Nazirlikdən 20 yanvar şəhid ailələrinin narazılığna cavab

  • 12:35 - 23 Yanvar

Sosial şəbəkə şəhifələrinin birində yayımlanan videoda bir neçə 20 Yanvar şəhidi ailəsinin üzvü onlara göstərilən qayğıdan narazılıq ediblər.

Avropa.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov yayılan video ilə bağlı öz “Facebook” profilində məlumat paylaşıb. Qurum rəsmisi bildirib ki, 20 Yanvar şəhidlərinin ailələrinin və 20 Yanvar əlillərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən mühüm işlər aparılır:

“Şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan bütün imtiyaz və güzəştlər, onlar üçün həyata keçirilən bütün sosial müdafiə tədbirləri, eynilə 20 Yanvar şəhidlərinin ailələrinə və 20 Yanvar əlillərinə də şamil edilir. Yəni burada tam bərabər yanaşma, bərabər təminat səviyyəsi mövcuddur.

Ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev verilib ki, onların sırasında 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri də var. Həmçinin müharibə əlilləri və onlara bərabər tutulanlara indiyədək 6750 minik avtomobili verilib ki, onlardan bir hissəsi də 20 Yanvar əlilləridir (116 nəfər 20 Yanvar əlili və 20 Yanvar şəhidinin ailəsi mənzillə, 92 nəfər 20 Yanvar əlili minik avtomobili ilə təmin edilib)”.

Fazil Talıbov şəhid ailəsi üzvlərinin əmək pensiyasının üzərinə 100 manat da əlavə edildiyini qeyd edib:

“Prezidentin təqaüdü olaraq, 20 Yanvar şəhidlərinin ailələri aylıq 300 manat təqaüdlə, şəhid ailələrinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvləri, uşaqları aylıq müavinətlə təmin edilir, həmçinin əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvlərinin hər birinə yaşa görə əmək pensiyasının üzərinə 100 manata yaxın əlavə edilir.

Əlilliyə görə aylıq müavinət alan 20 Yanvar əlillərinə Prezidentin aylıq təqaüdləri ilə birgə I qrup – 450 (onlara qulluğa görə təqaüd də daxil olmaqla), II qrup – 360, III qrup – 320 manat, pensiya alan 20 Yanvar əlillərinə isə əlavə olaraq Prezidentin aylıq təqaüdləri (I qrup – 300 (onlara qulluğa görə təqaüd də daxil olmaqla), II qrup – 230, III qrup – 210 manat) ödənilir.

Müharibə əlilləri və şəhid ailələri kimi, 20 Yanvar əlilləri və şəhid ailələrinin də ödənişli ali təhsil alan övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

Ölkənin qanunvericiliyində onlar üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb. Məsələn, 20 Yanvar əlillərinə əmək məzuniyyəti 46 təqvim günündən az olmayaraq verilir, işçilərin sayı və ya ştatı ixtisar edilərkən şəhid ailəsi üzvlərinə işdə saxlanmaqla üstünlük verilir.

Hər il olduğu kimi, bu ildə də 1990-cı ilin 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri birdəfəlik maddi yardımla təmin ediliblər”.

Şöbə müdiri yaxın günlərdə “20 Yanvar şəhidi” fəxri adının təsdiq olunacağını da vurğulayıb:

Onu da bildirək ki, 20 Yanvar şəhidlərinin ailələri hər hansı vəsiqədən asılı olmayaraq bu yüksək statusu – şəhid ailəsi statusunu daşıyırlar və şəhid ailələri üçün nəzərdə tutulan bütün imtiyaz və güzəştlərdən istifadə edirlər. Bununla belə, “20 Yanvar şəhidi” fəxri adı ilə təltif olunma haqqında vəsiqənin nümunəsi də hazırlanıb və yaxın günlərdə təsdiq olunacaq.


Oxunma sayı: 7789

Oxşar yazılar