Gürcüstanda 20 Yanvar faciəsi anılıb

  • 22:59 - 16 Yanvar

Gürcüstanda 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan növbəti tədbir Bolnisi rayonunda keçirilib.

Mərasimi Azərbaycanın Gürcüstandakı səfirliyi və Bolnisi rayon bələdiyyəsi birgə təşkil edib.

Bələdiyyə binasının konfrans zalında baş tutan tədbirdə Bolnisi bələdiyyəsinin sakrebulo sədri Tamaz Jorjoliani, rayon icra başçısının müavini Longinoz Həsənov, Gürcüstanın Azərbaycanlı Ağsaqallar Şurasının sədri İsaq Novruzov, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılar 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək 20 Yanvar faciəsinə aparan hadisələrin xronologiyasından danışıb. O, bu qanlı hadisəni Azərbaycanın müstəqilliyi yolunda ən dəhşətli faciələrdən biri olduğunu bildirib: “20 Yanvar faciəsi həm də Azərbaycan xalqının qəhrəmanlıq səhifəsidir. Bu faciə xalqımızın yaddaşında həm hüzn, həm də qürur günü kimi yaşayır”.

Diplomat anım tədbirinə qatılan Bolnisi rayon rəhbərliyinin nümayəndələrinə minnətdarlığını bildirib: “Gürcü qardaşlarımız hər zaman Azərbaycan xalqının ağrı-acısına şərik olub. Gürcüstanda 1989-cu ilin aprelin 9-da 20 Yanvar faciəsinə oxşar qanlı hadisə törədilib. Həm Azərbaycan, həm də Gürcüstan xalqı dövlət müstəqilliyi uğrunda canlarından keçən qəhrəman oğul və qızlarının xatirəsini hər zaman əziz tutur, yad edir”.

Tədbir çərçivəsində 20 Yanvara həsr olunan videoçarx və fotoşəkillər nümayiş etdirilib.

Professor Mahmud Kamaloğlu çıxışında 20 Yanvarda şəhid olan Gürcüstan azərbaycanlılarının şəhidlik tarixçəsi və keçdikləri şərəfli həyat yolundan söz açıb.

Bolnisi rayonunun Faxralı kəndindən olan şəhid İlqar Əhmədovun riyaziyyat müəllimi olan Cümşüd Gülməmmədov da çıxış edərək şəhidin məktəb illəri barədə danışıb. O, İ.Əhmədovun əlaçı şagird, mərd və qürurlu oğul olduğunu bildirib: “İndiki şagirdlərimizi də İlqar Əhmədovun şərəfli ömrü barədə məlumatlandırırıq. Bolnisidə yaşayan azərbaycanlılar onun kimi şəhid oğullarımızla qürur duyur”.

Sonda tədbir iştirakçıları üçün ehsan süfrəsi açılıb, bütün şəhidlərin ruhlarına dualar oxunub. 


Oxunma sayı: 6271

Oxşar yazılar