Əliqismət Lalayev beynəlxalq tədbirə dəvət alıb

  • 10:18 - 27 Yanvar

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əliqismət Lalayev İran İslam Respublikasında keçiriləcək 38-ci Beynəlxalq “Fəcr” Teatr Festivalının təşkilatçıları tərəfindən bu tədbirin bir qolu olan V İran Teatr Sərgisinə rəsmi dəvət alıb. 

Akademik Musiqili Teatrının mətbuat xidmətindən Avropa.info-ya bildirilib ki, bir çox müxtəlif nüfuzlu beynəlxalq teatr və musiqi festivallarında münsif qismində iştirak edən tanınmış rejissor və teatr xadimi dünyanın onlarla ölkəsinin təmsil olunduğu sərgidə iştirak etmək məqsədi ilə 1-7 fevral 2020-ci il tarixlərində qonşu ölkədə səfərdə olacaq. 

"Düşünürəm ki, bu dəvət dünyaca məşhur Beynəlxalq “Fəcr” Teatr Festivalının rəhbərliyi tərəfindən Azərbaycan teatrına göstərilən hörmətdir, ümumilikdə, teatr sənətimizə sevginin, marağın təzahürüdür. Bundan öncə də həm ekspert kimi, həm də rəhbərlik etdiyim teatrın kollektivi ilə birgə “Fəcr” festivallarında iştirak etmişəm. Həmişə də nümayiş etdirdiyimiz layihələr iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb… Budəfəki sərginin proqramından da hiss etmək olur ki, İranda keçiriləcək festival möhtəşəm mədəniyyət hadisəsinə çevriləcək. Proqram çərçivəsində dünyanın bir çox ölkələrindən dəvət olunan məşhur rejissorların əsərləri oynanılacaq, görkəmli teatr xadimlərinə öz layihələri barədə məlumat vermək fürsəti yaradılacaq. "Kütləvi tamaşalar izləmək”, “Məhsulların bazara çıxarılma şərtləri”, "Teatr sənətinin təhlili” mövzularında dəyirmi masalar, görüşlər, müzakilər aparılacaq, müxtəlif janrlarda olan tamaşalarabaxış keçiriləcək. Mən də təkcə Akademik Musiqili Teatr barədə deyil, bütövlükdə, Azərbaycanda teatr sənətinin dünəni, bu günü və gələcək inkişaf perspektivləri, həmçinin qarşıda duran planlar barədə məlumat verəcəyəm. Əminəm ki, belə görüşlərvə təcrübə mübadiləsi ölkələrarası mədəni əməkdaşlığın inkişafı üçün çox vacibdir” – deyə Ə. Lalayev səfər planlarını açıqlayıb. 


Oxunma sayı: 5204

Oxşar yazılar