20 Yanvar ın 30 illiyi dünya ölkələrində

  • 11:19 - 21 Yanvar

20 Yanvar hadisələrinin 30 illiyi dünyanın bir çox ölkələrində də qeyd olunub.

Avropa.info modern.az-a istinadən faciə qurbanlarının anıldığı ölkələrdə olan tədbirləri təqdim edir.

Almaniya

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi və Almaniya Azərbaycanlıları Alyansının birgə təşkilatçılığı ilə Berlində yerləşən Azərbaycan Evində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib.

20 Yanvar qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra səfir Ramin Həsənov çıxış edib. O, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilən kütləvi qırğın barədə ətraflı məlumat verib, hadisələrin törədilməsində əsas məqsədin Azərbaycan xalqının istiqlaliyyət, azadlıq, suverenlik istəyinin boğulmasından, insanların müstəqillik arzularının əzilməsindən ibarət olduğunu qeyd edib.

Tədbirdə iştirak edən Almaniya Azərbaycanlıları Alyansının sədri Yaşar Musayev və Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının rəhbəri professor Eva-Mariya Aux çıxışlarında 20 Yanvar hadisələri, Bakıda və ölkəmizin digər bölgələrində Azərbaycanın azadlığı və müstəqilliyi naminə aparılan mübarizə haqqında ətraflı məlumat verib, hələ SSRİ dövründə çoxsaylı xalqların nümayəndələrinin yaşadığı multikultural şəhər olan Bakıda törədilən qırğında azərbaycanlılarla yanaşı, müxtəlif millətlərin nümayəndələrinin də şəhid edildiyini qeyd ediblər. SSRİ-nin dağılması ərəfəsində bir sıra keçmiş sovet respublikalarında dinc nümayişlərin olduğunu və onlara qarşı da zorakılığın tətbiq edildiyini, lakin sovet hakimiyyətinin 20 Yanvar hadisələri zamanı Bakıda törətdiyi hərbi cinayətlərin cəlb edilmiş hərbi qüvvələrin miqyasına və qətl edilmiş dinc insanların sayına görə digərləri ilə müqayisə olunmaz dərəcədə ağır olduğunu bildiriblər. Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən qısametrajlı film və həmin hadisələr haqqında tarixi fotoşəkillər nümayiş etdirilib. Azərbaycanın milli azadlıq hərəkatı və 20 Yanvar hadisələrinə dair ümumi müzakirələr aparılıb, hadisələrlə bağlı suallar cavablandırılıb.

Ukrayna

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru Hikmət Cavadov da 20 Yanvar hadisələrini anıb. Tədbirdə çıxış edənlər Sovet ordusunun günahsız insanları hədəf almasını qeyd ediblər.

Gürcüstan

20 Yanvara həsr edilən digər tədbir Gürcüstanda keçirilib.

Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən təşkil edilən 20 Yanvar faciəsinin anım tədbiri Tbilisi şəhərində yerləşən Gənclər sarayında olub. Tədbirdə Gürcüstan dövlətinin xarici işlər nazirinin müavini, Patriarxı, Türkiyə və İran dövlətlərinin səfirləri də qatılıblar. Tədbirdə 20 Yanvar faciəsinə aid fotosərgi təşkil edilib.

Qazaxıstan

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Qanlı Yanvar - müstəqilliyə aparan yol” adlı klassik musiqi gecəsi və fotosərgi təşkil olunub.

Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi, Azərbaycanın Qazaxıstandakı Səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli dövlət orqanlarının, diplomatik korpusun təmsilçiləri, tanınmış ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov bildirib ki, ən yeni tariximizin şərəfli səhifələrindən biri olan 20 Yanvar faciəsi xalqımızın azadlıq və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliklə nəticələnməsində ciddi dönüş nöqtəsinə çevrildi: "Qanlı Yanvar qırğını Azərbaycanın müstəqilliyinin necə çətinliklə əldə olunduğunu göstərir. 1988-ci ildən erməni separatçılarının başlatdığı təcavüzkarlıq aktlarına etiraz olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə qarşı SSRİ rəhbərliyinin qeyri-qanuni silahlı müdaxiləsi yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması ilə nəticələndi. Bu, totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi. Amma Bakıda kütləvi şəkildə həyata keçirilən bu ağlasığmaz vandallıq aktı insanlarımızı ruhdan salmadı, əksinə, xalqımızı dövlət müstəqilliyinin əldə olunması uğrunda mübarizədə daha da sıx birləşdirdi və gücləndirdi. Həmin hadisələr bir qəhrəmanlıq salnaməsinə çevrildi və müstəqilliyin nə qədər böyük bir dəyər olduğunu heç zaman silinməyəcək şəkildə yaddaşımıza həkk etdi".

