Növbəti virus yalanı: qorxu yarat, pul qazan -Sənan Nəcəfov yazır

  • 16:18 - 06 Fevral

Diqqət etmisinizsə, yeni virus, daha doğrusu yeni bir epidemiyanın başlanması haqda informasiya, adətən dünyada müharibələr passiv fazaya keçəndə, gərginliklər nisbətən səngiyəndə, “yalan laboratoriyaları”nda hazırlanan proyektlər əvvəlki kimi maraq kəsb etməyəndə yayılır. Bəs necə? Yeknəsəklikdən yorulmuş kütlə yeni “əkşn” tələb edir axı. 

Statistiklər deyirlər ki, nədənsə adətən hər ilin yanvarında dünyanı yeni “yalan” (oxu qrip) epidemiyası ilə qorxudurlar. Daha doğrusu, qrip haqda panika hər il, periodik olaraq məhz dekabr- yanvar aylarında dövriyyəyə buraxılır, bəlkə də təbliğ olunur. Sosial şəbəkələr və media isə mənəvi terrora hazırdı: terror, intihar, qrip, “ebola”, “donuz qripi”, karantin və ölüm xəbərləri ilə doludur. İndi də başında “tacı” olan virusun hökmranlığını rəsmən elan olunub.  

Qərb kino sənayesinin hazırladığı filmlərdən epidemiya və ya ağır bombardımandan sonra təsvir olunan şəhərləri, prospekt və küçələri görmüsüüz? Bizə nə göstərilir? Adətən həmin filmlərdəki “dəhşətli mənzərələrini” necə görmüşük: boş küçələr, insan ətini yeyən itlər, zibil və qəzet qırıntıları... Elədirmi? İndi Çində virus baş qaldıran bölgələrə, şəhərlərə baxın. Nə fərq var? İnsanlar bazarlıq etmir, hətta küçəyə çıxmağa qorxurlar, banklardan pul çəkən kim, rahatlığını itirib stresə düşən kim. Apteklərdə isə şıdırğı alver gedir, insanlar dəstələrlə antiviral dərmanlar alır, tibbi maska da ki, qəhətə çıxıb. Hətta sosial şəbəkələrdə baxışına görə rekord qıran kadrları demirik. Bir kişi kafenin qabağında üzü üstə düşür, kafedəkilər tez cumub kişiyə kömək etmək istəyirlər. Bir nəfər də çıxıb demir ki, yoldaşlar, axı həmin kadrlar 2015-ci ildə şəhər kameralarına tuş gəlib. Tamaşaya baxırıq sanki. Necə deyərlər, hər il təkrarlanan mövsümi film, hətta deyərdim serial. 

Üzərində çox dayanmağa ehtiyac yoxdur ki, istəilən bir xəstəlik virusdan yaranır. “Hepatit B”, hətta QİÇS, “quş qripi”nin başlandığı nöqtə “virus”dur. Götürün, adi qripi, ağır toksikoz, qızdırma, yuxarı və aşağı tənəffüs yollarının zədələnməsi ilə davam edən A, B və ya C qruplarına aid olunan bütün yoluxmalar kəskin respirator virus infeksiyası. Bəli, etiraf edirik ki, qrip fəsadlara, epidemiyalara səbəb olur. Virusun mutasiyası isə müalicəsinin, vaksinin tapılmasından sürətli gedir. 

ABŞ-da fəaliyyət göstərən CDC adlı Amerika Dövlət Xəstəliklərə Nəzarət Mərkəzi var. Bu təşkilat dünyanı yeni qrip sürprizlərilə sevindirən qurumdur. Misal üçün, QİÇS, “dəli inək”, “donuz qripi”, SARS, “quş qripi” – bu təşkilatın proqnozlarından sonra leksikonumuza daxil olub. Bu qurum hər dəfəsində onu da proqnoz edib ki, bu xəstəliklər azından dünya əhalisinin yarısını “biçəcək”. Proqnozların nə qədər reallaşdığını mən demirəm, siz deyin. 

