BMT Liviyada neft hasilatının dayandırılmasından narahatlığını ifadə edib

  • 19:02 - 18 Yanvar

BMT-nin Liviyanın Dəstəklənməsi Missiyası (UNMSL) bu ölkədə neft hasilatının dayandırılmasından narahatlığını ifadə edib. 

Təşkilat bu qərarın ağır nəticələr doğuracağı barədə xəbərdarlıq edib. Liviyada silahlı münaqişə fonunda qəbul edilmiş bu qərarın ölkədə sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdıracağını qeyd edən BMT missiyası tərəfləri Liviya Milli Neft Korporasiyasının fəaliyyətinə müdaxilə etməməyə çağırıb.

BMT Baş katibinin Liviyada xüsusi nümayəndəsi Həsən Salame bəyan edib ki, yaxın günlərdə ölkənin şərqində və mərkəzi hissəsində neft terminallarının açılması gözlənilmir. Onun sözlərinə görə, bu məsələ yanvarın 19-da Berlində keçiriləcək Liviyada münaqişənin nizamlanması üzrə konfransda da qaldırılacaq.

Al-Arabia telekanalının məlumatına görə, Züveytin istisna olmaqla, Liviyanın şərqində və mərkəzi hissəsində bütün terminallar bağlanılıb və onlardan neftin ixracı yanvarın 18-dən etibarən dayandırılıb. Qeyd olunub ki, bu qərar feldmarşal Xəlifə Haftarın komandanlığı ilə Liviya Milli Ordusu tərəfindən qəbul edilib. Eyni zamanda, bu qərar ölkədəki qəbilə başçıları tərəfindən də dəstəklənib.


Oxunma sayı: 7228

Oxşar yazılar