Ünvanlı dövlət sosial yardımı alan vətəndaşların sayı açıqlandı

  • 11:12 - 16 Yanvar

“Minimum pensiya 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılıb, həmçinin, əmək haqqı artımı xüsusi şərtlərlə təyin olunmuş pensiyalarda (hərbçilərin, dövlət qulluqçularının və b. pensiyalarında) 31% artım da təmin edilib”.

Bu sözləri Avropa.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib.

Onun sözlərinə görə, ümumilikdə hər iki istiqamət üzrə pensiya artımı 750 min nəfərdən çox pensiyaçını əhatə edib: “Bununla da Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksi (PPP) üzrə MDB-də 1-ci yerə yüksəlib. Pensiyalarda ciddi artım nəticəsində 2019-cu ildə Azərbaycanda pensiyaların orta aylıq məbləği 15 faiz, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 15 faiz artıb. Median pensiya məbləğində isə 54% artım özünü göstərib”.

Fazil Talıbov əlavə edib ki, 2020-ci ilin yanvar ayında pensiyaların ötən ilin orta aylıq əmək haqqının artım göstəricisi əsasında indeksləşdirilərək artırılması nəzərdə tutulub: “2019-cu ildə ünvanlı dövlət sosial yardımı proqramının da əhatə dairəsi 70 faizə qədər genişlənib və 72 min aztəminatlı ailəyə (296 min ailə üzvü) ünvanlı dövlət sosial yardımı ödənilib. Bir ailəyə düşən orta aylıq yardım məbləği 209 manatdır.

2020-ci il üçün ehtiyac meyarının həddinin 160 manata çatdırılması ölkədə aztəminatlı ailələrə hesablanan sosial yardımın və nəticədə onlara yönələn dövlətin qayğısının daha da artırılmasına imkan verib. 2006-cı ildən (yəni, ÜDSY tətbiq olunduğu ildən) ötən dövrdə ölkəmizdə ehtiyac meyarının həddinin 5,3 dəfə artırılması təmin edilib ki, bu da aztəminatlı ailələrin sosial müdafiəsinin ildən-ilə gücləndirilməsinə xidmət edib”.


Oxunma sayı: 5160

Oxşar yazılar