Səmimi deyin, bunu kim unudar? – Məzahir Pənahov

  • 15:53 - 17 Yanvar

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə namizədliyi özü tərəfindən irəli sürülmüş Rzağa Məmmədovun namizədliyinin qeydə alınmasından imtina edilməsinə dair sözügedən DSK-nın qərarından verilən şikayətə baxılıb.

Axar.az xəbər verir ki, məsələ barədə məlumat verən MSK-nın və Ekspert qrupunun üzvü Qabil Orucov DSK-nın qərarının R.Məmmədovun adına olan daşınmaz əmlakla bağlı olduğunu deyib. O, DSK-nın daşınmaz əmlakla bağlı məlumatların sənədlərdə əksini tapmadığı üçün namizədliyin qeydə alınmasından imtina etdiyini bildirib.

Müzakirədən sonra şəxsin namizədliyinin qeydə alınmamasına dair DSK-nın qərarı qüvvədə saxlanılıb.

Daha sonra çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, əmlakla bağlı müzakirələrdə namizədliyi irəli sürülən şəxsə kömək etmək mümkün deyil:

“Atamdan qalan əmlakı yaddan çıxarmışam" nə deməkdir?! Bax, burada 17 nəfər əyləşib, xahiş edirəm səmimi deyin, sizin hansı biriniz inanacaqdınız ki, kimsə atadan qalan hədiyyəni, əmlakı, o cümlədən daşınmaz əmlakı unudub?!”

MSK üzvü Almas Qəhrəmanlı bildirib ki, uyğunsuzluq Əmlak Məsələləri Dövlət Komitəsinin namizədə bir sənəd, DSK-lara başqa bir sənəd verməsindən qaynaqlanır.

M.Pənahov buna cavab olaraq deyib ki, belə olan təqdirdə namizədliyini irəli sürülən şəxs məhkəməyə müraciət etsin.

MSK-nın iclasında daha sonra namizədliyi 114 saylı Şəki kənd seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasından irəli sürülən partiya sədrinin müşaviri Pünhan İmanovun namizədliyinin qeydə alınmasından imtinaya dair qərarı müzakirə olunub.

MSK üzvü Validə Kazımova bildirib ki, şəxsin adına pay torpağının olması seçki sənədlərində qeyd olunmayıb.

Müzakirədən sonra şəxsin namizədliyinin qeydə alınmasından imtinaya dair DSK-nın qərarı dəyişdirilmədən saxlanılıb.


Oxunma sayı: 7514

Oxşar yazılar