İcbari Tibbi Sığorta ilə bağlı əsassız xəbərlərə inanmayın - Rəsmi

  • 17:41 - 24 Yanvar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqi ilə bağlı sosial şəbəkələrdə yayılan çaşdırıcı xəbərlərə münasibət bildirib.

Agentlikdən Avropa.info-ya verilən məlumata görə, sosial şəbəkələrdə icbari tibbi sığortanın hər region üzrə 3 ay müddətində tətbiq edilməsi ilə bağlı paylaşılanlar həqiqəti əks etdirmir: “Yayılan məlumat çaşqınlığa, təşvişə və tibb müəssisələrinə vətəndaş axınına səbəb olur. Əhalinin diqqətinə çatdırıq ki, icbari tibbi sığorta 2020-ci il ərzində ölkə üzrə 4 mərhələdə həyata keçiriləcək. 2020-ci il yanvarın 1-dən 23 regionda icbari tibbi sığortanın tətbiqinə artıq başlanılıb. Bu regionlarla yanaşı aprelin 1-dən 21, iyulun 1-dən 15, oktyabrın 1-dən isə 7 şəhər və rayonun sakinləri icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edəcəklər”.

Məlumatda qeyd olunub ki, tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq, icbari tibbi sığortanın əhəmiyyəti, üstünlükləri ilə bağlı məlumatlandırmaq, eləcə də tibb müəssisələrində yeni maliyyələşmə mexanizmini tətbiq etmək məqsədilə hər mərhələ üzrə sistemin icrası 3 aya bölünüb: “Səhhətində narahatlıq (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) yaranmış şəxslərə ilk növbədə şəxsiyyət vəsiqələri ilə öz ailə həkimlərinə müraciət etmələri tövsiyə olunur. Ailə həkimi vətəndaşı müayinə/müalicə etdikdən sonra xəstəliyi ilə bağlı ixtisas həkimi tərəfindən müalicəyə ehtiyac gördükdə həmin həkimə göndəriş verir. Bu zaman artıq ailə həkiminin göndərişi əsasında tibb müəssisəsinə müraciət olunmalıdır”.


Oxunma sayı: 6612

Oxşar yazılar