Prezident Administrasiyası rəsmisi Konstantin Zatulini arxivə göndərdi

  • 14:59 - 16 Yanvar

Rusiyanın  «Moskovskiy Komsomolets» qəzeti Azərbaycan Prezident Administrasiyasının sektor müdiri FuadAxundovun Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinə cavabını dərc edib. 

Avropa.info-nun məlumatına görə, «Qaregin Njde haqda «xüsusi rəy»: qəhrəmanlaşdırma yolverilməzdir» başıqlı məqalədə müəllif qeyd edir ki, bütün dünya nasizmin qəhrəmanlaşdırılmasını yolverilməz hesab etdiyi bir vaxtda, rusiyalı deputat "ermənilərin Njdeilə bağlı şəxsi fikrə malik olma haqqı»nın müdafiəsinə qalxıb. O Njdeki, arxivlərdə onun Üçüncü Reyxlə əmək daşlığı barədə kifayət qədər sənəd var. 

F. Axundov vurğulayır ki, Qaregin Njdenin yaratdığı «Tseqakronutyun» ideologiyası erməni dilindən tərcümədə irqçilik deməkdir. Onun müddəaları, demək olar ki, olduğu kimi Alman Millətçi-Sosialist İşçi Partiyasının məşhur 25 bəndlik proqramından köçürülüb. 

«Ermənistan Respublikaçılar Partiyasının İrəvanda 2004-cü ildə çap etdirdiyi «QareginNjde və onun təlimi» adlı proqram kitabçasında müəliflərin özləri qeyd edir ki, erməni «Tseqakronutyun»u  İtaliya faşizmi və alman nasizmi ilə qarışdırılmamalıdır. Onlar bunu guya «elmi» baxımdan belə izah edirlər: «Erməni faşizmi və ya nasizmi yoxdur. Var italyan faşizmi, alman nasizmi və… erməni «Tseqakronutyun»u» (səh. 33). Lap cənab Zatulinin dediyi kimi – özlərinə «xüsusi rəy hüququ» tanıyıblar»- deyə Azərbaycan Prezident Administrasiyasının rəsmisi qeyd edir.

F. Axundov həmçinin diqqət yetirir ki, K. Zatulinin Ermənistanda Hitlerin əlaltılarının qəhrəmanaşdırılması ilə bağlı mövqeyi Rusiya XİN-in bəyanatlarına, bu ölkənin ictimaiyyətinin çağırışlarına və xüsusi xidmət orqanlarının arxivlərində saxlanılan sənədlərə ziddiyyət təşkil edir.

Müllif, Ermənistanda nasizmin təbliğ edilməsinə qarşı dözümlü yanaşmanın yolverilməz olduğunu yazır. «Belə laqeydlik həqiqətən yolverilməzdir. Tarixin təhrif olunmasına, yenidən yazılmasına istənilən cəhdin yolverilməz və ədəbsizlik olduğu kimi. Xüsusilə Böyük Qələbənin 75 illiyiərəfəsində! Hər şeydə «Ermənistanla münaqişə şəraitdə olan Azərbaycan rəhbərliyi»nin əlini axtarmaqdansa, diqqəti bu məsələlərə yönəltmək lazımdır»,-deyə F. Axundov K. Zatulinə cavab verir.

MƏQALƏNİN TAM MƏTNİ 

Qaregin Njde haqda «xüsusi rəy»: qəhrəmanlaşdırma yolverilməzdir

«Arxivlərdə onun Üçüncü reyxlə əməkdaşlığına dair kifayət qədər sübut var»

2020-ci ildə hər kəs İkinci Dünya müharibəsində Hitler Almaniyasının darmadağın olunmasının 75 illiyini qeyd etməyə hazırlaşır. Bu münasibətlə Moskvada ənənəvi hərbi parad keçiriləcək, çox sayda təntənəli mərasim təşkil olunacaq, cəbhədə həlak olmuş insanların xatirəsi anılacaq, onların abidəsi önünə əklillər düzüləcək. Əlbəttə ki, həmin günlərdə istər rəsmi çıxışlarda, istər mətbuatda yer alacaq məqalələrdə nasizmin bərpasına cəhdlərin, xüsusilə onun qəhrəmanlaşdırılmasının yolverilməzliyi haqda saysız-hesabsız fikirlərə də rast gəlinəcək.

