Zaxarovadan skandal "Türk əsgərinin Suriyada vurulması normaldır" açıqlaması : Türkiyənin Suriyada varlığı hansı müqavilələrlə tənzimlənib?

  • 14 Fev - 2020

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü  Mariya Zaxarova İdliblə bağlı danışarkən Türkiyə haqqında skandal ifadələr işlədib. 

Avropa.info xəbər verir ki, Zaxarova İdlibdə Türkiyə ordusuna atəş açılması və türk əsgərlərinin şəhid edilməsinə haqq qazandırmağa cəhd edib. 

"Dəvət edilmədiyiniz bir ölkənin torpaqlarında sizə hücum edilməsi normaldır. Türkiyə dəvət edilmədiyi torpaqlardadır. Bu səbəbdən də türk əsgərlərinə edilən hücumlar normaldır" - Zaxarova açıqlamasında belə deyib. 

Siyasi müşahidəçilər isə Zaxarovanın bu açıqlamasının gülünc olduğu qənaətindədirlər. Bu günki Rusiyanın ərazisinin mütləq hissəsinin məhz qəsblər əsasında formalaşdığını tarix kitablarında oxumayan Zaxarova, görünür bir neçə il öncə Ukrayna torpağı olan Krımın işğal edilməsi faktını da unudub. Hansı ki, BMT Krımın qəsb edilməsini rəsmən işğal faktı olaraq tanıyıb. 

Yaxud da, Rusiya Liviyada dövlət çevrilişinə cəhd edən Haftəri dəstəkləmək üçün bu ölkəyə hərbi birliklər göndərib. Liviyanın legitim Sərrac hökuməti Rusiyanı bu ölkəyə dəvət etməyib. O zaman Rusiyanın nə işi var Liviyada? 

Türkiyənin Suriyada hərbi varlığına gəlincə isə, bu hüquqi sənədlərlə tənzimlənib. 

1. Türkiyə ilə Suriya arasında 1998-ci ildə imzalanmış Adana müqaviləsinə görə, rəsmi Ankara torpaqlarına təhdid olacağı təqdirdə Suriya ərazisinə hərbi müdaxilə edərək əməliyyat keçirə bilər. Adana müqaviləsi 1998-ci ildə ona görə imzalandı ki, Suriyadakı Əsəd rejimi PKK terror təşkilatının qurulmasının əsas iştirakçılarından biri idi. Hətta bir dönəm terrorçubaşı Abdullah Öcalan Bəşər Əsədin atası Hafiz Əsədin sarayında ən önəmli qonaq kimi qarşılanırdı. Türkiyənin kəskin etirazlarından sonra, Ankara 1998-ci ildə Hafiz Əsəd hökuməti ilə Adana müqaviləsini imzalamağa nail oldu. 

Bu gün Suriya torpaqlarının bir hissəsi Türkiyənin mübarizə apardığı PKK terror təşkilatının nəzarətindədir. Ankara məhz Adana sazişini əsas götürərək PKK-ya qarşı "Zeytun budağı" , "Barış Pınarı" əməliyyatlarını həyata keçirdi. Bundan başqa, 2015-ci ildə Suriya ərazisindən gələn  İŞİD və PKK terror təşkilatlarının Türkiyə ərazisində terror aktlarına törətmələrinə cavab olaraq "Fərat Qalxanı" əməliyyatı həyata keçirildi. Məhz bu əməliyyatlardan sonra, Suriya ərazisindən transfer olunan terror aktları demək olar ki bitdi. Bundan başqa Əsəd rejiminin özü də Türkiyə üçün bir təhdidə çevrilib. 2013-cü ildə Türkiyənin Reyhanlı vilayətində törədilən terror aktının Əsəd rejimi tərəfindən törədildiyi faktlarla üzə çıxarıldı. Son 2 həftədə isə Əsəd rejimi 13 türk əsgərini şəhid edib. Türkiyə buna artıqlaması ilə cavab verərək, 200-dən çox rejim silahlısını məhv edib. Türkiyə Suriyada atdığı addımları məhz beynəlxalq hüquqa uyğun olaraq, imzalanmış Adana müqaviləsi çərçivəsində həyata keçirir. Yeri gəlmişkən, bir neçə ay öncə məhz Rusiya prezidenti Vladimir Putin Türkiyənin Suriya ərazisindəki əməliyyatlarına haqq qazandırmış və Adana müqaviləsinə görə Ankaranın Suriyada əməliyyat keçirmə haqqının olduğunu bildirmişdi. 

2 . Türkiyə Suriyadakı müxalif qüvvələrin qarantyoru olan ölkə statusundadır. Türkiyə, Rusiya, İran, Əsəd rejimi və Suriya müxalifləri arasında imzalanmış Astana və Soçi müqavilələrinə görə, bu gün Əsəd rejimi, Rusiya və İranın birgə ələ keçirmək istədiyi İdlib bölgəsi təhlükəsiz bölgə elan olunub. Astana və Soçi müqavilələrinə görə, Türkiyənin İdlib bölgəsində hərbi varlığı tanınaraq müxaliflərin, Hələb və digər ərazilərdən zorla çıxarılan suriyalıların adı çəkilən bölgədə yaşamasına razılıq verilib. Astana və Soçi sazişlərinin əsas məqsədi Suriyada atəşkəsin elan olunması və Əsəd rejimi ilə müxaliflər arasında danışıqlara star vermək idi. Lakin, Əsəd rejimi, Rusiya və İran İdlibə hücum edərək imzaladıqları sazişləri pozdular. 

