Bakı şəhər Prokurorluğunda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

  • 20:30 - 18 Yanvar

Yanvarın 17-də Bakı şəhər Prokurorluğunda Azərbaycan xalqının müstəqilliyi uğrunda qəhrəmanlıq salnaməsi kimi tarixə düşmüş 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Avropa.info-nun məlumatına görə, tədbir iştirakçıları əvvəlcə 20 Yanvar şəhidlərinin unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

Mərasimdə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov diqqətə çatdırıb ki, 20 Yanvar faciəsinin Azərbaycanın müstəqillik tarixində əhəmiyyətli yerə malikdir. Xalqımız yanvarın 19-dan 20-nə keçən gecə azad, müstəqil yaşamaq üçün Sovet ordusunun xüsusi təlim keçmiş hərbçilərinə qarşı müqavimət göstərərək öz canlarından keçib və müstəqillik yoluna qədəm qoyublar.

 

Qeyd edilib ki, SSRİ Ali Sovetinin 1990-cı il mart ayında keçirilən sessiyası Bakıdakı yanvar hadisələrinə siyasi qiymət vermək əvəzinə qəbul etdiyi qərarla Azərbaycan SSR Ali Sovetinin Deputat istintaq komissiyasının gəldiyi nəticələri nəzərə alaraq 20 yanvarda törədilmiş cinayətlərin təhqiqi və istintaqı haqqında SSRİ Prokurorluğuna, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinə və SSRİ Daxili İşlər Nazirliyinə göstəriş verib.

Vurğulanıb ki, 1990-cı il dekabrın 20-də SSRİ Baş Hərbi prokurorluğu hərbi qulluqçuların 20 yanvarda Bakıda baş vermiş hadisələrlə bağlı əməllərində guya cinayət tərkibi olmaması qənaətinə gələrək işə xitam verib. Bununla da SSRİ Ali Soveti əslində 20 yanvar faciəsinə siyasi və hüquqi qiymət verməkdən imtina etmiş, eyni zamanda həmin dövrdə ölkəyə rəhbərlik etmiş şəxslər də 20 Yanvar hadisəsinin araşdırılmasında, həqiqətin üzə çıxarılmasında, təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsində maraqlı olmayıblar.

Xüsusi vurğulanıb ki, informasiya blokadasına salınmış Bakıda Sovet ordusunun törətdiyi vəhşiliklərlə bağlı xalqımızın ümummilli lideri Heydər Əliyev bütün çətinliklərə baxmayaraq 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi ağır cinayət barədə bəyanatla çıxış edib. 1993-cü ildə ulu öndərin yenidən hakimiyyətə qayıdışından sonra qanlı Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.

Həmçinin qeyd olunub ki, 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin həllinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də xüsusi diqqət yetirilir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 13 dekabr 2019-cu il tarixli Sərəncamı ilə faciənin 30-cu ildönümü ilə bağlı ölkəmizdə və hüdudlarımızdan kənarda anma mərasimlərinin keçirilməsi qərara alınıb.  2006-cı il yanvarın 19-da  Dövlət başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.

Mərasimdə çıxış edən, Bakı şəhər prokurorunun müavini Azər Əsgərov, Bakı şəhər prokurorluğunun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Tariyel Qurbanov, Bakı şəhər prokurorunun köməkçisi Tural Aslanov 20 Yanvar faciəsi, onun baş verməsinə gətirib çıxaran hallar, sovet ordusunun xalqımıza qarşı etdiyi vəhşilik, xalqımızın silahlı xüsusi qoşun dəstələrinə qarşı göstərdiyi şücaət barədə məlumat veriblər.

Mərasimin sonunda 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış sənədli film nümayiş etdirilib.


Oxunma sayı: 6887

Oxşar yazılar