Bütün bunların fonunda Hitlerin əlaltısı olmuş Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə bağlı diskussiyaların bu gün də davam etməsi təəcüblüdür. Üstəlik, artıq bu kultun Rusiya ərazisinə daşınması cəhdləri belə, ortadadır.

Məni belə düşünməyə vadar edən yalnız Qaregin Njdenin Armavirdəki xatirə lövhəsilə bağlı yaşananlar deyil, həm də Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin «Kitabxanalara tez-tez gedin» başlıqlı məqaləsindəki «xüsusi rəy»idir.

Bu yerdə yadıma o qədər də uzaq olmayan keçmişdə baş vermiş bir hadisə düşür. 90-cı illərin sonlarında Mərkəzi Jurnalistlər Evində cənab Zatulin cənab Miqranyanla birlikdə jurnalistlər qarşısında Cənubi Qafqaz dövlərinin siyasətini təhlil edirdi. Bu zaman o, yalnız Azərbaycanla Gürcüstanı tənqid atəşinə tutmuşdu. Bu cümlələrin müəllifi ona «belə çıxırmı ki, siz yeni xəritə tərtib etmisiniz və artıq Ermənistan Cənubi Qafqaza aid deyil?» sualını ünvanladıqda isə cənab Zatulin tərədüd etmədən Ermənistanda heç bir problemin olmadığını söyləmişdi. Üstəlik, bu, Ermənistanda dil haqqında qanuna əsasən, rus dilində təhsilin sadəcə, məhv olunduğu dövrə təsadüf edirdi. O zaman Ermənistanda rus məktəbi yalnız Rusiyanın bu ölkədəki səfirliyinin hamiliyi altında Fioletovo kəndində qalmışdı. Doğrudur, aşkar təzyiqlər nəticəsində ayrı-ayrı məktəblərdə rus sinifləri açılmışdı, lakin orada yalnız valideynlərindən heç olmasa birinin erməni olmadığı uşaqlar təhsil alırdılar. O zaman Rusiyanın Ermənistandakı səfiri Anatoli Dryukov rus dilinin bu ölkədə məruz qaldığı təqibləri orta əsr inkvizasiyası ilə müqayisə etmişdi.

Bu gün də 6-7 il Rusiyada yaşadıqdan sonra Ermənistana qayıdan erməni ailələri övladlarını rus siniflərinə qoya bilmir. Bundan başqa, «MDB və Baltikyanı ölkələrdə rusdilli vətəndaşların vəziyyətinin öyrənilməsi» adlı geniş araşdırma göstərir ki, ən pis durumda olan «rusdilli vətəndaşlar»a Baltikyanı ölkələrdə yox, məhz Ermənistanda rast gəlinir. Bir sözlə, Ermənistanda «Njdeizm» ideyasının təntənəsi göz qarşısındadır.

Bu dəfə cənab Zatulin nə az, nə çox – «ermənilərin Qaregin Njde ilə bağlı şəxsi fikrə malik olma haqqı»nı qorumaq qərarına gəlib. Halbuki Rusiya XİN-i hələ 2019-cu il mayın 7-də bu mövzuda hesabatla çıxış edib. Bu, Azərbaycan prezidenti İlham Əliyevin MDB dövlət başçılarının Aşqabad sammitində Njdenin qəhrəmanlaşdırılmasının yolverilməzliyi haqda çıxışından xeyli əvvəl idi. Rusiya XİN-nin «Nasizmin qəhrəmalaşdırılması, neonasizmin yayılmasına və irqçiliyin müasir formalarının, irqi ayrıseçkiliyinin, ksenofobiyanın və onunla bağlı digər dözümsüzlüklərin artmasına kömək edən digər təcrübələrin yayılması ilə bağlı vəziyyət haqqında» adlı hesabatında bildirilirdi ki, «Ermənistanda nasizmə bəraət qazandırılması ilə bağlı açıq cəhdlərə, neonasist əhvalına rast gəlinmir. Lakin eyni zamanda, keçmiş hakim Ermənistan Respublika Partiyası millətçi zümrədən olan, münasibətin heç də birmənalı olmadığı Q.Njde kimi siyasi xadimin xatirəsinin əbədiləşdirilməsi istiqamətində addımlar atıb. Halbuki, onun Üçüncü reyxlə əməkdaşlıq etdiyinə dair məlumatlar var».

