Qaz kəmərlərini kimlər sıradan çıxarır – Səbəblər açıqlandı

  • 18:00 - 13 Yanvar

Qaz kəmərlərində baş verən qəzalar abonentlərin çətinliklə üzləşməsinə səbəb olur. Xüsusilə, qış aylarında qaz təchizatının dayanması əhalinin narazılığını artırır, çünki evlərin qızdırılması ilə bağlı problemlər yaranır.

Bəs qaz kəmərlərində mütəmadi qəzaların baş verməsinin əsas səbəbləri hansılardır?

“Azəriqaz” İstehsalat Bİrliyinin mətbuat katibi Ceyhun Səfərov Lent.az -a bildirib ki, heç bir sahədə qəzadan sığortalanmaq mümkün olmadığı kimi, qaz kəmərləri də bu qəzalardan kənarda qalmır. O qeyd edib ki, ötən gün 4 rayonun ərazisini əhatə edən qaz kəmərində baş verən qəza zamanı operativ tədbirlər göürülüb: “Qəza “Azəriqaz”ın balansında olan kəmərdə deyildi. Yüksək təzyiqli magistral kəmərlər Dövlət Neft Şirkətinin balansındadır. Qəzaya səbəb başqa bir özəl şirkətin texnikası həmin ərzidə işləməsi olmuşdu. İş ağır, çox vaxt tələb etsə də, Qaz İxrac İdarəsinin mütəxəssisləri prosesə operativ reaksiya göstərdi və qaz xətti qısa zamanda bərpa olundu. Çünki rayonlarda böyük bir abonent qrupunu əhatə edirdi. Proses vaxtında tamamlandı və axşam saatlarında qaz təchizatı bərpa olundu”.

Qaz kəmərlərinin tez-tez zədələnməsi probleminə gəldikdə, C.Səfərov bildirib ki, problemin yaranmasına daha çox özəl şirkətlər olur, bu hadisələr səhlənkarlaq nəticəsində baş verir: “Yeraltı xətlər daha çox zərər görür. Tikinti-təmir işləri aparılarkən kəmərlərin yerinin dəqiq müəyyənləşdirilməsi, yerli mütəxəssislərlə əlaqəli işləmək vacib şərtlərdir. Bakı kəndlərində isə əsasən texnika ilə kəmər, dirəklər vurulur, xətt yerə düşür. Bu da yol genişləndirilərkən xətlərin nəzərə alınmamasından irəli gəlir. Vətəndaşlar hasarlar getdikcə irəli çəkilir və kəmərlərin yanına gəlir. Bu halda kəmər tamamilə yolun kənarında qalır və avtomobil də sürücünün nəzarətindən çıxır və kəmərə dəyərək qəza törədir”.

C.Səfərovun sözlərinə görə, özəl şirkətlər qəza törədəndə qurumun cərimə tətbiq etmək funksiyası yoxdur, amma itmiş qazın bərpası ilə bağlı məsələ qaldırılır: “Qəza hadisələri baş verəndə yerində akt tərtib olunur. Aktda müvafiq olaraq itmiş qazın bərpası, eyni zamanda kəmərin bərpası haqqında məsələlər yer alır.

Onun təmir olunmasını zərər verən tərəf icra etməlidir. Kəmərlə bağlı lazımi vəsaitin ödənilməsi, lazım olan avadanlığın bərpasına köməkliyin göstərilməsi onların üzərində olur”.

Qurum rəsmiqi qeyd edib ki, kəmərlər zədəldikdən sonra bərpası xeyli vaxt itkisinə səbəb olur: “Kəmərdə olan qaz əvvəlcə boşaldılır. Yüksək təzyiqli kəmərdisə, təzyiqi tədricən aşağı salınır. Bərpadan sonra təkrar doldurulur ki, bütün bunlar da vaxt itkisinə səbəb olur”.

Qeyd edək ki, yanvarın 12-də yol tikintisi ilə məşğul olan podratçı təşkilat tikinti işləri icra edərkən Qaz İxrac İdarəsinin balansında olan "Xaldan-Balakən" yüksək təzyiqli magistral qaz kəmərinin Şəki rayonu, Dəhnə kəndindən keçən hissəsini zədələyib.

Təcili tədbirlər görülərək kəmərdə təzyiq dərhal aşağı endirilib və qaz xəttinin 29-59-cu kilometrlikləri arasında qəzanın ləğv edilməsi məqsədilə qaz təchizatı dayandırılıb. Nəticədə Şəki, Qax, Zaqatala, Balakən rayonlarının qaz təminatında fasilə yaranıb.


Oxunma sayı: 6744

Oxşar yazılar