Uğurlu təhsil millətin xoş gələcəyidir

  • 19:10 - 21 Yanvar

Son illər dövlətin diqqət və qayğısı sayəsində Azərbaycan təhsili özünün ən yüksək inkişaf dövrünü yaşayır. Ölkəmizdə  aparılan uğurlu təhsil strategiyası, islahatlar, bununla  bağlı qəbul edilən proqram, qərar və sərəncamlar təhsilimizdə ciddi keyfiyyət dəyişiklikləri yaradıb, böyük nailiyyətlər qazanılmasında həlledici rol oynayıb.

Şübhəsiz, bu nəticələrin əldə olunmasında təhsilin səmərəliliyinin artırılması məqsədilə tədris şəbəkələrinin genişləndirilməsi, paytaxt və iri şəhərlərlə yanaşı, bölgələrdə təhsil müəssisələrinin fəaliyyətinin aktivləşməsi xüsusi önəm daşıyır.

İmişli rayon Təhsil Şöbəsinin işi  də  bu baxımdan xüsusi diqqət  çəkir. Şöbənin rəhbərliyi ilə həyata  keçirilən  müxtəlif layihələr, görülən işlər rayonda təhsilin maddi-texniki bazasını  xeyli möhkəmləndirilib, orta ümumtəhsil məktəbləri müasir tələblər səviyyəsində yenidən qurulub. Artıq  məktəblilərdə  dərslərə  həvəsin artması,  bilik səviyyəsinin  gözəçarpacaq  irəliləyişləri  hiss olunmaqdadır.

Rayon Təhsil Şöbəsinin tabeliyində 62 ümumtəhsil məktəbi -  57 tam orta məktəb, 3 ümumi orta məktəb, 2 ibtidai məktəb, o cümlədən  2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Möhkəm maddi-texniki bazaya malik sözügedən təhsil şöbəsi kadr potensialına, təlim-tərbiyənin səviyyəsinə görə respublikanın qabaqcıl pedaqoji qurumlarından birinə çevrilib.

Ötən 6 ayda şöbənin fəaliyyətində ciddi dəyişikliklər baş verib. Respublika Təhsil Nazirliyinin və rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində burada tədrisin keyfiyyəti xeyli yüksəlib.  Məktəblərdə  nizam intizamın, məsuliyyət hissinin gücləndirilməsi, tədris prosesinə tələbkarlığın artırılması aydın hiss  olunur.

Rayonda bu il yanvarın 19-da  ümumtəhsil məktəblərinin IX sinif şagirdləri arasında mərkəzləşdirilmiş qaydada test üsulu ilə yoxlama (sınaq) imtahanı keçirilib. Beş mərkəzdə keçirilən imtahan rayon təhsil şöbəsinin təşkilatçılığı ilə aparılıb. İmtahanda rayon üzrə IX siniflərdə təhsil alan 1284 nəfər şagirdən 1156 nəfəri iştirak edib.

Bu imtahanın keçirilməsində məqsəd IX sinif məzunlarının bilik səviyyəsini, pedaqoji kollektivlərin, o çümlədən müəllimlərin fəaliyyətini qiymətləndirmək, təhsil  sahəsindəki real vəziyyəti yaxından müəyyən etmək, eyni zamanda  imtahan iştirakçılarının hədəflərinin aydınlanması, məsuliyyətlərinin artırılması olub.   Bu  həmçinin, təhsilin inkişafına və bu ilki buraxılış imtahanlarında yüksək nəticələrin əldə olunmasına  hesablanan  bir  hadisədir.  İmtahanların nəticələri yaxın günlərdə məlum olacaq ki, bunun da  təhsil şöbəsində geniş şəkildə təhlil və müzakirəsi aparılacaq. Sonrakı mərhələlərdə, görüləcək işlərin məqsədyönlü davamında da bu imtahanda  göstərilən nəticələr nəzərə alınacaq.

Bu ilin ikinci yarımilində  də rayon üzrə müxtəlif mövzularda bu formatda monitorinqlərin təşkili nəzərdə  tutulur. Təhsil şöbəsindən bildirildi ki, fevral ayında IV siniflərin  bilik  səviyyəsinin müəyyən  edilməsi  üçün də belə bir  sınaq  imtahanı keçiriləcək. 

  Təhsil  Şöbəsinin müdiri  Ələmdar Quliyevin dediyinə  görə  son vaxtlar  təhsilin inkişafındakı nailiyyətlərin sayı artmaqdadır. Burada hər kəs öz işinə xüsusi məsuliyyətlə yanaşır və  dərs  keyfiyyətinin,  tədris  prosesində  nizam-intizamın  artırılması  üçün əlindən gələni əsirgəmir.

 


Oxunma sayı: 5336

Oxşar yazılar