Xanoğlan Əhmədovun seçicilərlə görüşləri davam edir: “Əmin olun, bu seçiminizdə peşman olmayacaqsınız”

  • 16:10 - 27 Yanvar

72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd, İlkxeber.org saytının baş redaktoru Xanoğlan Əhmədovun təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir. 

Deputatlığa namizədin səlahiyyətli nümayəndəsi Ağasəf Ağayevin Avropa.info-ya verdiyi məlumata görə, hava şəraitinin əlverişli olmamasına baxmayaraq, görüşlər olduqca maraqlı keçir. 

Seçicilər, vətəndaşlar Xanoğlan Əhmədovla görüşə böyük həvəs göstərirlər. Artıq deputatlığa namizəd sözügedən seçki dairəsini əhatə edən kəndlərdə bir sıra uğurlu görüşlər keçirib. 

Belə görüşlərdən biri Yardımlı şəhərində rayonun bir qrup ziyalıları və yaradıcı adamları ilə baş tutub. 

Görüşdə deputatlığa namizədin səlahiyyətli nümayəndəsi Ağasəf Ağayev bildirib ki, seçicilərlə isti təmaslar qələbəyə inamı daha da artırır: “Belə görüşləri kampaniyanın sonuna qədər aparmaq əzmindəyik”.

Şair İqbal Nemət öz çıxışında deputatlığa namizəd Xanoğlan Əhmədovun onlara çox yaxın, doğma insan olduğunu dedi. Onun sözlərinə görə, X.Əhmədovun xarakterindən irəli gələn xeyirxahlığı, insanlarla mehriban davranışı, problemlərinə həssas yanaşması bizim diqqətimizdən yayınmayıb: “Mən öz növbəmdə deyə bilərəm ki, biz şairlər həssas qəlbli, incə ruhlu adamlarıq. Şeirlərimiz respublika mətbuatında çıxanda uşaq kimi sevinirik. Bunu ona görə deyirəm ki, bizi rayonumuzdan kənarda hamıdan çox Xanoğlan müəllim təbliğ edir”,-deyə İ.Nemət qeyd edib. 

Gavran kənd orta məktəbinin ağsaqqal müəllimlərindən biri olan Nadir Masiyev namizədə özünün xoş arzularını çatdırıb: “Sənin bütün fəaliyyətin bizim gözümüzün önündə olub. Biz sənin haqqında ancaq yaxşı danışa bilərik. Bu illər ərzində insanların inamını sarsıtmamaq, fikrimcə, həyatda ən böyük qazancındır. İnanıram ki, seçicilər hamılıqla sənə səs verəcəklər”.

Şair Sakit İlkin X.Əhmədovu tələbəlikdən saf bir insan kimi tanıdığını bildirib.  “Dostumuz həmin saflığını bu gün də qoruyub, saxlaya bilib. Daha da müdrikləşib, yetkinləşib. İctimai-siyasi fəaliyyətində qazandığı uğurları deməyə əsas verir ki, rayonumuzu Milli Məlisdə ləyaqətlə təmsil etməyə qadirdir”, -deyə o qeyd edib. 

Yardımlı şəhər 2 saylı orta məktəbin müəllimi Şakir İsmayılov Xanoğlan Əhmədovu Yardımlı rayon Komsomol Komitəsinin katibi işlədiyi illərdən tanıdığını deyib: “Xanoğlan müəllim hələ komsomolun katibi olanda özünün təşkilatçılıq bacarığı ilə seçilirdi. Yadımdadır, onun təşəbbüsü ilə rayonumuzun məktəblərində maraqlı viktorinalar təşkil edirdik. Hesab edirəm ki, onun Milli Məclisdə təmsil olunması rayonumuza böyük fayda verə bilər”.

Rayonun ziyalılarından Gündüz Manafov, Əlisəfa Əhmədoğlu və başqaları da çıxışlarında qeyd ediblər ki, bu dəfə parlamentə Xanoğlan Əhmədov kimi layiq olanlar seçilməlidir: “Təəssüf doğuran odur ki, biz uzun müddət problemlərin təkcə adını sadalayan adamlarla seçkiyə getmişik. Bəzən heç bu problemlərin adları da çəkilməyib. Parlament Azərbaycan xalqını təmsil edən ali orqandır və orada bizim dərdlərimizdən, problemlərimizdən danışan adamlar oturmalıdır”.

Görüşün sonunda deputatlığa namizəd Xanoğlan Əhmədov çıxış edib. Deputatlığa namizəd onunla görüçə gələn hər kəsə təşəkkürünü bildirib: 

“Sizinlə görüşməyimə çox şadam. Hesab edirəm ki, seçicilərlə yox, ilk növbədə həryelilərimlə görüşürəm. Biz sizinlə tez-tez görüşürük, ancaq bugünkü görüşümüz parlamentə deputat seçmək ərəfəsindədir.

Bu seçkilərdə mən də öz namizədliyimi doğma torpağımdan irəli sürmüşəm. Ümid edirəm ki, Azərbaycan dövlətinin qarşısında duran məsələlərin həllinə, eləcə də Yardımlı rayonu kimi çətin şəraitdə olan bölgənin illərlə yığılıb qalan problemlərinin aradan qaldırılmasına Milli Məclisin tribunasından nail olmaq mümkündür. Çünki parlament xalqın ən böyük tribunasıdır. Ona görə də ölkənin ən ali məclisinə ən layiqli nümayəndəmizi seçməliyik. Biz elə etməməliyik ki, kimlərsə bu seçkidən şəxsi mənafeləri naminə qazansınlar, biz peşman olaq!

Çıxışımın sonunda Sizə və özümə uğurlar arzulayıram. İnanıram ki, sizin budəfəki seçiminiz mən olacağam və əmin olun, bu seçiminizdə peşman olmayacaqsınız”.

Onu da qeyd edək ki, təbliğat-təşviqat kampaniyasının sonuna kimi deputatlığa namizədin digər kəndlərdə və Yardımlı şəhərində də seçicilərlə görüşləri nəzərdə tutulur. 

 

 

 


Oxunma sayı: 7877

Oxşar yazılar