız üçün təkidlə tövsiyə edilir.

Burnu duzlu məhlul ilə yaxalamaq yeni koronavirusa yoluxmağın qarşısını ala bilərmi?

 


 

 

Xeyr. Burnun mütəmadi olaraq duzlu məhlulla yaxalanması ilə insanların yeni koronavirusdan qorunacağına dair sübut yoxdur.

Sadəcə, burnun mütəmadi olaraq duzlu məhlulla yaxalanması insanları soyuqdəymədən daha tez sağalda bilməsi barədə məhdud dəlillər mövcuddur. Bununla belə, burnun mütəmadi olaraq yaxalanması respirator infeksiyaların qarşısını almır.

ÜST sarımsağın koronavirusdan qoruması məsələsinə aydınlıq gətirir

 


 

 

Sarımsaq – bəzi mikroblara qarşı xüsusiyyətlərə malik sağlam qidadır. Buna baxmayaraq, sarımsaq qəbul etməklə insanların yeni koronavirusdan qorunacağına dair heç bir sübut yoxdur.

Yeni koronavirus yaşlılarla yanaşı, daha gənc insanlara da təsir edirmi?

 


 

 

Bütün yaş qrupuna aid insanlar yeni koronavirusa yoluxa bilər. Yaşlılar və daha öncə başqa xəstəliyi olan insanlar yoluxmaya daha meyillidirlər.

ÜST bütün insanları virusdan qorunmaq üçün tədbirlər görməyə, məsələn, əl və nəfəs gigiyenasına riayət etməyə çağırır.

Antibiotiklərin yeni koronavirusun profilaktikası və müalicəsində effektivliyi 

 


 

 

Xeyr, antibiotiklər viruslara deyil, yalnız bakteriyalara qarşı yararlıdır.

COVID-19 bir virusdur və buna görə də antibiotiklər profilaktika və müalicə məqsədilə istifadə edilməməlidir.

Ancaq əgər siz koronavirusla əlaqədar xəstəxanaya yerləşdirilibsinizsə, siz antibiotik qəbul edə bilərsiniz, çünki bakterial koinfeksiya (eyni anda yoluxma) ehtimalı mövcuddur.

Yeni koronavirusun profilaktikası və ya müalicəsinin dərmanları varmı?

 


 

 

ÜST bəyan edir ki, yeni koronavirusun profilaktikası və ya müalicəsi üçün hələlik xüsusi dərman yoxdur.

Bununla belə, virus daşıyıcıları simptomların yüngülləşməsi və müalicəsi üçün müvafiq yardımlar almalıdırlar. Ağır xəstəliyə malik insanlar isə optimallaşdırılmış dəstəkləyici terapiya almalıdırlar. Xəstəliyin müalicə metodları hələlik araşdırılır və klinik təcrübə əsasında sınanacaqlar. ÜST elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin aparılmasında dəstək olur.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 186 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 278 566-a çatıb. Bunların 92 906 nəfəri sağalıb, 11 554 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 


Oxunma sayı: 4489

Oxşar yazılar