Səudiyyə Ərəbistanı səfiri ümrə ziyarətinin təxirə salınmasından danışdı: "Bu halda ölkəyə girişə icazə verilir" – Eksklüziv

  • 15:28 - 28 Fevral

“Xarici İşlər Nazirliyi bildirir ki, Səudiyyə Ərəbistanının müvafiq səhiyyə orqanlarının, yeni koronovirusun (COVID-19) yayılması ilə əlaqədar son hadisələri yaxından izləyir”. 

Bu sözləri Avropa.info-ya Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr deyib.

Səfirin sözlərinə görə, nazirlik qeyd edir ki, virusun yayılmasının qarşısını almaq, nəzarət altına alıb, Allahın köməyi ilə məhv etmək üçün müvafiq səhiyyə orqanları vasitəsi ilə, beynəlxalq standartları tətbiq etməklə, ölkələrin və beynəlxalq təşkilatların, xüsusən də Ümumdünya Səhiyyə Təşkilatının səylərini dəstəkləyir: 

“Bu səylərin davamı olaraq, Krallığın vətəndaşları və sakinləri, eləcə də ümrə və Peyğəmbər məscidinin ziyarətləri və ya turizm məqsədi ilə Krallığın ərazisinə gəlmək istəyənlər üçün ən yüksək dərəcədə təhlükəsizliyi təmin etmək məqsədi ilə müvafiq səhiyyə qurumlarının tövsiyəsinə uyğun olaraq ən yüksək ehtiyat standartlarının tətbiqi və koronovirusun (COVID-19) Krallığa çatması və yayılmasının qarşısını almaq üçün qabaqlayıcı qorunma tədbirləri görmək üçün Krallıq Hökuməti aşağıda sadalanan ehtiyat tədbirlərini görməyi qərara alır: 

- Ümrə və şərafətli Peyğəmbər məscidini ziyarət etmək üçün Krallığa giriş müvəqqəti olaraq dayandırılır. 

- Səudiyyə Ərəbistanı səhiyyə orqanlarının müəyyən etdiyi meyarlara uyğun olaraq koronavirusun təhlükəli səviyyədə yayıldığı ölkələrdən turist vizası ilə Krallığa giriş müvəqqəti olaraq dayandırılır. 

-Səudiyyə ərəbistanı və Ərəb Körfəzi Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələrin vətəndaşlarına Krallığa gediş-gəliş üçün milli şəxsiyyət vəsiqələrinin (pasportların əvəzinə) istifadəsi dayandırılır. Milli şəxsiyyət vəsiqələrindən istifadə edərək, Səudiyyə Ərəbistanını tərk edən Səudiyyə Ərəbistanı vətəndaşları və ya milli şəxsiyyət vəsiqələri ilə daxil olduqdan sonra Səudiyyə Ərəbistanından geri dönmək istəyən Əməkdaşlıq Şurasına üzv ölkələrin vətəndaşları üçün istisnalara icazə verilir”. 

Səfirin sözlərinə görə, Səudiyyə Ərəbistanı bu tədbirlərin müvəqqəti olduğunu və müvafiq orqanlar tərəfindən davamlı qiymətləndirmə aparıldığını vurğulayır: 

“Səudiyyə Ərəbistanı, bu virusun yayılmasını məhdudlaşdırmaq üçün bütün beynəlxalq tədbirlərə dəstəyini bir daha ifadə edir. 

Xarici İşlər Nazirliyi vətəndaşları koronavirusun yayıldığı ölkələrə getməməyə çağırır. Uca Allahdan bizi və bütün bəşəriyyəti hər cür zərərlərdən uzaq etməsini diləyirik. Allaha şükürlər olsun ki, Səudiyyə Ərəbistanı Krallığı koronavirusa yoluxma halı qeydə almamışdır. Ancaq o, ümrə ziyarətçiləri və adi müsafirlərin səhhətinin qorunması üçün və xəstəliyin onlara keçməməsini təmin etmək üçün öz üzərində məsuliyyət hiss edir. 

Ümrə vizalarının verilməsinin dayandırılması ilə bağlı qərarın əsas məqsədi, virusa yoluxanların müqəddəs ərazilərə daxil olmalarının qarşısını almaqdır ki, epidemiya yayılmasın”. 

Səfir bildirib ki, Səudiyyə Ərəbistanının hökumət qurumlarının bu qərarı, Allah qonaqlarının sağlamlığının qorunması üçün daşıdıqları məsuliyyətdən doğur və onları hər hansı zərərdən qorumağı hədəfləyir: “Bu qərara, hadisələrin inkişafı fonunda və beynəlxalq səhiyyə hesabatlarına əsasən, daim yenidən baxılır. 

Bundan əvvəl də Krallıq epidemiyanın vüsət aldığı bəzi ölkələrdən həcc zəvvarlarının gəlişini dayandırmışdır ki, Allahın Müqəddəs Evini ziyarət edənlərin və bütün müsəlman dövlətlərdən gələnlərin sağlamlığını qorusun. Bəzi dövlətlər özlərində virusa yoluxma halları aşkar etdiklərindən, artıq indidən öz vətəndaşlarının gələn həcc mərasiminə qatılmalarının qadağan edilməsi məsələsini araşdırır. Onlar dərk edir ki, virusun bəşər cəmiyyətinə yayılması təhlükəsini önləmək üçün, bu yolla xəstəliyin qarşısı alınmalıdır. 

Koronovirusun ölkəyə nüfuz etməsinin qarşısını almaq üçün, Krallıq virusun yayıldığı bəzi dövlətlərdən ölkəyə girişi dayandırmışdır. 

Qeyd edək ki, Misirin paytaxtı Qahirədə fəaliyyət göstərən Əzhər universitetinin fətva şurası da Səudiyyə Ərəbistanı tərəfindən atılan bu addımın İslam şəriətinə tam uyğun olduğunu təsdiq edən bəyanat yayıb. Bəyanatda müsəlmanların yoluxucu xəstəliklərdən əziyyət çəkməmələri məqsədilə Məhəmməd Peyğəmbər (S.Ə.S) tərəfindən də o dönəmdə anoloji addımların atıldığı bildirilir”.

Vüsal Əliyev
Avropa.info


Oxunma sayı: 13597

Oxşar yazılar