İran Mədəniyyət Mərkəzi həddini aşdı - Bakıda SEPAH generalı Qasım Süleymani üçün yazı müsabiqəsi keçirilir

  • 13:48 - 24 Yanvar

Bakıdakı İran Mədəniyyət Mərkəzi Bağdadda öldürülmüş İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) komandiri Qasım Süleymaninin xatirəsinə həsr olunmuş poeziya, musiqi, məqalə, rəsm və klip müsabiqəsi keçirəcək. İRNA-nın məlumatına görə, generalın ölümündən sonra İran Mədəniyyət Mərkəzinə “bu böyük generalın cəsarəti haqqında çox sayda ədəbi və bədii əsərlər” verilib. 

“Tədbir zamanı qaliblərə mükafatlar təqdim ediləcək”, - məlumatda  deyilir. Tədbirin keçiriləcəyi tarix və vaxt açıqlanmır. Xəbəri “Turan” agentliyi yayıb.   

Süleymaniyə müsabiqə həsr olunması, onun Bakıda yad edilməsi birmənalı qarşılanmır. Azərbaycanda SEPAH generalının qətlindən sonra cəmiyyətdə müzakirələr ikili mövqe ilə müşahidə olundu. 

Onu şəhid hesab edənlərlə etməyənlər arasında ciddi dartışmalar yaşandı. Rəsmi Bakı isə xarici işlər nazirimizin İran dövlətinə generalının ölümünə görə başsağlığı verməsi ilə kifayətləndi. 

İndi isə Bakıdakı İran Mədəniyyət Mərkəzinin generalla bağlı müsabiqə keçirməsi sosial mediada fərqli reaksiyalarla nəticələnib.  Yeri gəlmişkən, bundan əvvəl Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində 20 yanvar qırğınında əli olan Yevgeni Primakova həsr olunmuş sərgi də etiraza səbəb olmuşdu.


Oxunma sayı: 45299

Oxşar yazılar