İctimai rəyin nasizmin qəhrəmanlaşdırılmasına qarşı olduğunu göstərən aşkar fakt kimi isə Aleksandr Perenciyevin İntennetdə hələ 2017-ci ildə yerləşdirdiyi «Postsovet məkanında faşizmin qəhrəmanlaşdırılmasının qarşısı alınsın» ərizə var. 2016-cı ildə Yerevanda abidəsi ucaldılmış Qaregin Njdenin adının keçdiyi ərizəni 200 mindən artıq insan imzalamışdı.

Qeyd edək ki, arxivlərdə Njdenin Üüncü reyxlə əməkdaşlıq etdiyinə dair kifayət qədər sübut var. Arxiv sənədlərindən məlum olur ki, indiki «Ermənistan qəhrəmanı» əsasən «Erməni legionu» üçün əsgərlərin ələ alınması ilə məşğul olub. O, bu işi erməni hərbi əsirləri və erməni diasporunun gənc üzvləri arasında da aparıb.

Bununla yanaşı, Njde başqa «məxfi tapşırıq»ları da yerinə yetirib. SSRİ DTN yanında Xüsusi Şuranın (Njdenin 25 il müddətinə azadlıqdan məhrum edilməsi qərarı bu toplantıda çıxarılıb) məhkəmə sənədlərində deyilir: «…İkinci Dünya müharibəsi illərində Sovet Ordusunun hissələrinə qarşı təxribatçılıqla məşğul olmaq niyyətilə alman kəşfiyyat orqanları ilə əlaqə yaradıb. Almaniyanın kəşfiyyat və əks-kəşfiyyat orqanlarının tapşırıqlarının yerinə yetirilməsi məqsədilə insanların ələ alınması ilə məşğul olub, 1942-ci ildə Berlində yaradılmış «Erməni milli şurasının» (əslində komitəsinin) sıralarında yer alıb. Yəni, RSFSR Cinayət Məcəlləsinin 1-ci hissəsinin 58-4, 58-11 və 58-6-cı maddələrində nəzərdə tutulmuş cinayətlərlə məşğul olub».

Qaregin Njde haqda fikirlərə 12 cildlik «1941-1945-ci illərin Böyük Vətən müharibəsi» ensiklopediyasının «Cizli müharibə: Böyük Vətən müharibəsi illərində kəşfiyyat və əks-kəşfiyyat» adlanan 6-cı cildindəki «Müharibənin həlledici mərhələsində hərbi əks-kəşfiyyatın fəaliyyəti» məqaləsində də yer alıb. Məqalədə deyilir: ««1941-1945-ci illərin Böyük Vətən müharibəsi» ensiklopediyasında yer almış məlumata görə, müharibə illərində Njde Bolqarıstan ərazisində erməni əsilli 30-dan artıq agenti ələ alıb. O, həmin şəxslərin diversiya təlimlərində, həmçinin Sovet Ordusunun arxa cəbhəsinə göndərilməsində iştirak edib. Məqsəd təxribatçı fəaliyyət olub. Onun hazırladığı 30 diversantdan 17-si SMERŞ əməkdaşları tərəfindən saxlanılıb və nəticədə diversi-terror aktlarının qarşısı alınıb».

Beləliklə, Njde yalnız kəşfiyyat-agentura işi üçün insanların ələ alınması ilə məşğul olmayıb. O, həm də «Qızıl ordu»nun arxa cəbhəsində, SSRİ ərazisində diversiya-terror aktlarının törədilməsi məqsədilə diversantlar hazırlayıb.

