Suriyalıların ümid qapısı - Türkiyə

  • 16:10 - 15 Fevral

Suriya ərazisində baş verən qarşıdurmaların, terror təşkilatlarının fəaliyyətinin həmsərhəd ölkə olan Türkiyə üçün böyük çətinliklər yaratdığı hər kəsə bəllidir. Bu çətinliklərin başında suriyalıların Türkiyə ərazisinə kütləvi köçü dayanır.

Avropa.info azərtac-a istinadən xəbər verir ki, suriyalıların ölkələrindən köçməsini, daha doğrusu, sürgün edilməsini XXI əsrin miqrasiya faciəsi adlandırmaq olar. 2011-ci ildən etibarən Suriya ərazisində bombardmanların başlaması bu köçün təməlini qoyub.

Ümumiyyətlə, köç bir insanın doğulduğu torpaqları, evini, yurd-yuvasını qoyaraq başqa yerə getməsidir ki, bu, heç də asan deyil. İnsanları buna məcbur edən şəraitdir, düşdükləri acınacaqlı vəziyyətdir. Bunların da demək olar əksəriyyətinin əsasını müharibələr təşkil edir.

Suriyalıların böyük əksəriyyəti ölkədə hökm sürən müharibə şəraitindən qaçaraq Türkiyəyə sığınır. Onların istiqamət olaraq Türkiyəni seçmələrinin əsas səbəbləri siyasi, dini və coğrafi amillərlə bağlıdır. Lakin öz ərazisində bu qədər insanı yerləşdirmək və ən başlıcası, nəzarətdə saxlamaq Türkiyə tərəfi üçün heç də asan başa gəlmir. Belə ki, hazırda Türkiyəyə köçən suriyalıların sayı Avropadakılara nisbətən daha çoxdur. Öz vətənindən didərgin düşərək başqa ölkəyə köçən insanların əsas problemləri məskunlaşma və dil ilə bağlı olur.

Hazırda suriyalıların Türkiyədə yerləşdirilməsi problemi qismən də olsa, öz həllini tapıb.

Bəzi hesablamalara görə, Suriya köçkünlərinin sayı 13 milyonu keçib. Bu insanların yarısı ölkə sərhədləri daxilində, altı milyondan çoxu isə ölkə xaricdədir. Son məlumatlara görə, Türkiyədə olan suriyalıların sayı 3 milyon 571 min 175 nəfərdir və bu rəqəm artmaqda davam edir. Onlar arasında 1 milyon 652 min 377 nəfər yetkinlik yaşına çatmayan uşaqlardır. Miqrantların 98,23 faizi Türkiyənin müxtəlif şəhərlərində məskunlaşıb.

Türkiyənin Köç İdarəsi tərəfindən verilən son məlumata görə, ölkə ərazisində istifadəyə verilmiş müvəqqəti yaşayış məntəqələrində 63 min 452 suriyalı var. Bu rəqəm ötən ilin dekabr ayında 62 min 420 nəfər təşkil edib. Türkiyəyə köçən suriyalıların yalnız 1,77 faizi çadırlarda yaşayır. Onu da qeyd edək ki, başda İstanbul olmaqla, Türkiyənin bir neçə böyük şəhərində suriyalıların qeydiyyata götürülməsi işləri dayandırılıb. Ötən il iyulun 22-dən başladılan köçürülmə işləri çərçivəsində çox sayda suriyalı ölkənin Daxili İşlər Nazirliyi tərəfindən əvvəlcədən qeydiyyatda olduğu bölgəyə göndərilib.

Suriyadan Türkiyəyə gələnlərin rastlaşdıqları ən böyük problemlərdən biri də türk dilini bilməmələridir. Bu, xüsusilə məktəb yaşlı uşaqların təhsillərini davam etdirməsi baxımından çox vacib məqamdır. Statistik rəqəmlərə baxdıqda, dünyada uşaqların 84 faizi orta təhsil alır. Lakin köçkün uşaqlarda bu rəqəm 23 faizədək enə bilir. Ali təhsil məsələlərinə gəldikdə isə bu faiz əhəmiyyətli dərəcədə aşağıdır. Bu baxımdan suriyalı uşaqların təhsili Türkiyə tərəfini narahat edən ən vacib məsələlərdən biridir. Başda Türkiyənin Təhsil Nazirliyi olmaqla dövlət qurumları və QHT-lər tərəfindən bu istiqamətdə bir çox işlər görülüb və görülməkdə davam edir. Bunun nəticəsi olaraq hazırda Türkiyədə məskunlaşmış suriyalı uşaqların 98 faizi ibtidai təhsilə başlayıb. Orta təhsilin davam etdirilməsi məqsədilə ölkədə müvəqqəti tədris mərkəzləri yaradılıb. Bu mərkəzlərdə xüsusi hazırlanmış türk və suriyalı müəllimlər fəaliyyət göstərirlər. Bundan əlavə, mərkəzlərdə uşaqlara psixoloji dəstək də göstərilir.

Mütəxəssislərin fikrincə, dünyadakı siyasi böhranlar, müharibələr və köçlər kişilərə nisbətən qadınlarda daha çox psixoloji problemlərin yaranmasına səbəb olur. Bu problemlərdən ən çox əziyyət çəkənlər isə yetkinlik yaşına çatmayan qızlardır. Bunu Türkiyədə təhsil alan qız uşaqlarının timsalında da görmək mümkündür. Belə ki, Türkiyədə yaradılmış müvəqqəti tədris mərkəzlərində aparılan sorğuların nəticəsində qızların orta təhsildən imtina etdikləri, ali təhsil haqqında isə ümumiyyətlə düşünmədikləri müəyyən olunub.

Hazırda suriyalıların ölkələrindən kütləvi köçü davam edir. İnsanlar münaqişələrin baş verdiyi bölgələrdən nisbətən sakit yerlərə və xüsusilə Türkiyə sərhədi yaxınlığına köçürlər. Ötən ilin son göstəricilərinə əsasən, Türkiyə sərhədinə yaxın bölgələrə bir milyondan çox suriyalı məskunlaşıb.


Oxunma sayı: 10792

Oxşar yazılar