Masallıda toyundan sonra ölən qızın qətlə yetirildiyi məlum oldu – Yenilənib

  • 17:44 - 29 Yanvar

Masallı rayonunda toyundan sonra ölən 16 yaşlı qızın qətlə yetirildiyi məlum olub.

Bu barədə "Report"a Masallı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın ölümü ilə bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda araşdırma aparılır.

***

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Masallı Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış monitorinq komissiyası ilə birlikdə həmin rayonda baş verən uşaq nikahı ilə bağlı araşdırmalara başlayıb.

Bunu Trend-ə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov deyib.

Onun sözlərinə görə, bu araşdırmalara hüquq-mühafizə orqanlarının nümayəndələri cəlb edilib:

"Uşaq nikahlarının baş verməsi yolverilməzdir. Araşdırılmalıdır ki, 2003-cü il təvəllüdlü Qəmbərova Fatimənin 16 yaşı olduğu halda, bu nikah necə baş verib. Bu faktla əlaqədar hüquq-mühafizə orqanlarına da çağırış edərək deyirik ki, araşdırma ciddi şəkildə aparılsın. Beynəlxalq konvensiyalara və Azərbaycan qanunvericliyinə görə, 18 yaşına çatmayan şəxslər uşaq hesab edilirlər. Uşaqların nikah yaşının yalnız bir yaş azaldılmasına imkan verilir. Bu halda da nikah yalnız 17 yaşda ola bilər. Ona görə də bu məsələ ilə bağlı araşdırma gücləndirilmiş şəkildə aparılmalıdır".

Qeyd edək ki, 2003-cü il təvəllüdlü Qəmbərova Fatimə Mayıs qızı iki həftə əvvəl nikaha daxil olub. Gəlin bu gün dünyasını dəyişib.

***

Masallı rayonunda azyaşlı qız gəlin köçdüyü evdə ölüb.

Avropa.info "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Rayonun Həsənli kənd sakini olan yetkinlik yaşına çatmayan qız iki həftə öncə Xoşçobanlı kəndindən olan oğlanla evləndirilib.

Onlar üçün təmtəraqlı toy məclisi də qurulub. Hazırda qızın meyiti daxili müayinə üçün ekspertizaya verilib.

Masallı rayon prokurorluğundan məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda faktla bağlı araşdırmalar aparılır.


Oxunma sayı: 15049

Oxşar yazılar