1944-cü ildə Q.Njde SMERŞ əməkdaşları tərəfindən Bolqarıstanda həbs olunub. Məhkəmə qarşısına çıxarılan Njde 25 il müddətinə azadlıqdan məhrum edilib və «Vladimirskiy sentral» həbsxanasında ölüb.

Lakin indi cənab Zatulin deyir ki, «…söhbət konkret olaraq 1955-ci ildə dünyasını dəyişmiş Qaregin Njde ətrafında bu gün KİV vasitəsilə aparılan kampaniyadan gedirsə, onun təşəəbbüskarının Ermənistanla münaqişə şəraitində yaşayan Azərbaycan rəhbərliyi olduğu aydın görünür». Cənab Zatulinin fikrincə, guya «Azərbaycan hakimiyyətinə elə gəlib ki, onlar faşist və kollaborasionist kimi qələmə verdikləri Qareqin Njdeyə Ermənistanda heykəl qoyulması kartından istifadə etməklə erməniləri cinə-şeytana bənzətmək cəhdlərində əlavə xal qazana biləcəklər». Bu yerdə bir məqama aydınlıq gətirməliyik: ilk növbədə, Njde «Tseqakronutyun» ideologiyasını yaratmaqla, öz seçimilə millətçi olub. Bu ideologiyanın adı erməni dilindən dəqiq tərcümədə irqçilik deməkdir və onun müddəaları, demək olar ki, olduğu kimi Alman Millətçi-Sosialist İşçi Partiyasının məşhur 25 bəndlik proqramından köçürülüb. 

Ermənistan Respublikaçılar Partiyasının Yerevanda 2004-cü ildə çap etdirdiyi «Qaregin Njde və onun təlimi» adlı proqram kitabçasında müəliflərin özləri qeyd edir ki, erməni «Tseqakronutyun»u İtaliya faşizmi və alman nasizmi ilə qarışdırılmamalıdır. Onlar bunu «elmi» baxımdan belə izah edirlər: «Erməni faşizmi və ya nasizmi yoxdur. Var italyan faşizmi, alman nasizmi və… erməni «Tseqakronutyun»u» (səh. 33). Lap cənab Zatulinin dediyi kimi – özlərinə «xüsusi rəy hüququ» tanıyıblar. 

Njde kollaborasionizmi də öz istəyilə seçib, Hitlerə öz xidmətini könüllü təklif edib. Buna görə də o, SSRİ DTN yanında Xüsusi Şura tərəfindən mühakimə olunub.

Zatulin etiraf edir ki, «Njde SSRİ-nin süquta uğrayacağı təqdirdə Türkiyədən qorunmaq üçün Almaniyadan zəmanət almağa çalışmaqla, ciddi səhvə yol verib». Lakin bu izahı da ciddi qəbul etmək mümkün deyil. Ola bilsin ki, cənab Zatulin bəzi məsələlərdən xəbərsizdir. Əvvəla, İkinci Dünya müharibəsi zamanı Almaniya ilə Türkiyə arasında hər hansı hərbi və ya siyasi ittifaq olmayıb. Türkiyə Hitlerin müttəfiqləri sırasında da yer almayıb və bütün müharibə boyu neytrallıq göstərib. Hitlerlə əməkdaşlığı «Njdenin ciddi səhvi» adlandırmaq isə nəinki inandırıcı görünmür, hətta, ilk növbədə, əxlaqsızlıqdır. Bir daha xatırladıram ki, o, Hitlerçilərlə əməkdaşlığa hələ Almaniya SSRİ-yə hücum etməzdən əvvəl gedib. Hitler ordusu Ermənistan da daxil olmaqla, Qafqaza doğru hərəkətə keçən zaman isə onu qarşı digər Sovet xalqları ilə çiyin-çiyinə 100 minlərlə erməni də döyüşüb: marşal Baqramyan, admiral İsakov və bir çoxları. Belə olan təqdirdə Njde kimin üçün və hansı zəmanəti almağa çalışırmış? Bəlkə Njdenin əməllərinə qiymət vermək üçün erməni müharibə veteranlarının, Ermənistan SSR DTN zabitlərinin fikirlərini dinləmək lazımdır? Hər halda, onlar da Njde haqqında kifayət qədər kitab və məqalə yazıblar. Yeri gəlmişkən, Njdenin Armavirdəki xatirə lövhəsini də ermənilərin özləri söküb…