Bu qurumun dünyanı lərzəyə salan bəzi “məhsulları” haqda fikirlərimizi bölüşək. Misal üçün, amerikalı alim, Berkeley Universitetinin molekulyar və hüceyrə biologiyası üzrə professoru Peter Duesberg, İnsan İmmun çatışmazlığı Virusunun (HİV) Qazanılmış İmmun çatışmazlığı Sindromunun (QİÇS) səbəbi olmadığını iddia edir. İnanılmazdır? Görün necə izah verir? Onun sözlərinə görə, QİÇS yaşayış şəraiti, immun çatışmazlığı xəstəlikləri və peyvəndlərlə əlaqəli zəif immunitetin nəticəsində yaranır. Yəni, HİV virusu yalnız immuniteti aşağı olan insanlar üçün təhlükəlidir. Amma HİV-in "müalicəsi" üçün tətbiq edilən vaksinlər, dərmanlar - əksinə, son dərəcə təhlükəlidir. Məsələn, AZT və ya "Retrovir" adı ilə məşhurlanan "Zidovudine" dərmanı HİV-lə "mübarizə aparmaq" üçün istifadə olunur, lakin anemiya və miyopatiya kimi xəstəliklərə səbəb olan ciddi yan təsirləri var, qaraciyər üçün son dərəcə zəhərlidir və əzələ atrofiyası yaradır. “Retrovir” əvvəllər xərçəngin müalicəsində istifadə edilirdi, lakin məlum oldu ki, dərman xəstələri xərçəngin özündən daha sürətli öldürür (!). Duesbergin dediyinə görə, QİÇS diaqnozu qoyulmuş bir çox insan (10 ilə 50 min xəstə arasında) xəstəlikdən deyil, “Retrovir”dən ölüb. 

Konkord Araşdırma Mərkəzini hesabat yaymışdı ki, “Retrovir” qəbul edən xəstələr QİÇS xəstələrindən daha az yaşayırlar. Nə qədər qəribə görünsə də həmin açıqlamdan az sonra “Retrovir”in analizi ilə məşğul olan Concord statistika şöbəsinin müdiri “təsadüfən” yük maşını ilə vurularaq, qətlə yetirilib. 

Məlumat üçün bildirək ki, əslində QİÇS-in "kəşfi" hekayəsi Gottlieb adlı bir Amerikalı həkimin beş (!) homoseksual xəstəni müşahidə etdikdən sonra başlayıb. Bu beş xəstənin hamısı narkoman olublar. Üstəlik, beş nəfərin hər biri sətəlcəmdən (pnevmoniya) əziyyət çəkib və immun sistemləri çox aşağı olub. Yəqin maraqlı gələr, desək ki, Gottlieb QİÇS-lə paralel olaraq, CDC o dövrdə başqa bir maraqlı xəstəliklə, "donuz qripi" ilə “mübarizə” aparıb. Hələ 1971-ci ildə CDC, təhlükəli “donuz qripi” virusunun varlığını elan etmiş, və bu xəstəliyin amerikalıları sola və sağa “biçəcəyini” deyərək, qara-qışqırıq salmışdı. Nə oldu? CDC-in bir elanına görə büdcədən 50 milyon ABŞ vətəndaşını peyvənd etmək üçün milyardlarla vəsait ayrıldı. Və çox maraqlıdır ki, peyvənd olunan minlərlə amerikalı əsəb xəstəliklərindən və iflicdən əziyyət çəkməyə başladılar. Və dövlət zərər çəkmiş şəxslərə sağlamlığına dəyən ziyana görə 100 milyon dollar təzminat ödəməyə məcbur oldu.

1971-ci il "Donuz qripi" layihəsi səngiyən kimi CDC QİÇS-dən ikiəlli yapışdı. Agentlik rəsmiləri tələm-tələsik elan etdilər ki, QİÇS virusdan qaynaqlanır və bunu insan immun çatışmazlığı virusu adlandırdılar. Halbuki o dövrdə bir çox həkim, HİV testinin əksər xəstəliklərin - vərəm, pnevmoniya, revmatizm, skleroz və daha on xəstəliyin müsbət nəticəsini verdiyini iddia edirdilər. Amma buna qulaq asan kimdir? 

Diqqət edin, Qanada işləyən yapon həkimləri əvvəllər QİÇS diaqnozu qoyulmuş (yalnız üç simptom – çəki azlığı, ishal və qızdırma) əsas götürülən 227 afrikalı üçün HİV testi aparmış və nəticədə qərar gəlmişdilər ki, heç birində HİV virusu yoxdu!

