Azərbaycan Prezidenti: "Pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq"

  • 12 Fev - 2020

Parlament seçkiləri bir daha onu göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir. Çünki hətta həmişə ən tənqidi mövqedən bizə yanaşan təşkilatlar da öz seçkilərlə bağlı məruzəsində müsbət meyilləri qəbul etməyə məcbur olmuşlar. Və pozutulara gəldikdə, qeyd ediblər ki, bu pozuntular prosedur xarakterli pozuntulardır. Yəni, bu, hər bir ölkədə var. Heç bir ölkədə tam kamil seçkilər keçirilmir. Amma bu seçkilərdə nə saxtakarlıq olub, nə ciddi pozuntular olub, nə də hər hansı pozuntu ki, seçkilərin legitimliyini və yaxud da nəticələrini şübhə altına alsın.

Avropa.info xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında gənclərlə görüşərkən deyib.

Dövlət başçısı bildirib ki, müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri çox müsbət qiymətləndirib: “Və bəziləri qeyd etdi ki, bu, bir çox ölkələr üçün nümunə ola bilər. ATƏT-in Demokratik Təsisatlar Bürosu, hansı ki, həmişə bizə qərəzli yanaşır, onların da hesabatı hesab edirəm ki, tarazlı idi. Əvvəlki dövrlərə nisbətən daha obyektiv idi. Əlbəttə ki, bəzi məsələlərlə biz razılaşa bilmərik. Amma məruzənin ümumi nəticəsi hesab edirəm ki, obyektivliyə daha yaxın idi və biz də bəyan etmişik ki, mövcud olan pozuntular ciddi araşdırılacaq. Pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq. Və bundan sonra da biz bütün beynəlxalq təşkilatlarla bu istiqamətdə fəaliyyətimizi və əməkdaşlığımızı davam etdirəcəyik.

Bu dəfə 1300-dən çox namizəd olub. Bu, rekord göstəricidir. Bu onu göstərir ki, seçkilər rəqabət qabiliyyətli keçib. Rəqabət onda nədir? Bir dairədən əgər orta hesabla 10 nəfər iştirak edirsə, bu, rəqabət deyilmi? Yekun məruzədə yazılmışdı ki, rəqabət olmayıb. Bəs, onda rəqabət nədir? Hər bir namizəd öz dairəsində açıq görüşlər keçirirdi, istədiyi sözləri deyirdi, bəziləri hakimiyyəti tənqid edirdi. Heç kim buna görə heç kimə maneçilik törətmirdi. Bəs onda açıq rəqabət nədir? Ona görə həmişə bizə qarşı deyirlər ki, sərbəst toplaşma azadlığı təmin olunmayıb. Yalandır, olunub. Çünki indi müvafiq yerlərdə sərbəst toplaşma haqqını icra edə bilər. Amma qanun çərçivəsində. Necə ki, başqa ölkələrdə. Ona görə həm seçki prosesi bütün demokratik meyarlara cavab verib və heç kim deyə biməz ki, seçki prosesində hər hansı pozuntular olub. Və seçkilər günü də çox müsbət şəkildə seçkilər keçirildi. Əgər pozuntular olubsa, bu pozuntular, bir də demək istəyirəm ki, araşdırılacaq. Və bilirəm ki, Mərkəzi Seçki Komissiyası fəal işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz özümüz də istəmirik ki, bu pozuntular olsun və pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə bu pozuntulara yol verilməsin. Buna qətiyyən ehtiyac belə yoxdur. Çünki bu gün tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazansın və bu seçkilər bir daha onu göstərdi. Bizim apardığımız siyasət xalqımızın mütləq əksəriyyətinin maraqlarına cavab verir və gördüyümüz işlər də göz qabağındadır. Ona görə bütün bu sahələrdə aparılan islahatlar səmərə verir”.


Oxunma sayı: 6227

Oxşar yazılar