Çilidə etiraz nümayişçiləri mədəni abidələri zədələyiblər

  • 16:45 - 25 Yanvar

Çilidə sosial problemlərlə əlaqədar küçələrə çıxmış etirazçılar 329 mədəniyyət abidəsini zədələyiblər.

Son üç ayda sosial böhran nəticəsində etirazçılar Çilidə, xüsusən Santyaqo və Valparaiso şəhərlərində azı 329 mədəniyyət abidəsini zədələyiblər. Bu şəhərlərin küçə və meydanları ən müxtəlif sosial tələblər irəli sürülən böyük bir elan lövhəsinə çevrilib.

Milli Abidələr Şurasının kadastrında qeydiyyata alınmış 20-dən çox heykəl zədələnib, dağıdılıb və ya başqa heykəllərlə əvəz edilib. Paytaxtdan təqribən 450 kilometr şimalda yerləşən La-Serena şəhərində etirazçılar ispaniyalı işğalçı Fransisko de Aqirrenin heykəlini uçurub və onun əvəzinə yerli diagit xalqının nümayəndəsi Milankanın heykəlini qoyublar.

Paytaxt Santyaqodakı İtaliya meydanı tanınmaz vəziyyət düşüb, bu meydanda sanki bomba partlayışı baş verib. Etirazçılar XIX əsrin hərbi və siyasi xadimlərindən olan general Manuel Bakedanun şərəfinə ucaldılmış heykəli də uçurmağa çalışıblar. Sosial şəbəkələrin minlərlə istifadəçisi bu prosesi canlı müşahidə ediblər. Nəticədə abidə ciddi zədələnib.

Keçən il oktyabrın 18-də başlanmış iğtişaşlar bütün şəhəri bürüyüb, etirazçılar metrodakı terminalların çoxunu sındırıb, nəticədə metropolitenin işini müvəqqəti dayandırmalı olublar. Nümayişçilər avtobusları və ticarət mərkəzlərini də yandırıblar. Santyaqoda 1987-ci ildən bəri ilk dəfə komendant saatı elan edilib. Çilidə etirazlar zamanı 15 nəfər həlak olub. Dəymiş ziyanın ödənilməsi üçün ayrılan 1,2 milyard dolların təqribən 350 milyonunu son günlərdə ciddi ziyan vurulmuş metronun və ictimai infrastrukturun bərpasına sərf etmək lazım gələcək.

Etirazların başlanmasına səbəb ictimai nəqliyyatda gediş haqqının artırılması olub, lakin nümayişçilər hakimiyyət orqanlarına başqa sosial problemləri də xatırladıblar. Çili Prezidenti Sebastyan Pinyera bu problemlərin həllinə yönəlmiş kompleks tədbirlər elan edib. O cümlədən pensiyaçıların dəstəklənməsi, minimal əməkhaqqı səviyyəsinin təmin edilməsi, elektrik enerjisi üçün tariflərin sabitləşdirilməsi nəzərdə tutulub.


Oxunma sayı: 6964

Oxşar yazılar