Bütün avtobuslar kartla ödəniş sisteminə keçir - Tarix açıqlandı

  • 14:25 - 28 Yanvar

Hazırda Bakıda 150 marşrut xətti fəaliyyət göstərir. Onların yalnız 30-unda ödəniş “BakıKart” vasitəsilə həyata keçirilir. Paytaxtın marşrut xətlərində nağd ödənişin ləğvi bir neçə ildir davam edir. Ancaq naməlum səbəblərdən bu prosesin bir qədər ləngidiyi göz önündədir. Səbəbləri müəyyən qədər aydınlaşdırmaq üçün həm Bakı Nəqliyyat Agentliyi rəsmisinin, həm də nəqliyyat ekspertinin fikirlərini öyrəndik.

“Təzə avtobusların və dayanacaqların azlığı səbəbindən marşrut avtobuslarının kart sisteminə keçilməsi ləngiyirdi”.

Bunu Lent.az -a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib. Onun sözlərinə görə, hazırda təzə avtobusların çoxluğu və yeni dayanacaqların quraşdırılması avtobusların kart sisteminə keçməsinə şərait yaradır:

“Bizim üçün əsas olan sərnişinlərin ictimai nəqliyyatdan rahat istifadə etməsidir. Bir neçə il əvvəldən başlayaraq, Bakıda marşrut avtobuslarının əksəriyyəti kart sisteminə keçirilib. Təzə avtobusların və dayanacaqların azlığı səbəbindən marşrut avtobuslarının kart sisteminə keçilməsi ləngiyirdi. Ötən il çox sayda marşrut xətti kart sisteminə keçdi. Çünki 2019-cu ildə 300 yeni avtobus alındı. Dayanacaqlar və kart yükləmə aparatları quraşdırıldı. Təkcə ötən il 50 dayanacaq və 13 aparat istifadəyə verilib. Gələn ay daha 4 marşrut xəttinin kart sisteminə keçirilməsi reallaşdırılacaq. 2020-ci ildə daha 200 yeni avtobus paytaxtın marşrut xətlərinə əlavə ediləcək. Bütün hazırlıqlar başa çatacaq və bu il ərzində Bakıdakı bütün marşrut avtobusları kart sisteminə keçəcək”.

Şəhər nəqliyyatı üzrə ekspert Hüseyn Abdullayev isə plan sisteminin sürücüləri açıq-aşkar istismar etdiyini vurğulayıb:

“Bakıda sərnişindaşıma özəl sektora veriləndə bu işin təşkili üçün ən primitiv vasitə seçilmişdi. Sahibkarlar avtobusları alıb sürücülərə icarəyə verirdilər. Təsəvvür edin ki, səhər saat 6-dan tam xidmət bitənə qədər bir insan işləməli olurdu. Çünki ikinci şəxsin işləməyi sürücülərə sərf etmirdi. Onlara gündəlik plan verilirdi. Bundan əlavə, sahibkarların müxtəlifliyindən asılı olaraq, sürücülər yanacaq və təmir xərclərini də özləri ödəyirdilər. İşin digər pis tərəfi də ondan ibarət idi ki, həmin sürücülər qeyri-rəsmi əməkdaşlar olurlar”.

Kart sisteminə keçidin biznes modelini dəyişdirdiyini deyən ekspertin fikrincə, bununla da daşıyıcılar yeni alınan avtobusların pulunu çıxara bilməyəcəklər:

“Kart sisteminə keçidlə əlaqədar ilk növbədə biznes modeli olmaqla, çox şey dəyişib. Həmçinin, sürücülər rəsmi qaydada işə götürülməli, onlara maaş verilməli, yanacaq və digər istismar xərcləri daşıyıcı şirkət ödəməlidir. Bununla da sərnişindaşımanın mənfəətli biznes rolunu oynaması özünü itirir. Şirkətlər kart sistemində qazanclarını gizlədə bilmirlər. Hazırda gündəlik yanacaq və digər istismar xərcləri bir sərnişin üçün 30 qəpik təşkil edir. Düşünürəm ki, bununla da həmin şirkətlər yeni avtobusların qiymətini çıxara bilməyəcəklər. Yeni avtobusların alışından isə söhbət gedə bilməz”.

Məlumat üçün bildirək ki, hazırda Bakıda 150 marşrut xətti və 2046 ədəd marşrut avtobusu fəaliyyət göstərir. Xəttlərin 65-i şəhərdaxili, 85-i isə şəhərətrafı xidmət aparır. Müvafiq olaraq, 1064 avtobus şəhərdaxili, 982-si isə şəhərətrafı ictimai nəqliyyatda sərnişindaşımada yer alıb. 37 daşıyıcı var ki, bunların 29-u (78 faizi) hüquqi, 8-i (22 faizi) fiziki şəxslərdir.


Oxunma sayı: 18514

Oxşar yazılar