3 . Zaxarova Əsəd rejiminin Türkiyəni Suriyaya dəvət etmədiyini, Rusiyanı isə dəvət etdiyini deyir. Rusiyanı kim dəvət edib Suriyaya? Suriya xalqımı, yoxsa 400 mindən çox suriyalını acımasızca qətlə yetirən, BMT-nin hesabatlarına görə öz xalqına qarşı kimyəvi silahdan istifadə edən  tək bir adam, Bəşər Əsədmi? Zaxarova bir də suriyalılardan soruşsun, xalq Rusiya və İranı bu torpaqlarda istəyirmi? Yaxud, Rusiya nədən xaricindən gətirilən "Hizbullah", "Fatimiyun" , "Zeynəbiyun", "Bədir Briqadası", "Seyyid əş Şühəda" , "Həşdi Şəbi", "Kuteyb Seyyit Şüheda" və daha 10-la İran dəstəkli terror qruplaşmalarının varlığına göz yumur. Bu Bəşər Əsədə dəstək verən terror təşkilatlarını kim və hansı beynəlxalq hüquqa əsasən Suriyaya dəvət edib? Hansı ki, bu terror qrupları məhz suriyalıları qadın, uşaq, qoca demədən qətlə yetirib, Hələbdə qətliam törədib. 

4 . 18 milyonluq Suriya əhalisinin 13 milyonu məhz Əsəd rejimi, PKK və İŞİD zülmündən dədə-baba yurdlarından didərgin düşüb. Əsəd rejimi, İran və Rusiyanın hücumları nəticəsində 4 milyon suriyalı canını götürərək Türkiyəyə qaçıb. Eyni səbəblərdə 1 milyon suriyalı da Almaniyada qaçqın cadrlarında yaşayır. Suriyalıların 1 milyon 300 mini isə İordaniyaya sığınıb. Livanda isə 1 milyon 500 min suriyalı ağır şərtlər altında yaşamaq məcburiyyətindədir. Qaçqın düşən suriyalıların qalan hisəsi ABŞ-dan tutmuş, Afrika qitəsinin müxtəlif ölkələrində yaşayırlar. Türkiyənin nəzarət etdiyi, başda İdlib olmaqla Cerablus, Afrin, Əl-Bab kimi bölgələrdə isə 2 milyona qədər suriyalının yaşadığı məlumdur. Əsəd rejiminin nəzarətində olan bölgələrdə isə sadəcə 5 milyon suriyalı yaşayır ki, bunların da mütləq əksəriyyəti paytaxt Dəməşq istiqamətində məskunlaşıblar. 

Atəşkəsi və danışıqlar prosesini pozan Əsəd rejimi, İran və Rusiyanın İdlibə hücumları Türkiyəni əlavə 2 milyon qaçqın böhranı ilə üz-üzə qoya bilər ki, rəsmi Ankara bu yükü qəbul etməyəcəyini və suriyalıların dədə-baba yurdlarından qovulmasına  əsla razı olmayacağını bildirir. Bu insanlar Əsədin hakimiyyəti altında da yaşamaq istəmirlər, çünki Bəşər Əsəd rejiminin onlara işgəncə, ölüm vəd etdiyini keçmiş xatirələrindən bilirlər. Bu səbəbdən də Türkiyə İdlibi qorumaqda qərarlıdır. 

Rusiya ənənəvi siyasətlə davranaraq, nə olursa -olsun bu torpaqları öz təsiri altına almaq istəyir. Əslində, Moskva üçün Suriya əhalisinin 18 milyon və ya 5 milyon olması arasında da bir fərq yoxdur. Heç Əsədin beynəlxalq aləmdə legitimliyi də Rusiyanı bir o qədər ilgiləndirmir. Əsas məqsəd Aralıq dənizinə çıxış və Suriya torpaqlarını tam olaraq öz əlində saxlamaqdır. İran da Aralıq dənizinə çıxış əldə etmək və Suriyanın etnik tərkibini dəyişməkdə maraqlıdır. Bu səbəbdən də əhalisinin əksər hissəsi öz yurdlarından qovulan Hələbə Əfqanıstandan, Livandan gələn qrupları yerləşdirməyə çalışır. ABŞ-ı isə Suriyanı 3 yerə parçalamaq, PKK terror təşkilatı üçün "dövlət" qurmaq və gələcəkdə "Böyük İsrail" layihəsinin təməllərini atmaq maraqlandırır. Bütün bu planların qarşısında tək bir ölkə var, Türkyə. Rəsmi Ankara 900 kilometrdən çox sərhədi olan Suriyanın ərazi bütövlüyü və normal, xalqın seçdiyi bir hakimiyyətinin olmasında maraqlıdır.

Avropa.info-nun ekspert qrupu


Oxunma sayı: 28942

Oxşar yazılar