“Sərhədsiz reportyorlar”: Ermənistanda KİV-ləri susdururlar

  • 14 Fev - 2020

“Sərhədsiz reportyorlar” (RSF) beynəlxalq hüquq müdafiə təşkilatı Ermənistanda jurnalistlərə qarşı təzyiqlərin artmasından narahatlıq ifadə edib.

“Report” təşkilatın saytına istinadən xəbər verir ki, sözügedən ölkədə jurnalistlərə qarşı təhqirə görə məhkəmə iddiaları tətbiq olunur, mənbə sirrini qorumaq haqlarına hücumlar olur.

Məsələn, "1in.az" saytının əməkdaşı Sona Harutunyan “Facebook”dakı səhifəsində "News.am" saytının keçmiş prezident Robert Koçaryana məxsus olması fikrini paylaşdığı üçün adıçəkilən sayt tərəfindən məhkəməyə verilib. Apellyasiya məhkəməsi isə qətnaməsində jurnalistin “mənbədən iqtibas gətirməsi”nin, “faktları yoxlaması”nın vacibliyini irəli sürüb, halbuki o, fərdi şəxs kimi öz fikirlərini paylaşmışdı. Nəticədə S.Harutunyan yanvarın 31-də “Facebook”da təkzib yerləşdirməli oldu.

Həmçinin jurnalistlərin dərc etdikləri yazılarla bağlı dindirmələri də geniş vüsət alıb. Halbuki mövcud “KİV haqqında qanun”un 5-ci maddəsində jurnalistlərin mənbə sirri hüququ təsbit olunur.

“Ermənistanda KİV-lərə qarşı məhkəmə iddialarının artmasından narahatıq. Məhkəmə sistemi KİV-ləri susdurmaq, onları özlərini müdafiə edərək taqətdən salmaq məqsədilə alçaldıcı məhkəmə proseslərinə rəvac vermək üçün müxtəlif fəndlərə əl atır. Medianın kriminallaşmasına yol verməmək üçün hökuməti mübahisələri həll etməkdə qeyri-məhkəmə vasitələrdən yararlanmağa çağırırıq”, - RSF-nin Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Janna Kavelye qeyd edib.

Ermənistan Ədliyyə Nazirliyinin məlumatına görə, ölkədə təhqir və iftira ilə bağlı məhkəmə iddialarının sayı 2016-cı ildəki 24-ə qarşı 2019-cu ildə 74 olub.


Oxunma sayı: 3488

Oxşar yazılar