İndi niyə Afrikada bu qədər QİÇS virusu olan insanların (əhalinin 10-20% -i) çoxluğu aydın olur? İshal, kilo, temperatur... və diaqnoz: QİÇS var! Əslində heç kimə sirr deyil ki, milyonlarla afrikalı, pis sanitariya səbəbiylə malyariya, vərəm və digər xəstəliklərdən əziyyət çəkir. Bütün bunlar immun sisteminin zəifləməsinə səbəb olur. Aha! Demək külli miqdarda vəsait cəlb etmək üçün nə etmək lazımdır? Qorxulu HİV! 
 

Elə ki, QİÇS isteriyası azalmağa başladı, CDC yeni qorxulu diaqnozu elan etdi: “Quş qripi”!!! ABŞ hökuməti CDC məlumatlarına güvənərək yeni bir "əsrin xəstəliyi" nin iki milyon amerikalının ölümünə səbəb olacağını proqnozlaşdırdı. Məsələyə KİV və sosial şəbəkələr qoşuldu. 2004-cü ildə tanınmış qəzet və saytların xəbər başlıqları göz deşirdi: "Vəziyyət fəlakətli hala gəlir", "Doqquz ölkədə 148 nəfərdə "quş qripi" aşkar olunub” “SOS! Qrip tüğyan edir” və s. Sonra nə oldu? Xəbərdarlıqlara və proqnozlara rəğmən 1971-ci ildə olduğu kimi bu dəfə “quş qripi” epidemiyası baş vermədi. 

Statistiklər üçün deyək ki, ÜST-ün hesablamalarına “Quş qripi” görə Asiyada 65 adamın həyatına son qoyub. Siz bir miqyası düşünün. Burada 3,6 milyard insan yaşayır. Belə çıxır ki, hər 54 milyon insan üçün bir ölüm hadisəsi? Gülməlidir. Bəlkə də ağlamalı.

Xatırlayırsınız, 2005-ci ili. Dəhşətli SARS epidemiyası, filan, Bilirisiniz nə qədər insan “tələf “ oldu? 3-4 il ərzində 812 nəfər. Halbuki, təkcə  ABŞ-da il ərzində 1400 nəfər ürək xəstəliklərindən dünyasını dəyişir. Digər tərəfdən, kim sübut edə bilər ki, həmin 812 nəfər sətəlcəmdən, təzyiqdən deyil, məhz SARS-dan dünyasını dəyişib? 

Sonra? Oppaaa, beləliklə sehirbazın papağından daha iki dovşan çıxır: MERS-CoV və Ebola. Aman tanrım! Beləcə davam edir. 

Qəribəsi odur ki, bunlar özləri özlərini təkzib etməklə çox gülməli vəziyyət yaradırlar. Heç araşdırmağa ehtiyac yoxdur, adı bədnam və əməllərində heç də ondan geri qalmayan CDC təşkilatının saytında vaxtilə "əsrin xəstəliyi"nin simptomları dərc edilmişdi. Misal üçün, quş qripinin simptomları arasında qızdırma, öskürək, boğaz ağrısı, əzələ ağrısı və bəlkə də sətəlcəmə rast gəlinir. Gülməli deyil? Donuz qripinin simptomları isə: qızdırma, öskürək, boğaz ağrısı, nəfəs darlığı. Oy-oy-oy, necə də qorxulu? Yaxşı görəsən adi zökəmin simptomları necədir? Maraq üçün yazıram: öskürək, qızdırma, boğaz ağrısı, əzələ ağrısı.
BəsSARS, donuz, quşu qripi? Atəş, baş ağrısı, ümumi zəiflik və əzələ ağrısı, öskürək. Qorxuludur? Yox ?!

Əzizlərim, bunlar epidemiya deyil. CDC və ÜST adlı sehirbazların papaqlarından çıxan sürpriz viruslar, əlaqəli olduqları dərman şirkətlərinin cüzdanlarını doldurmaq, insanları isterik zombilərə çevirmək və TV-nin göstərdiyi hər hansı bir peyvəndi vurmağa məcbur etmək üçün hazırlanmış ssenaridir. Yaxşı, bütün bunlar kimə lazımdır? 

