Monteneqroda etirazçılarla polis arasında qarşıdurma yaşanıb

  • 22:03 - 26 Yanvar

Monteneqroda iğtişaşlar davam edir. Paytaxt Podqoritsada serb müxalifətinin din azadlığı barədə qəbul edilmiş qanuna qarşı təşkil etdiyi son etirazlar zamanı polislə kütlə arasında qarşıdurma yaşanıb.

Polis gözyaşardıcı qazdan istifadə edib.

Monteneqronun Mədəniyyət naziri Aleksandr Boqdanoviç son açıqlamasında bildirib ki, yeni qanun heç kimə qarşı ünvanlanmayıb. Nazir deyib ki, istənilən dini etiqad sahibi yenə də əvvəlki kimi azad şəkildə ayinləri icra edəcək. Bununla o, serb dindarlarının ayin yerlərinin milliləşdirilərək əllərindən alınacağı iddialarına cavab vermiş olub. Lakin 1918-ci ilədək inşa olunmuş və müvafiq sənədləri olmayan bina və ya əldə edilmiş hər bir dini əşya Monteneqro dövlətinin milli irsi kimi qiymətləndiriləcək.

Prezident Milo Djukanoviç isə öz növbəsində həmkarı, Serbiya Prezidenti Aleksandr Vuçiçlə bu səpkidə problem yaşamadığını, lakin istənilən an dialoqa açıq olduğunu bildirib.

Digər yandan da yeni qanun Serbiyada ciddi narazılıqlara səbəb olub. Rəsmi Belqrad ötən həftədəki açıqlamasında bu məsələyə fikir bildirərək deyib ki, sözügedən qanun iki ölkə arasındakı münasibətlərə xələl gətirə bilər. Serbiyanın Xarici İşlər naziri İvisa Daçiç qonşu ölkənin daxili işlərinə qarışmayacaqlarını, lakin yeni qanunun serb əhaliyə və Serb Pravoslav Kilsəsinə qarşı yönəldiyini inkar etmədiklərini söyləyib. Serbiya hökuməti də məsələnin sülh və dialoq vasitəsilə həllinə tərəfdar olduğunu vurğulayıb.

Qeyd edək ki, sözügedən qanun ötən il dekabrın 27-də qəbul edilib və bu günədək narazılıqlar səngimir. Yeni qanuna əsasən, 1918-ci ilədək qeydə alınmayan dini icmalar və onların əmlakı müvafiq sənədlərin olmaması halında dövlət tərəfindən müsadirə olunaraq milliləşdiriləcək.


Oxunma sayı: 6381

Oxşar yazılar