Azərbaycan minimum əməkhaqqının artımına görə dünya ikincisi oldu

  • 11:16 - 17 Yanvar

Azərbaycan ötən il minimum əməkhaqqı göstəricisinin tətbiq edildiyi dünya ölkələri arasında bu göstəricinin artımına görə ikinci yeri tutub. Bu haqda picodi.com portalının araşdırmasında deyilir.

BMT-nin Əmək Təşkilatının 131 saylı konvensiyasına əsasən, minimum əmək haqqının tətbiq edilməsi işçilərə onların minimal tələbatını ödəməyə belə imkan verməyən aşağı maaşların verilməsinin qarşısını almaq məqsədi daşıyır. Hazırda Avropa ölkələrinin bir neçə faizi əmək haqlarının təyin edilməsində qanunvericilik əsasında minimum əməkhaqqı göstəricisini əsas tutur. Afrika ölkələrinin isə təxminən yarısında bu qayda tətbiq edilir.

Saytın araşdırması Azərbaycan da daxil olmaqla 54 ölkəni əhatə edib. Həmin ölkələr minimum əmək haqqı göstəricisini qanunvericilik əsasında tətbiq edir. Beləliklə, məlum olub ki, 2019-cu ildə minimum əmək haqqının artımına görə Nigeriya dünya lideri olub. Bu ölkədə minimum əmək haqqı 64.8 faiz artıb, lakin bu cür kəskin artıma baxmayaraq Nigeriyada minimum əmək haqqı cəmi 74 dollara çatıb.

Azərbaycan isə minimum əmək haqqının artımına görə ikinci yerdədir-37.7 faiz. Bu artımdan sonra ölkəmizdə minimum əmək haqqı 140 dollara çatıb. Səudiyyə Ərəbistanında isə minimum əmək haqqı 33 faizdən çox artaraq 1067 dollar olub. Ermənistan minimum əmək haqqının artımına görə siyahıda beşinci yerdədir, bu ölkədə artım 25.2 faiz olub və həmin artımdan sonra minimum əmək haqqı 111 dollar təşkil edir.

Siyahıda 6-cı yerdə Meksikadır, bu ölkədə minimum əmək haqqı 20 faiz artandan sonra 191 dollar olub. Növbəti pillədə isə 18 faiz artımla Çilidir, həmin ölkədə minimum əmək haqqı hazırda 318 dollardır. Nəhayət 8-ci yerdə 16.7 faiz artımla Pakistan gəlir ki, bu ölkədə minimum əmək haqqı 113 dollardır. MDB ölkələrindən Qazaxıstan isə minimum əmək haqqının artımına görə sonuncudur-cəmi 1.1 faiz. Hazırda bu ölkədə minimum əmək haqqı 98 dollar təşkil edir.

Virtualaz.org


Oxunma sayı: 8955

Oxşar yazılar