İran parlamentinin yeni seçilən deputatı koronavirusdan öldü – Müharibə veteranı idi, 14 min səs almışdı...

  • 13:37 - 29 Fevral

İranın Gilan vilayətində 21 fevralda 11-ci parlament seçkilərində deputat seçilən Məhəmməd Əli Ramazani Dəstək dünyasını dəyişib.

“Mehr” agentliyi xəbər verir ki, İranın şimalındakı Astane Əşrəfiyyə şəhərindən bir neçə gün əvvəl keçirilmiş parlament seçkilərində deputat seçilmiş Məhəmməd Əli Ramazani 14 minə yaxın səs qazanmışdı. O, İran-İraq müharibəsinin veteranı olub və bir neçə gündür koronavirusa qarşı xəstəxanada mübarizə aparırdı.

Xatırladaq ki, bundan əvvəl İranın Vatikandakı keçmiş səfiri koronavirusdan ölmüşdü. İran parlamentinin azı 4 deputatı, ölkənin səhiyyə nazirinin müavini və vitse-prezidenti də bu virusa yoluxublar.

 

İran parlamenti koronavirus epidemiyası ilə əlaqədar fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Parlament deputatlarının hamısı koronavirusa görə müayinə olunub. 290 parlament üzvünün 30-nun müayinəsinin nəticəsi açıqlanıb. Onların dördündə koronavirus aşkarlanıb, qalan üzvlərin də ardıcıl olaraq müayinəsinin nəticəsi açıqlanacaq.

İranda sayca 11-ci parlament seçkiləri 21 fevralda keçirilib. Parlament seçkilərində mühafizəkarlar qalib gəliblər. Seçkilərdə seçici fəallığı 42,5% olub.

İranda koronavirusdan ölənlərin sayının rəsmən 34 olduğu açıqlansa da əslində  bu rəqəmin azı 210 olduğu bildirilir.

Virtualaz.org


Oxunma sayı: 6469

Oxşar yazılar