Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələr Naxçıvana yola salınıb

  • 19:40 - 25 Yanvar

Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələr Naxçıvana yola salınıb. 

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin “Twitter” səhifəsində bildirilib. 

“Elazığdan tələbələrimizi daşıyan ilk avtobus Naxçıvana doğru yola çıxıb. Malatyada təhsil alan tələbələrimiz də sağ-salamat vətənə yola salınıb”, - deyə qeyd olunub. 



Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqda tapşırıq verib. 

Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib ki, Elazığ və Malatya şəhərlərində təhsil alan azərbaycanlı tələbələrin Naxçıvana yola salınması üçün iki avtobus ayrılıb. Tələbələr daha sonra təyyarə vasitəsilə Naxçıvandan Bakıya gətiriləcəklər. 
 

Qeyd edək ki,, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub. 

Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.   

Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub. 

 


Oxunma sayı: 4434

Oxşar yazılar