Putin Türkiyə ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirdi – Peskovdan ilk açıqlama

  • 17:53 - 28 Fevral

Dünən gecə İdlibdə 33 Türkiyə hərbçisinin Əsəd rejimi tərəfindən öldürülməsi ilə bağlı bu gün Rusiya Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasdan sonra Kremlin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlama verib. 

Avropa.info xəbər verir ki, Peskov Türkiyə hərbçilərinin İdlibdə sadəcə müşahidə postlarının xaricində yerləşən ərazilərdə həyatını itirdiyini və hadisənin terrorçuların hücumu zamanı baş verdiyini deyib:

“Türkiyə hərbçilərinin heç biri müşahidə postları ərazisində həyatını itirməyib. Bu postlarda qərarlaşan hərbçilər nə yaralanıb, nə də hər hansı təhlükə ilə üzə-üzə qalıb. Türkiyə hərbçilərinin öldürüldüyü faciəvi hadisələr post-sovet ölkələrinin vətəndaşları da daxil olmaqla, xeyli sayda muzdlu əcnəbi hərbçinin daxil olduğu terror qruplarının hücuma keçdiyi yerlərdə baş verdi. Çoxsaylı tələblərimizə baxmayaraq, Türkiyə tərəfi türk hərbçilərinin orada olduğunu bizə bildirmədi”.

O, Suriya ordusunun terror qruplarına qarşı apardığı əməliyyatlar zamanı Rusiya tərəfinin haqqında bəhs edilən müşahidə postlarında yerləşən Türkiyə hərbçilərinin təhlükəsizliyinin təmin olunması üçün mümkün olan hər şeyi etdiklərini qeyd edib.

“Əldə olunan müqavilələrə müvafiq olaraq və Rusiya tərəfinin israrlı tələbləri nəticəsində İdlibin atəşkəs zonasında türk hərbçilərinə məxsus müşahidə postları inşa edildi. Türkiyə hərbçilərinin öhdəliklərinə; silahlıların fəaliyyətinə nəzarət etmək, onların terror fəaliyyətinin qarşısını almaq və Rusiya hərbi bazalarına hücumunun qarşısını almaq daxil idi. Türk həmkarlar bu vəzifəni yerinə yetirə bilmədi, belə ki, silahlı qrupların bir hissəsi onların nəzarəti altındadır.

Rusiya Suriya-Türkiyə sərhədi boyunca Türkiyənin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görmüşdü. Ancaq Rusiya tərəfinin səyləri nəticəsində formalaşdırılan təhlükəsizlik zonasının dərinliyi Adana müqaviləsində göstərilən 5 kilometrlik xətti əsaslı şəkildə aşır və de-fakto 30 km-i keçir.

Təhlükəsizlik Şurasının üzvləri Türkiyə hökumətinin Türkiyədəki rus diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmini üçün lazımi bütün tədbirləri görəcəyinə ümid bəsləyir”.

Qeyd edək ki, Rusiya prezidenti Putinin rəhbərliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu da daxil olmaqla yüksəkvəzifəli rəsmi şəxslər iştirak ediblər.


Oxunma sayı: 13091

Oxşar yazılar