"Möcüzəli dərman"ların satışından milyardarla gəlir əldə edən beynəlxalq əczaçılıq korporasiyalarına, guya insaları oyadan "doğru" hesabatlar ilə ad çıxarmış qrant yeyən tədqiqat mərkəzlərinə, daha çox insanı peyvənd etmək istəyən ÜST-ə və digər beynəlxalq səhiyyə təşkilatlarına. İnanmırsınız? Buna misal olaraq Corc W. Buş administrasiyasının keçmiş müdafiə naziri olmuş üzvü Donald Rumsfeldi deyək. Bilirsiniz, ABŞ hökuməti guya “quş qripi”ni müalicə edən “Tamiflu” adlı dərmanın istehsalı üçün iki milyard dollar vəsait ayırmışdı? 2 mlrd dollar! Onu da bilirsinizmi istefada olan Donald Rumsfeld “Tamiflu” istehsal edən şirkətin prezidenti idi? 

Əziz oxucular, bir düşünün, son bir neçə həftə ərzində Çində 437 nəfər burun axması, qızdırma, yani ənənəvi qrip və buna bənzər xəstəliklərə yoluxublar. 1 milyarddan çox əhalisi olan Çində. Cəmi 437 nəfər. Bunlardan 17 nəfər dünyasını dəyişib. Elədirmi? Kim deyə bilər ki, o 17 nəfər başqa xəstəliklərdən, məsələn sətəlcəm, təzyiq, ürəktutması və s. deyil, məhz “taclı virusdan” ölüb? Hardandır bu əminlik? Hanı həkim rəyləri, araşdırmalar?

Belə mənzərə düşünün: 10-15 milyonluq əhalisi olan bir şəhərdə (Çin, ya Avropanın hər hansı şəhəri) 4-5 nəfərin küçədə və ya yerdə huşsuz uzanıblar. Əgər bu “Coronavirusun” təhlükəli qatil olduğuna dəlalət edirsə, Los- Angeles və New-Yorkda küçələrdə yatan evsiz insanlar nə edirlər onda? Özlərini günə verirlər, ya istirahətin torpaq vannası növünü seçiblər? Elədirsə ən dəhşətli epidemiya ABŞ-da başlayıb ki, xəbərimiz yox. Sizcə barıtın dozası bir az çox deyil? 

Vaxtilə atepik pnevmaniya adlandırılan SARS-ı dövriyyəyə buraxılanda media və PR şirkətlər xəbərləri elə təqdim edirdilər ki, sanki döyüş məlumatları yayırlar. Qəribə də sxem var idi: xəbərlərin əksəriyyəti öncədən hazırlanmış mütəxəssislər tərəfindən təsdiqlənir və nədənsə “mənbələr” adətən anonim saxlanılırdı. Nəticədə "21-ci əsrin bəlası"nın lüks prezentasiyası baş tutdu. Milyardlarla pullar xərcləndi, insanlara xeyir gətirməyən vaksinlər vuruldu, təcrübə dövşanları üzərində sınaqlar aparıldı və 5-6 gün ərzində yeni antidot tapıldı, xəstələr 5-6 günün içində sağaldılar, xəstəlik keçdi, media susdu. PR kampaniya, reklamda necədir, əsas odur ki, yeni məhsulu (burada yeni virusu) daha yüksək səslə elan et. İnsanlara çatması, yaddaşlarında qalması üçün nə etmək lazımdır? Gözəl prezentasiyalar, PR məhsullar təqdim edənlər bilirlər, insanlara təsir etmək üçün illustürasiyanı dəqiq yaratmaq lazımdır. Qorxu yaratmaq lazımdırsa, dəhşət filmlərini  yamsılamalıdır. Çin və Sinqapurda lentə alınan filmlər daim televiziyalarda yayımlanırdı: hava limanlarında, dəmir yolu stansiyalarında və dəniz limanlarında qoruyucu kostyumlarda və maskalarda olan işçilər nə iləsə mübarizə aparır, nəsə axtarırlar. Amma nə ilə və nə? 