Qeyd edilib ki, həmin çətin illərdə məhz ulu öndər Heydər Əliyevin və ziyalılarımızın cəsarətli mövqeləri xalqın əzmkarlığında, haqsızlığa qarşı inamlı duruşunda böyük rol oynayıb.

Səfir deyib ki, klassik musiqi gecəsini və 20 Yanvar hadisələrini əks etdirən foto-sərgini təşkil etməkdə əsas məqsəd böyük qurbanlar bahasına əldə etdiyimiz dövlət müstəqilliyinin əvəzsiz miras olduğuna diqqəti bir daha cəlb etməkdir.

Sonra Azərbaycan Opera və Balet Teatrı orkestrinin pianoçusu, beynəlxalq mükafatlar laureatı Fəqan Həsənlinin ifasında Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Vaqif Mustafazadə, Şopen, Şnitke, Skryabin kimi Azərbaycan və dünya bəstəkarlarının seçilmiş əsərləri səsləndirilib.

Analoji tədbirlərin Qazaxıstanın digər böyük şəhərlərində də təşkil olunması nəzərdə tutulub.

İsveç

Stokholm Azərbaycan Mədəniyyət Mərkəzi, İsveç Azərbaycan Federasiyasi və İsveç-Azərbaycan Dərnəyinin (SAF) təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, diaspor üzvlərimiz və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Silahdaşlar” filmi nümayiş etdirilib.

Tədbirdə çıxış edən Stokholm Azərbaycan Mədəniyyət mərkəzinin rəhbəri Rahim Sadıqbəyli, İsveç-Azərbaycan Dərnəyinin rəhbəri Sevda Dadaşova, Azərbaycanın İsveçdəki səfirliyinin birinci katibi Vaqif Seyidbəyov 30 il öncə SSRİ rəhbərliyinin Bakıda və Azərbaycanın digər şəhərlərində törətdiyi dəhşətli cinayətdən danışıblar. Natiqlər 20 Yanvar faciəsini xalqımıza qarşı əvvəlcədən planlaşdırılmış qanlı akt adlandırıblar, Yanvar hadisələrini xalqımızın müstəqillik ruhunu sarsıtmaq istəyən qüvvələrin səylərinin uğursuzluğa məruz qalması, xalqımızın öz qanı bahasına müstəqilliyə qovuşması və azadlıq əzmini bir daha nümayiş etdirməsi kimi qiymətləndiriblər. Qeyd edilib ki, 20 Yanvar Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də xalqımızın qürur günüdür. Tariximizin ən şərəfli səhifələrindən biri olan bu gündə Vətən uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bütün dünyada ehtiramla yad olunur.

Qeyd edək ki, 20 Yanvar şəhidlərinin xatirəsi İsveçin Höteborq şəhərində keçirilən tədbirdə də yad edilib. İsveçin “Öppna kanalen” telekanalında və 101.1 FM radiosunda 20 Yanvar hadisələrinə həsr olunmuş verilişlər yayımlanıb.

ABŞ

16 yanvar 2020-ci il tarixində ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Stiv Şabot (Steve Chabot) bəyanatla çıxış edərək, “Qara Yanvar” kimi tanınan Sovet İttifaqı tərəfindən törədilmiş qətliam zamanı həlak olmuş günahsız insanların xatirəsini yad edib və 30 illiyinin qeyd olunduğu 20 yanvarın Azərbaycanın müstəqilliyinin yenidən formalaşması tarixi kimi əhəmiyyətini vurğulayıb.

