Komitə nümayəndələri azyaşlı Nərmin Quliyevanın ailəsini ziyarət ediblər

  • 23:07 - 08 Yanvar

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları (sosial işçi və psixoloq) Tovuz rayonunun  Dondar Quşçu  kəndində yanaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın ailəsini ziyarət ediblər. 

Ziyarət zamanı ailənin digər uşaqları və valideynlərlə söhbət aparılaraq, ailə sosial-psixoloji baxımdan qiymətləndirilib. 

Bildirilib ki, ehtiyac olacağı təqdirdə ailə ilə müvafiq işlər aparılacaq. 

Qeyd edək ki, ötən ilin noyabrın 21-də itkin düşən N.Quliyevanın meyiti bu il yanvarın 6-da yanmış vəziyyətdə Donbdar Quşçu kəndi ərazisində tapılıb.

Baş Prokurorluğun yaydığı xəbərə görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş, 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, habelə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupunun təlimatçıları xüsusi təlim keçmiş itlərlə Dondar Quşçu kəndi və ətraf ərazilərdə axtarışlara cəlb ediliblər. (apa)


Oxunma sayı: 11254

Oxşar yazılar