Slovakiyada parlament seçkiləri keçirilir

  • 14:42 - 29 Fevral

Bu gün Slovakiyada Milli Şuraya (Parlament) növbəti seçkilər keçirilir. 

Avropa.info xəbər verir ki, bu seçkilər ölkənin siyasi həyatında kəskin dəyişiklərə səbəb ola bilər. 

Seçkiqabağı sorğular əsasında ənənəvi partiyaların bu dəfə məğlub olacağını, populist və sağçı-radikal siyasi qüvvələrin qələbə qazanacağı proqnozlaşdırılır. Təxminən on beş il müddətində ölkənin siyasi həyatında aparıcı siyasi qüvvə olan “Smer-SD” (“İstiqamət Sosial Demokratiyadır”) artıq iki ildir ki, əvvəlki nüfuzunu bərpa edə bilmir və müxalifət sıralarına keçmə ehtimalı yüksəkdir. Partiyanın nüfuzdan düşməsinin əsasında isə iki il əvvəl araşdırmaçı jurnalist Yan Kuçiakın qətlinin sifarişçilərinin bu siyasi qurumun rəhbərliyi ilə yaxın əlaqələrə malik olması ilə bağlı fərziyyələr dayanır. 

Ümumilikdə 4,5 milyon seçicinin iştirak etdiyi parlament seçkilərində 24 siyasi qüvvə parlamentdə mandat qazanmaq uğrunda mübarizə aparır. Onların əksəriyyəti beş faizlik həddi keçmək şansına malik olmasa da, əksər liberal və sağçı-radikal partiyalar bu səddi rahatlıqla aşmaq gücündədir. 

Parlament seçkilərinin ilkin nəticələri yerli vaxtla saat 22:00-da elan olunacaq.


Oxunma sayı: 3686

Oxşar yazılar