Avropa Komissiyası: Azərbaycan qazının Avropa üçün 20 mlrd. kubmetrə qədər artırılması razılaşdırılıb

  • 20:33 - 28 Fevral

"Azərbaycanın perspektiv yataqları imkan verir ki, Cənub Qaz Dəhlizi layihəsi genişləndirilsin".

Bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclasından sonra mətbuat konfransında Avropa Komissiyasının Enerji Direktorluğunun Baş direktorunun müavini Klaus-Dieter Borchardt qeyd edib.

"Bu günkü iclasda olduqca məhsuldar müzakirələr aparıldı. Müzakirələrdən biri də Cənub Qaz Dəhlizi layihəsinin gələcəyi ilə bağlı idi. Bu layihənin genişləndirilməsi imkanları müzakirə olundu. Hazırda Azərbaycanın çox perspektivli hesab edilən sahələrdə kəşfiyyat aparılmaqdadır. Buna görə də Cənub Qaz Dəhlizinin genişləndirilməsinə imkan var", - o bildirib.

O qeyd edib ki, Avropada Azərbaycan qazının nəql olunacağı əsas istiqamətlər Cənub-Şərqi Avropa və Qərbi Balkan ölkələri nəzərdə tutulur.

Avropa Komissiyasının rəsmisi əlavə edib ki, bir sıra ölkələrdə kömürdən asılılğı sıfıra endirmək və təbii qaza keçid nəzərdə tutulur: "Hazırda Avropa üçün nəzərdə tutulan həcmlər 10 mlrd. kubmetr təşkil edir. Bu həcmlərin 20 mlrd. kubmetrə qədər artırılması razılaşdırılıb".

"Deyə bilərəm ki, Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsi üçün işlər uğurla həyata keçirildi. Bu layihədə bir çox ölkələr birləşdi. Biz artıq Xəzər dənizdən Gürcüstan,Türkiyə vasitəsilə Avropaya yeni dəhlizin açılmasının yekunlaşmaq üzrə olduğunun şahidi oluruq. Əminəm ki, 2020-ci ilin sonuna Cənub Qaz Dəhlizi layihəsinin icrası uğurla yekunlaşacaq. Bu həm ixracatçı ölkə olan Azərbaycan, həm idxalatçı ölkələr, həm də Avropa İttifaqı üçün xoş xəbərdir.

Avropa İttifaqı üçün ona görə xoş xəbərdir ki, bu qazdan Avropa ölkələri yararlanacaq. Biz marşrutların və mənbələrin şaxələndirilməsində çox maraqlıyıq".


Oxunma sayı: 6370

Oxşar yazılar