Zatulinin daha bir fikri tənqid qarşısında acizdir: guya «Njdenin tarixçəsi Böyük Vətən müharibəsi illərindən deyil, xeyli əvvəldən başlayır. Onun fəaliyyəti Osmanlı imperiyası dövrünə gedib çıxır – Njde erməni xalqını məhv etmək qərarına gəlmiş qüvvələrə qarşı silahlı mübarizə aparmış azsaylı şəxslərdən olub. O, hər hansı digər səbəbdən yox, məhz bu üzdən Ermənistanın milli qəhrəmanıdır».

Bəs general Vlalsovun tərcümeyi-halı onun satqınlığından daha əvvəl başlamayıbmı? O, «Qızıl ordu»da general rütbəsini boş yerəmi almışdı? Bəs daha bir kallobarasionist, fransız marşal, Vişi rejiminə başçılıq etmiş Peten? O, hətta Birinci Dünya müharibəsinin qəhrəmanı belə, olmuşdu. Lakin onların heç birinə keçmişi kömək etmədi.

Njdenin isə heç «keçmiş xidmət»ləri belə yoxdur. Bəli, Birinci Dünya müharibəsi illərində o, Osmanlı imperiyasına qarşı vurunub. Lakin 30-cu illərdə yenə də SSRİ DTN yanında Xüsusi Şuranın sənədlərinə əsasən, «antisovet fəaliyyəti»lə məşğul olub.

Zatulinin növbəti passajı isə adamı sadəcə, hiddətləndirir: «Mən Njde haqqında mədhiyyə demirəm və Rusiyada ona abidə ucaldılmasını təklif etmirəm. Sadəcə, təklif edirəm ki, ermənilərin onun haqqında xüsusi rəy söyləmək haqqı tanınsın və faşist cinayətkarlarına bəraət qazandırmaq meylləri həyasızcasına onların ayağına yazılmasın».

Əlbəttə ki, bütün bunlar çox gözəl səslənir. Amma Zatulinin sözündən belə çıxmırmı ki, insanların qan yaddaşı Qaregin Njde haqqında «xüsusi rəy»ə qurban verilməlidir? Bəlkə müharibədə həlak olmuş şəxslərin xatirəsi belə, bu «haqq»a görə unudulmalıdır? Yoxsa bu «xüsusi rəy hüququ» «Hitlerçilər və onların əlaltılarının cinayətləri heç zaman köhnəlmir» postulatını ləğv etməlidir? Nəhayət, bir məqamı da xatırlatmaq istərdim: müasir dünya tarixində Nyurnberq Tribunalı faktı var. Bu tribunalın qərarına əsasən, Hitlerçilərin, eyni zamanda, onların kollaborasionistlərdən olan əlaltılarının cinayətləri «köhnəlmir» və onlara amnistiya düşmür. SD agentləri də belələrindən sayılır. Odur ki, burada hər hansı «xüsusi rəy»ə yer yoxdur.

Ən əsası, nə qədər xoşagəlməz səslənsə də, Ermənistanda nasizmin qəhrəmanlaşdırılmasına bu qədər dözümlü yanaşılması anlaşılan deyil. Belə laqeydlik həqiqətən yolverilməzdir. Tarixin təhrif olunmasına, yenidən yazılmasına istənilən cəhdin yolverilməz və ədəbsizlik olduğu kimi. Xüsusilə Böyük Qələbənin 75 illiyi ərəfəsinə!

Hər şeydə «Ermənistanla münaqişə şəraitdə olan Azərbaycan rəhbərliyi»nin əlini axtarmaqdansa, diqqəti bu məsələlərə yönəltmək lazımdır.

Fuad Axundov
Azərbaycan Prezidenti Administrasiyasının Strateji araşdırmalar və planlaşdırma setorunun müdiri


Oxunma sayı: 9120

Oxşar yazılar