Ombudsman Vladimir Şkolnikov ilə görüşüb

  • 20:10 - 15 Yanvar

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin insan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikov ilə görüşüb.

Ombudsman Aparatından Avropa.info-ya verilən məlumata görə, Səbinə Əliyeva Ombudsman təsisatının fəaliyyəti dövründə BMT və onun struktur bölmələri ilə sıx əlaqələr yaradıldığını, birgə layihələr reallaşdırıldığını diqqətə çatdırıb. 

S.Əliyeva BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış qurumları, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarlığı, bu qurumun regional ofisi ilə səmərəli əməkdaşlıq əlaqələrinin davam etdirilməsinin əhəmiyyətindən bəhs edib. Vurğulanıb ki, birgə maarifləndirmə layihələri çərçivəsində paytaxtda və ölkənin regionlarında BMT-nin İnsan Hüquqları mexanizmləri, Azərbaycan-BMT əməkdaşlığı, BMT-nin müqavilə orqanlarına hesabatların verilməsi ilə bağlı yerli qeyri-hökumət təşkilatlarının maarifləndirilməsi, Əlilliyi olan şəxslərin hüquqları haqqında 

 

Konvensiyada təsbit olunmuş hüquq və azadlıqların Azərbaycanın milli qanunvericiliyində implementasiyası vəziyyəti, Davamlı İnkişaf Məqsədlərinin təbliği və digər bu kimi mövzularda keçirilən təlimlərə jurnalistlər, vəkillər, hüquqşünas tələbələr və qeyri-hökumət təşkilatları fəal şəkildə cəlb olunublar. Eyni zamanda, əhalinin həssas qrupları üçün Ombudsmanın Regional Mərkəzlərində birgə pulsuz hüquqi yardım kampaniyası təşkil edilib. Hazırda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi ilə birgə maarifləndirici təlim proqramı həyata keçirilməkdədir.

V.Şkolnikov təmsil etdiyi qurumun Azərbaycan Ombudsmanı ilə əməkdaşlığa böyük önəm verdiyini, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində yaradılmış səmərəli əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.

Görüşdə Ombudsman təsisatı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında prioritet əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Ali Komissarlığın Azərbaycan nümayəndəliyinin rəhbəri Kamran Bağırov görüşdə iştirak edib.


Oxunma sayı: 6018

Oxşar yazılar