Baş Prokurorluq Hacıqabuldakı ölümlə bağlı açıqlama yaydı

  • 16:47 - 28 Yanvar

Hacıqabul rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Bu barədə Baş Prokurorluqdan Avropa.info-ya verilən məlumatda bildirilib.

Qeyd edilib ki, yanvarın 28-də saat 02 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində Qaradağ rayon sakini 1987-ci il təvəllüdlü Orxan Güləliyevin idarə etdiyi “MAN” markalı 99-JK-244 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yolu keçən piyada – 1982-ci il təvəllüdlü Adil Kərimovu vurması nəticəsində sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib:

“Sürücünün hadisə yerindən qaçması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb”.

Rəsmi məlumata görə, cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin olunmuş və digər zəruri istintaq hərəkətləri aparılıb:

“Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin sürücü O.Güləliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”.


Oxunma sayı: 5446

Oxşar yazılar