Bəlkə də bu cəfəngiyatdır. Ola bilsin ki, kimsə məni paranoyada günahlandırar. Amma cənablar, biri mənə desin aşağıda sadaladığım xəstəliklərdən hansının dəhşətli fəsadlarını görüblər? Quş qripi? Baş vermədi! “Dəli inək”? Eynilə. Yoxsa “donuz qripi”, ya bəlkə SARS, “dəvə qripi”, “Ebola”? Bəli, qorxu! Əsas odur ki, qorxmuş insana bahalı peyvənd, preparat, tibbi maska sata bilsinlər. Bir də peyvəndlər, yan təsiri bəlli olmayan yeni preparatlar. Biz sadəcə böyük laboratoriyanın “sınaq dövşanları”yıq. Yoxlayırlar, sınaqdan keçirir, xəstələndirir, “sağaldırlar”. Ancaq deməliyəm ki, bir çox ölkələrin əhalisini qorxudan dəhşətli xəstəliklərin əksəriyyəti sadəcə mövcud deyil. İstənilən qripi "quş", "donuz" və ya "keçi" adı verib, şou yaratmaq çox asandır. Yeni infeksiya şousu ilə ilə əlaqədar baş verən hər şeyi ümumbəşəri dəlilik və vicdansız yalanlardan başqa bir şey adlandırmaq olmaz. Doktor Goebbelsin dediyini xatırlasaq, "yalan nə qədər dəhşətli olarsa, bir o qədər tez inanarlar".

Bəs bu yalana qarşı nə addım atırlar? Bir-ikisini sadalayaq. Malayziya hökuməti çaxnaşma mesajları yaymaqda şübhəli bilinən dörd nəfəri saxlayaraq, onları 12 min dollar və ya iki il həbs cəzası ilə “mükafatlandırmışdı”.

Və yaxud, Ümumdünya Səhiyyə Təşkilatının yalan informasiyalarından bezən bir çox ölkələr bu qurumdan şikayətçidilər. Növbəti ölkə Hindistan oldu, "donuz qripi pandemiyasının” yayılması haqda uydurmaya görə ÜST-dən cavab tələb etdi. Hindistan Səhiyyə Şurasının katibi Suyata Kao Cenevrədə, ÜST İcraiyyə Komitəsinin 126-cı iclasında həmkarlarına “donuz qripi”nin barədə mediada yayımlanan bir sıra saxta məlumatları darmadağın edən faktları təqdim etdi. Hindistan təbiətdə olmayan bir xəstəlik epidemiyasının baş verməsi haqda ÜST-dən “niyə yalandan vahimə düyməsini basdı" sualına cavab istədi. 

İndi düşünün. Necə etmək mümkündür ki, insanlar könüllü olaraq, heç istəmədikıəri vaksini qəbul etsinlər? Çox sadə. Qeyd etdik artıq: Qorxu yaratmaq! CDC və ÜST üçün insanların qorxusu lazımdır. Daha çox insan qorxsun, apteklər qarşısında daha çox növbə yaransın, daha çox dövlət və şirkət müflis olsun.  
 

Ümumiyyətlə hər hansı bir epidemiya, pandemiya xəbəri, elə infeksiya yayılması insanlarda qorxuya səbəb olur. Bu normaldır, insan təbiəti belədir. Qorxu normal və sağlam bir duyğudur, amma bəzən insanlar tamamilə zərərsiz şeylərdən qorxur. İndiki vaxtda sosial fobiyalar getdikcə daha çox yayılır, məsələn, uğursuz olmaq və ya işini itirmək qorxusu,  milyonlarla insanın həyatını əzaba çevirir. Burada daxili müqavimətin zəifliyi, auditoriya effekti zad boş şeydi, bu insan təbiətindən iərli gələn təbii instinktdir. İnsanlarda isə fərqli psixikalar var, xəstəliklə əlaqədar həyəcanları artanlar var, hətta psixiatrlara müraciət edənlər də tapılır. Bəs niyə dünyanı epidemiya haqda dəhşətli nağıllarla qorxudurlar? Diaqnoz: panika sindromu, qorxu və sosial fobiya. İzah etməyə çalışaq. 

