Valideynlər məktəb direktorunu qovdu, nazirlik işə qarışdı

  • 13 Fev - 2020

Təhsil Nazirliyi Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin 1 nömrəli tam orta məktəbinə təyin olunan direktorun şagird valideynləri tərəfindən qovulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən Report-un sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrinə direktor təyinatı Təhsil Nazirliyinin səlahiyyətindədir:

"Direktor mərkəzləşdirilmiş müsabiqə əsasında Təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq təyin olunur və yerli təhsili idarəetmə qurumunun rəhbəri tərəfindən kollektivə təqdim olunur.

Sözügedən məktəbdə direktor vəzifəsi 2018-ci il yanvar ayından Çinarə Atayevaya həvalə olunub”. 

Nazirlikdən yeni direktor təyinatı ilə bağlı əlavə məlumat veriləcəyi vurğulanıb.

Qeyd edək ki, Ceyranbatan qəsəbəsinin 1 nömrəli tam orta məktəbində yeni direktorun qovulması ilə bağlı məlumatlar yayılıb. Bildirilib ki, məktəbin hazırkı direktoru Çinarə Atayevanın başqa yerə təyinatını istəməyən pedaqoji heyət və valideynlər yeni direktoru qəbul etməyiblər.

Müəllimlər yeni direktoru məktəbə buraxmayacaqlarını bildiriblər. Bununla bağlı məktəbdə nəzarətin gücləndirildiyi bildirilir.


Oxunma sayı: 3290

Oxşar yazılar