Goranboyda qətl - Polis şübhəlini saxladı

  • 14:04 - 11 Fevral

Qəsdən adam öldürməkdə şübhəli bilinən Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini Kamran Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, fevralın 10-da Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisindən qəsəbə sakini Faiq İsgəndərovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilərkən yolda ölməsi barədə RPŞ-yə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin münaqişə zəminində həmyerlisi K.Məmmədov tərəfindən törədilməsi və “VAZ-2107” markalı avtomobildə hadisə yerini tərk etməsi müəyyən edilib. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsinin Gəncə şəhəri ərazisində hərəkətdə olması aşkar edilib.

Goranboy RPŞ və Gəncə ŞBPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Kamran Məmmədov saxlanılıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


Oxunma sayı: 8757

Oxşar yazılar