İmişlidə dəfn edilən naməlum şəhidlərdən birinin kimliyi bilindi

  • 21 Yan - 2020

1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistanın silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olaraq tanınmadan İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilmiş şəhidlərə aid meyit qalıqları Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə eksqumasiya olunub və müvafiq nümunələr götürülüb.

Komissiyadan Avropa.info-ya verilən məlumata görə, meyit qalıqlarından və dəfn edilmiş şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülmüş nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilib.

Hərbi rituallara uyğun olaraq, həmin şəhidin nəşi ailə üzvlərinin istəyi ilə Yevlax şəhərindəki Şəhidlər xiyabanında 2020-ci il yanvarın 23-də saat 15:00-da dəfn ediləcək.


Oxunma sayı: 2861

Oxşar yazılar