Həyətlərini ideal təmir etdirmək istəyənlərin nəzərinə: Bircə müraciət kifayətdir – Qayda

  • 11:14 - 13 Fevral

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi paytaxt Bakı şəhərində uğurla davam edir.

Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində 2019-cu ilin sonuna kimi 50-dən çox həyət abadlaşdırılıb. 

"Bizim həyət" layihəsi çərçivəsində həyətlərin abadlaşdırılması layihəsinə vətəndaşların marağı hədsizdir. Bunun üçün hansı prosedurdan keçmək vətəndaşları maraqlandıran vacib məsələrdən biridir. 

IDEA İctimai Birliyindən Avropa.info-ya daxil olan məlumata görə, təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsinə qoşulmaq üçün, vətəndaşlar ilk növbədə, öz həyətlərinin fotoşəkillərini, o cümlədən həyətin dəqiq ünvanını və öz ad, soyad və əlaqə nömrələrini əlavə etməklə info@ideacampaign.org emailinə göndərməlidirlər: "Bu zaman müraciət məsul departament nümayəndələri tərəfindən dərhal siyahıya əlavə olunacaqdır. Prosedur olduqca sadə və şəffafdır. Belə ki, həyət baxımsız və abadlaşdırılmağa ehtiyacı olan həyətdirsə, yuxarıdakı qaydada müraciət etməkdən əlavə heç bir addıma ehtiyac yoxdur.

Yaşıllıqların ekologiya, sosial həyat və sağlamlıq üçün faydasını nəzərə alaraq Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin sonunda start verilən layihəyə həmin vaxtdan etibarən davamlı olaraq müraciətlər daxil olur. Bu müraciətlərə isə növbə prinsipi əsasında və mütləq şəkildə baxılır. Müraciətlərin yüzlərlə olmasını nəzərə alaraq müraciətçilərin müəyyən vaxt gözləmələri tələb edilir".

İctimai Birlikdən həmçinin açıqlanıb ki, Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində 2019-cu ilin sonuna kimi 50-dən çox həyət abadlaşdırılıb: "Bütün həyətlərin açılış mərasimləri zamanı orada sakinlər və IDEA könüllülərinin köməyi ilə çoxsaylı ağac və kollar əkilir. Layihə çərçivəsində şəhərin bütün digər abadlaşdırılmaya ehtiyacı olan həyətlərinin yaxşılaşdırılması nəzərdə tutulur.

Bildirmək istərdik ki, həyətlərin abadlaşdırılaraq təhvil verilməsi nə qədər vacibdirsə, onların məhz həyət sakinləri tərəfindən qorunması, salınan yaşıllıqlara diqqət və qayğının göstərilməsi, əkilən ağac və kolların mütəmadi olaraq suvarılması, həyətin təmiz saxlanmasına riayət olunması da bir o qədər vacibdir. Buna görə də, bütün "Bizim həyət" sakinlərini yaradılan şəraitdən qayğıkeş münasibət göstərərək səmərəli istifadə etməyə çağırırıq".


Oxunma sayı: 2663

Oxşar yazılar