Şagirdləri oğurladığı iddia olunan qadın polis idarəsinə gətirildi - Yenilənib (Foto)

  • 10:24 - 24 Yanvar

“Sabunçu rayonunda yerləşən məktəblərin birində uşaq oğurluğu ilə bağlı sosial şəbəklərdə yayılan məlumatlar əsassızdır, təsdiqini tapmayıb”.

Bu barədə Avropa.info-ya Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. 

Onun sözlərinə görə, BŞBPİ və Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində fotoşəkilləri yayılan qadın, 1965-ci ildə Xızı rayonunda anadan olan Reyhan Səfərova müəyyən olunaraq, polis idarəsinə gətirilib:

“Araşdırmalar nəticəsində məlum olub ki, qadın həmin ərazidə kirayədə yaşayır, əvvəllər məhkum olunmayıb, sakit həyat tərzi sürür, sağlamlıq imkanları məhduddur.

Diqqətə çatdırırıq ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur. Məlumatlar polis orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan əsassız yazılıb, iddialar dezinformasiyadır və təxribat xarakteri daşıyır”.

***

Bakıda orta məktəbin qarşısında uşaqları oğurlayan qadının olması ilə bağlı məlumatlar Bakı şəhər Baş Polis İdarəsi tərəfindən nəzarətə götürülüb.

İdarənin Mətbuat xidmətinin rəisi, polis mayoru, Elşad Hacıyev Avropa.info-ya bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar Bakı şəhər Baş Polis İdarəsinin nəzarətinə götürülüb: "Tərəfimizdən müvafiq araşdırmalar aparılır".

Xatırladaq ki, "Whatsapp" sosial şəbəkəsində Bakıda uşaq oğurlamaqla məşğul olan qadının fotosu paylaşılıb.

Deyilənə görə, paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində təxminən 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları aldadaraq oğurlamaq istəyib. Ərazidə olan valideynlər qadına mane olublar.

 


Oxunma sayı: 8746

Oxşar yazılar