Konqresmen Stiv Şabot bəyanatında 1990-cı ilin 20 yanvar gecəsində 26 minlik sovet qoşunlarının Bakı və ətraf ərazilərə hücum etdiyini, “Qara Yanvar” kimi insanların və tarixin yaddaşına həkk olunan Sovet qəddarlığı nəticəsində 145-dən çox mülki əhalinin həlak olduğunu, 800-ə yaxın insanın yaralandığını və yüzlərlə insanın həbs olunduğunu diqqətə çatdırıb.

 Sovetlərin bu sərt tədbirinin məqsədinin Azərbaycanda formalaşmaqda olan müstəqillik hərəkatını boğmağa cəhd olmasına baxmayaraq, bunun Kommunist partiyasının idarəçiliyini və ümumilikdə Sovet İttifaqını qorumağa naçar cəhd kimi sübut edildiyi diqqətə çatdırılıb və bildirilib ki, əslində bu Azərbaycan və digər respublikaların müstəqillik hərəkatlarına təkan verib.

Məlumatda qeyd olunur ki, “Qara Yanvar” hadisələrindən sonra, Azərbaycan əhalisinin təzyiqləri nəticəsində Azərbaycan Parlamenti 1991-ci ilin 30 avqust tarixində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası haqqında Bəyannaməni, 18 oktyabr 1991-ci il tarixində isə Azərbaycan Respublikası Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını təsdiq edib.

Bəyanatda həmçinin məlumat verilir ki, 1991-ci ilin noyabr ayından etibarən Azərbaycanın müstəqilliyi tanınmağa başlanmış, gənc ölkənin müstəqilliyini tanıyan ilk ölkələrdən olan ABŞ 1992-ci ilin 28 fevral tarixində Azərbaycanla diplomatik münasibətlər qurub.

ABŞ və Azərbaycanın region üzrə ortaq maraq və məramlara malik olduğunu, ölkələrin xüsusilə enerji resurslarının inkişafı və təhlükəsizlik təhdidləri ilə mübarizə sahəsində əməkdaşlığını vurğulayan Stiv Şabot, digər Konqres üzvlərini Azərbaycanın bu faciəvi gününü yad etməyə çağırıb.

İsrail

İsrailin Qüds (Yerusəlim) şəhərində 20 Yanvar faciəsinin 30-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

"Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkil etdiyi tədbir 20 yanvar hadisələri zamanı həlak olanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman, Tel-Əviv Universitetinin Diaspor Araşdırmaları Mərkəzinin böyük elmi əməkdaşı, tarix üzrə dəlsəfə doktoru Leonid Smilovitski, Rus kitabxanasının direktoru Klara Elbert, İsrail Peşəkar Rəssamlar Birliyinin üzvü Qalina Podolskaya və başqaları çıxış ediblər.

Qeyd edilib ki,1990-cı il yanvarın 19-u gecə saat 23.30-da SSRİ və Azərbaycan SSR Konstitusiyalarını kobudcasına pozaraq, Azərbaycan Respublikasının suveren hüquqlarını tapdalayaraq sovet qoşun hissələri Bakıya yeridilib. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, sovet hakimiyyətini və kommunist ideologiyasını xilas etmək məqsədi daşıyıb. Nəticədə 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər həbs olunub. Həlak olanların arasında 3 yəhudi – təcili yardımın həkimi Aleksandr Marxevka, 22 güllə yarası almış Yan Meyerson və 17 yaşlı Vera Besantina da olub.

Yanvarın 21-də ümummilli lider Heydər Əliyevin Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək qanlı cinayəti törədənləri ittiham etdiyi və kəskin bəyanatla çıxış etdiyinı xatırladan natiqlər bildiriblər ki, bu dəhşətli cinayəti törədənlər Azərbaycan xalqının iradəsini sındıra və məqsədlərinə nail ola bilmədilər.

O zamandan, yanvarın 20-si Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur və şəhidlərin xatirəsi soydaşlarımızın yaşadıqları bütün xarici ölkələrdə yad edilir.

Daha sonra 20 Yanvar faciəsinin canlı şahidləri olan Qriqori Reyxman və Əli Mehdiyevin fotoları əsasında hazırlanmış videofilm göstərilib.Tədbir çərçivəsində Qara Yanvar faciəsini əks etdirən fotostend təşkil edilib.


Oxunma sayı: 11639

Oxşar yazılar