İnsan şüuraltısı ona söyləniləni mühakimə etmək və ya mübahisə etmək bacarığına malik deyil. Şüurlatı qarşılaşdırmalar aparmaz, müqayisə etməz, ağıl yürütməz, şərh verməz. Şüurdan ötürülənləri yerinə yetirər. Şüurlatına yalnış məlumat verilərsə, o, bunu doğru qəbul edər. Sonradan bu məlumatı doğrultmağa çalışar. Yaşadıqlarımızın əksəriyyətini inanclarımızın təsiri ilə şüuraltına yüklədiyimiz düşüncələr səbəbilə yaşayırıq. Bu düşüncələr tez-tez təkrarlandıqca, şüuraltı onu reallıq kimi qəbul edir. Şüurlatının vərdişə çevirdiyi düşüncə forması isə şüurlatında dərin izlər qoyur. 

Təlqin isə çox güclü silahdır. Misal olaraq, deyim. Təsəvvür edin ki, gəmidə gedirsiniz. Simasında bərk qorxduğu hiss olunan birisinə yaxınlaşıb, ona bu sözləri deyirsiniz: “heç yaxşı görünmürsünüz, rənginiz ağarıb. Bəlkə “dəniz tutub” sizi. Sizi kayuta qədər ötürə bilərəm”. Bu sözləri eşidən və qorxusu olan insanın halı necə olar, sizcə? Sizin “dəniz tutması” haqda təlqininiz, onun qorxu və hissləri ilə birləşir, həyacan birə üç qalxır. Bəli, fərqli insanlar eyni təlqinə fərqli reaksiyalar verirlər. Səbəbi fərqli şərtlənmə və inanclarla bağlıdır. Siz gəmidə kapitana yaxınlaşıb eyni sözləri desəniz kapitan ya sizə güləcək, ya da həkimə müraciət etməyinizi istəyəcək. Şüuraltı təlqini rəddetmə gücünə də sahibdir. Bayaqdan adını qeyd etdiyim, qorxudan fayda götürmək istəyən mərkəzlər, təşkilatlar, şirkətlər bunu gözəl anlayırlar. 

Bir də sürü psixologiyası var. (Auditoriya effekti də deyilir) İnsanlar çoxluğun etdiklərindən təsirlənməsini nəzərdə tutur.
Qəzetlər və sosial media kütlə psixologiyasını idarə etməyin ən rahat yoludur. Bir xəbər gerçəyi əks etdirsə belə, xəta törətmiş insanın edib-etmədiyini soruşmadan, həmin xəbəri təkrarlamaqla nəyə nail olunur? Yaxşı, əgər xəbər yalandırsa? Xəbərin heç gerçək olmasına gərək yoxdu, sosial mediada yayılan, hamı tərəfindən paylaşılan xəbər doğru hesab edilir.
Beyin şüurlu qərar verərkən, beyinin prefrontal korteks bölgəsi bu işlə maraqlanır. Ancaq Berns və dostlarının araşdırmalarına görə, insanlar kütlə ilə birlikdə qərar verdikdə, beyinin prefrontal korteks bölgəsi deyil, oksipital və paryetal bölgələri işləyir. Bu bölgələr beyinin daha çox görüntü və duyğusal işləri ilə məşğul olan hissələridir. Yəni, kütlə psixologiyası ilə verilən qərarlarla beyinin düşünən hissəsi məşğul olmaz, nəyinsə doğru olub-olmadığını düşünməz, qrupa, qrupun qərarlarına uyarıq qərar verər. Kütlə psixologiyasında doğru olanı axtarmaq yerinə ən zəhmətsiz addım qrupa uymaqdır. 

Bu qədər. İndi bayaqdan saldaladığımız xəstəlik simptomlarını nəzərdən keçirin, Qərb kino sənayesinin yaratdığı faciə bölgəsini əks etdirən səhnəni göz önündə canlandırın, “yalan” laboratoriyalarında hazırlanan “virus”u düşünün və kütlə psixologiyası haqda deyilənləri oxuyun. Təlqin daxili müqaviməti güclü olanlara təsir etmir. Məlumatlı olaq, kütlə psixologiyası ilə hərəkət edən “KÜT”lələr yox. 

Sənan Nəcəfov xüsusi olaraq Avropa.info üçün


Oxunma sayı: 44353

Oxşar yazılar