“Onları devirənə 1 milyard dollar verəcəm” – Xaos sponsoru Soros iki dünya liderinə meydan oxudu

  • 17:12 - 24 Yanvar

İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunda (WEF) çıxış edən sionist maliyyə fırıldaqçısı Cors Soros çıxışında bəşəriyyətin dönüş nöqtəsində olduğunu, qarşıdan gələn illərin ABŞ prezidenti Donald Trampın və Çin lideri Si Tzinpinin qədərini təyin edəcəyini, eyni zamanda dünyanın da öz taleyini müəyyən edəcəyini deyib.

Avropa.info xəbər verir ki, “Tarixi çevrilişin həyata keçdiyi, açıq cəmiyyətlərin ayaqda qalmasının təhlükədə olduğu bir dövrdə yaşayırıq” deyən 86 yaşlı macar milyarder digər böyük problemin iqlim dəyişikliyi olduğunu deyib.

O, həyatının ən vacib layihəsi olan “Açıq Cəmiyyət Universiteti Şəbəkəsi”-nin (OSUN) bütün dünya universitetlərinin iştirak etdiyi beynəlxalq platforma olacağını deyib:

“Mən sağ ikən bu layihənin həyata keçirildiyini görmək istəyirəm. OSUN-a sadiqliyimizi göstərmək üçün layihəyə bir milyard dollar ianə veririk. Ancaq tək başımıza qlobal şəbəkə qura bilmərik. Bu layihədə dünyanın hər yerindən ortaq təşkilat və dəstəkçilərə ehtyacımız olacaq”.

Sorosun Macarıstanda qurduğu Orta Avropa Universiteti (CEU) prezident Viktor Orbanın təzyiqi altında fəaliyyətini dayandırmağa məcbur olmuşdu. Orbanı diktatorluqda ittiham edən Soros açıq cəmiyyətlərin daha çox risk altında olduğunu, bu layihənin heç vaxt olmadığı kimi vacib olduğunu deyib. O, Çin, Rusiya və ABŞ kimi dünyanın ən güclü ölkələrinin diktatorların əlində olmasından və avtoritar liderlərin getdikcə artmasından təəssüf hissi keçirdiyini bildirib.

İrqçiliyin dünya miqyasında daha çox artdığını, ən böyük və qorxulu geriləmənin isə Hindistanda cərəyan etdiyini bildirib. O, Hindistan baş naziri Narendra Modini “Hindu milliyyətçisi dövlət” yaratmaqda ittiham edib.

ABŞ prezidenti Donald Tramp “hiyləgər, dələduz, narsist və iqlim inkarçısı” kimi təqdim edən Soros mövcud iqtisadi məlumatların Trampın yenidən seçilməsinə şərait yaradacağını qeyd edib.

“Tramp hazırda dinamikada olan iqtisadiyyatı həddən artıq qızışdırıb. Həddən artıq isinmiş iqtisadiyyatı qaynama nöqtəsində uzun müddət tutmaq mümkün deyil. Bunlar seçikiyə az qalmış baş versə, ehtimal ki, qələbəni təmin edəcək, amma onun problemi 10 ay qalmasıdır. On ay... İnqilabçı gözlə baxıldıqda bir ömür qədər uzundur” – Soros deyib.

Soros Çin lideri Si Tzinpinin bütün gücü öz ətrafında cəmləşdirdiyini qeyd edərək, Kommunist Partiyası ənənələrinin qırıldığını və Çin iqtisadiyyatının daha əvvəl qıvraqlığını itirdiyini deyib. O, Si Tzinpinin vəzifə başına keçib kifayət qədər güc qazanan diktator halına gəldiyini, uğurlarının reallıqdan uzaq olduğunu və “tək uşaq” siyasətinin demoqrafik baxımdan bu ölkənin əleyhinə işlədiyini bildirib.

Sorosu ən çox narahat edən hal isə Si Tzinpinin avtoritar sistem yaratmaq istəyidir. O, Çin liderinin insanların başlarına bir şey gəlməməsi üçün şəxsiyyətlərini belə verəcəkləri yeni insan növü yaratmaq istəyində olduğunu bildirib.

“İnsan bir dəfə şəxsi azadlığını itirərsə, bir daha özünə gəlməsi çox çətindir. Açıq cəmiyyətin də belə bir dünyada yeri ola bilməz” – Soros deyib.


Oxunma sayı: 42824

Oxşar yazılar