Deputatlığa namizədlərə verilən güzəştlər: təyyarə, qatar və avtobusdan pulsuz istifadə...

  • 10:39 - 16 Yanvar

Yanvar ayının 17-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində seçkiqabağı təbliğat-təşviqat kampaniyasına start veriləcək. Budəfəki seçkilərdə kifayət qədər çox namizəd iştirak edir. Seçkilərə az müddət qalmasına baxmayaraq bəzi namizədlər hələ də onlara verilən imtiyazlardan xəbərsizdirlər.

Avropa.info modern.az-a istinadən Seçki Məcəlləsinin deputatlığa namizədlər üçün verdiyi bir sıra hüquq və imtiyazların siyahısını təqdim edir.

Seçki Məcəlləsinin 150-ci maddəsinə görə, birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədə müvafiq seçki dairəsi ərazisinin hüdudlarında ümumi istifadədə olan şəhər, habelə şəhərkənarı və şəhərlərarası nəqliyyat vasitələrində gediş-gəlişin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir. Ancaq taksi və sifarişli reyslər siyahıya daxil deyil.

Məcəllənin 150-ci maddəsində isə göstərilir ki, bir neçə seçki dairəsi olan şəhərlərdə bu dairələrin birində qeydə alınmış namizədə şəhərdə gediş-gəlişinin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.

Məcəllədə namizədin namizəd kimi çıxış etdiyi birmandatlı seçki dairəsinin hüdudlarından kənarda yaşaması amili də nəzərə alınıb. Belə namizədlərə əlavə olaraq dəmir yolu və ya ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə 4 dəfə yaxud təyyarə ilə 2 dəfə seçki dairəsinə və geriyə gediş-gəlişinin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.

Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədin gediş-gəlişinin dəyəri seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılan vəsait hesabına müvafiq dairə seçki komissiyası tərəfindən ödənilir.

Bu cür ödəmələr Mərkəzi Seçki Komissiyasına ayrılan vəsait hesabına həyata keçirilir.

Seçki Məcəlləsinin 151-ci maddəsi isə Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizədin toxunulmazlığı ilə bağlıdır. Məcəlləyə əsasən, qeydə alınmış namizəd bu Məcəllənin 70.4-cü maddəsində nəzərdə tutulan qaydada yalnız Baş prokurorun razılığı ilə məsuliyyətə cəlb edilə bilər.

152-ci maddəyə əsasən isə, birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədin 10-a qədər vəkil edilmiş şəxs təyin etmək hüququ var. Göstərilən şəxslər müvafiq olaraq Dairə Seçki Komissiyası tərəfindən qeydə alınır.

Seçki Məcəlləsinin 156-cı maddəsi deputatlığa namizədlərin seçki fondları ilə bağlıdır. Həmin maddənin birinci bəndində göstərilir ki, namizədin seçki fondunun yuxarı həddi 500 min manatdan çox olmamalıdır.

Birmandatlı seçki dairəsi üzrə irəli sürülən namizədlərin, qeydə alınmış namizədlərin seçki fondları bu pul vəsaiti hesabına formalaşa bilər: 500 min manatdan çox olmamaq şərti ilə, namizədin xüsusi vəsaiti; 150 min manatdan çox olmamaq şərti ilə, namizədi, qeydə alınmış namizədi irəli sürmüş siyasi partiyanın, siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiyaların vəsaiti; vətəndaş üçün 3 min manatdan və hüquqi şəxs üçün 50 min manatdan çox olmayan könüllü ianələr.

Birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları vahid seçki fondu yarada bilər.

Bu, 500 min manatdan çox olmamalıdır. Siyasi partiyalar blokunun xüsusi vəsaiti seçki blokunu yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına formalaşır.

Vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri də seçki fondunun maliyyə mənbələrindən biridir.

Ancaq belə könüllü ianələrin həddi  vətəndaş üçün 3 min, hüquqi şəxs üçün 50 min manatdan çox ola bilməz.

Məcəllədə deputatlığa namizədlərə qanun çərçivəsində ödənişsiz təşviqat aparılması məsələləri də öz əksini tapıb.


Oxunma sayı: 5490

Oxşar yazılar