Milli Məclisə seçkilər: ötən illərdə qazanılan zəngin təcrübə

  • 13:44 - 17 Yanvar

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçiriləcək. Əlbəttə, demokratik dəyərlərin, insan hüquqlarının bərqərar olması sivil inkişaf yolu tutmuş ölkələr üçün önəmlidir. Seçki isə demokratiyanın əsas göstəricilərindən biri kimi, insan hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyətə malik sistemdir. Ona görə də referendumlar, prezident, parlament və bələdiyyə seçkilərində iştirak xalqın maraqlarının təmini üçün olduqca vacibdir. Həmçinin seçkilər vasitəsilə vətəndaşların siyasi hüquqları həyata keçirilir, ölkə ərazisində sabitlik və cəmiyyətin hakimiyyət orqanlarına etimadı təmin olunur. Avropa.info Secki-2020.az saytına istinadən Azərbaycan xalqının seçki hüququna, müstəqillik illərində Milli Məclisə seçkilər, onun nəticələrinə və digər önəmli məqamlara dair qeydləri təqdim edir.

Xalqın suveren hüququ

Azərbaycan xalqı fevralın 9-da növbəti dəfə özünün Konstitusiya ilə müəyyən olunmuş suveren hüququndan istifadə edərək ölkə parlamentini formalaşdıracaq. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqı hesab edilir, həmçinin sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək onun suveren hüququ kimi müəyyən olunub. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.

Qanunvericilik hakimiyyətini həyata keçirən Azərbaycan Respublikasının Milli Məclisinə üzvlərini seçən xalq deputatlara qanunverici fəaliyyətlə yanaşı, onu təmsil etmək, onun adından danışmaq hüququnu verir. Bütün bunlar parlament seçkilərinin ölkə həyatı üçün çox ciddi əhəmiyyətə malik hadisə olduğunu bir daha isbatlayır.

Üzvləri majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilən Milli Məclis birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Parlamentin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

Müstəqillik illərində parlament seçkiləri və nəticələr

Müstəqillik illərində Milli Məclisə beş çağırış üzrə seçkilər keçirilib. 1995-ci il noyabrın 12-də keçirilən birinci çağırış seçkilərdə Yeni Azərbaycan Partiyası qalib gələrək 54 mandata sahib olub. Digər deputat mandatlarına isə başqa siyasi partiyaların nümayəndələri və bitərəf namizədlər sahib olublar.

2000-ci il noyabrın 5-də qanunverici orqana II çağırış seçkilərdə də xalq növbəti dəfə Yeni Azərbaycan Partiyasına dəstəyini ifadə edib. Hakim siyasi partiya 77 deputat mandatı qazanaraq seçkilərdə qələbə qazanıb. Digər siyasi partiyaların 17 mandat əldə etdiyi seçkilərdə 31 bitərəf namizəd seçicilərin etimadını qazana bilib.

Azərbaycan xalqı növbəti dəfə 2005-ci il noyabrın 6-da Milli Məclisin III çağırış deputatlarını seçib. Bu seçkilərdə də Yeni Azərbaycan Partiyası deputat mandatlarının yarıdan çoxunu – 63-nü qazanaraq qələbə qazanıb. Seçkilərə qatılan digər siyasi partiyalar isə ümumilikdə 18 mandatla parlamentdə təmsil olunmaq hüququ əldə ediblər. Səsvermənin nəticələrinə görə, digər yerləri isə partiya mənsubiyyəti olmayan 44 namizəd əldə edib.

2010-cu il noyabrın 7-də keçirilən IV çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası 71 deputat mandatı qazanaraq parlamentdəki hakim mövqeyini saxlayıb. Digər siyasi partiyaların 12 mandat əldə etdiyi seçkilərdə 42 bitərəf namizəd seçicilərin etimadını qazana bilib.

2015-ci il noyabrın 1-də keçirilən beşinci çağırış Milli Məclisə seçkilərdə də Yeni Azərbaycan Partiyası xalqın dəstəyi ilə növbəti dəfə qələbəni bayram edib. Bu seçkilərin nəticələrinə görə, Yeni Azərbaycan Partiyası 71, digər siyasi partiyalar isə 12 deputat mandatı əldə ediblər. Partiya mənsubiyyəti olmayan deputatların sayı 42 olub.

Demokratik seçki sistemi

Azər­bay­can­da­ de­mok­ra­tik­ seç­ki­ ənə­nə­lə­ri­nin­ for­ma­laş­ma­sı döv­lət müs­tə­qil­li­yi­ni­ bər­pa­ et­dik­dən­ son­ra­ əl­də­ et­di­yi­miz­ ən­ mü­hüm­ nailiy­­yət­lər­dəndir. Əlbəttə ki, ötən illərdə ölkəmizdə keçirilən referendumlar, prezident, parlament və bələdiyyə seçkiləri, nəticələr, müşahidələr Azərbaycanın kifayət qədər zəngin seçki təcrübəsinin olduğunu deməyə əsas verir.

Ölkəmizdə seçki hüququ sahəsində yaranan münasibətlər Seçki Məcəlləsi ilə tənzimlənir. Uzun illərdir təkmilləşdirilən Seçki Məcəlləsi bu gün təkmil sənəd kimi bütün beynəlxalq təşkilatların müsbət rəyini alır. Həmçinin keçirilən seçkilərdə ən son texnologiyaların tətbiqi və digər mütərəqqi addımlar Azərbaycanın seçki sisteminin səmərəliliyini daha da artırır. Bunu ölkəmizdə keçirilən seçkiləri izləyən beynəlxalq təşkilatların, müxtəlif ölkələrin missiyaları da öz rəylərində açıq-aşkar ifadə ediblər.

Bütün bunlar deməyə əsas verir ki, fevralın 9-da parlament seçkilərinin demokratik, şəffaf və ədalətli keçirilməsi üçün həm hüquqi baza, həm təcrübə, həm də ciddi iradə mövcuddur. Cəmiyyət hər zaman olduğu kimi, bu seçkilərə də kifayət qədər böyük maraq göstərir. Deputatlığa namizədlərin sayı da bunu təsdiq edir. Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, parlament seçkilərində iştirak üçün 2431 nəfər müraciət edib ki, onlardan da 1623-nün namizədliyi qeydə alınıb.

Qeyd edək ki, namizədlərin qeydə alınması prosesi hələ davam edir. Yəqin ki, bu rəqəm daha da artacaq.

Məlumat üçün nəzərinizə çatdıraq ki, artıq bu gündən etibarən namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. Bütün namizədlərin təbliğat-təşviqat kampaniyası aparmaları üçün bərabər şərtlər yaradılıb. Seçkiyə 10 gün qalmış seçki bülletenlərinin çap edilməsi və dairə seçki komissiyalarına paylanılması prosesi həyata keçiriləcək. Fevralın 9-da, seçki günü Azərbaycan xalqı sərbəst şəkildə öz iradəsini yenidən nümayiş etdirəcək.


Oxunma sayı: 11595

Oxşar yazılar