“Bir neçə dəqiqəyə Ermənistanın qapısından o qədər avtoqol buraxdı...” - Münhendə Qarabağ debatı, Yerevandan reaksiya

  • 16 Fev - 2020

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ötən gün axşam Almaniyanın Münhen şəhərində, beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində baş tutmuş açıq debata ilk reaksiyalar eşidilməkdədir. Xatırladaq ki, bu Azərbaycan və Ermənistan liderləri arasında baş tutmuş ilk açıq debat idi.

Ermənistanın müxalif Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov Paşinyanın bu debatdakı çıxışına reaksiya verərək onun “bir neçə dəqiqə ərzində Ermənistanın və Qarabağın qapısına avtoqollar buraxdığını” bildirib.

“Paşinyan-Əliyev debatına baxdınız? Bir neçə dəqiqə ərzində Ermənistanın və Qarabağın qapısından o qədər avtoqol buraxdı”,-Şarmazanov özünün Facebook səhifəsində yazıb.

 

Onun fikrincə, Paşinyan deməliydi ki, erməni tərəfi münaqişənin mərhələli həllinə qarşıdır və Qarabağ “heç vaxt Azərbaycanın tərkibində olmayacaq”.

Virtualaz.org xəbər verir ki, Serj Sərkisyanın partiyasının nümayəndəsi habelə Paşinyanın ingilisdə pis danışmasından da gileylənib. Onun fikrincə, baş nazir erməni dilində danışsa daha yaxşı olardı.

“Və daha biri: Böyük Tiqran haqda danışmazdan qabaq Bospor çarlığını, Roma imperiyasını yada sal. Bəlkə sən tarix haqda danışmayasan, “brat”?”-Şarmazanov yazıb.

O fikrini belə yekunlaşdırıb ki, Münhen konfransında populizm işə yaramadı.

Rusiyanın nüfuzlu “Kommersant” qəzeti də Münhendəki Qarabağ debatına geniş məqalə həsr edib. Qəzet yazır ki, İlham Əliyevlə Nikol Paşinyanın bir səhnədə görünməsi nadir hadisə idi. Amma debat başlayan kimi aydın oldu ki, bundan çox şey gözləməyə dəyməz. Çünki tərəflər öz mövqelərində israr etdilər və  debat qarşılıqlı ittihamlar şəraitində keçdi.

“Aparıcı Selesta Uollander tərəflərə öz mövqelərini ifadə etmək üçün bərabər imkanlar yaratmağa çalışdı, amma onlardan hər biri digərinin bəyanatını təkzib etməyi və son sözü özün də saxlamağı zəruri saydı. Nəticədə diskussiya sparrinqə çevrildi-opponentlər bir-birini faktların təhrif edilməsində, kompromislərə hazır olmamaqda, beynəlxalq hüququ pozmaqda və təcavüzə haqq qazandırmaqda günahlandırdı. Üstəlik onlar ingilis dilində danışdılar, hansı ki, Azərbaycan prezidenti bu dildə erməni baş nazirindən açıq-aydın yaxşı danışırdı”,-qəzet yazır.


Oxunma sayı: 3532

Oxşar yazılar