Parisdə Azərbaycan elmi diasporunun təməli qoyulub

  • 15:18 - 16 Dekabr

Parisdə Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) təşkilatçılığı, Fransadakı səfirliyimizin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Azərbaycan elmi diasporunun təməli qoyulub.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Avropa.info-ya verilən məlumata görə, Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində baş tutan yığıncaqda Fransa universitetlərində müxtəlif sahələr üzrə magistratura və doktorantura üzrə təhsil alan, eləcə də artıq doktorluq dərəcəsi almış və elmi tədqiqatla məşğul olan gənc azərbaycanlılar iştirak ediblər.

Ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev elmi diasporun yaradılmasının vacibliyini vurğulayıb. O, gənclərə elmi diasporanın təşkilatlanması ilə bağlı təklif və tövsiyələrini bildirib. R.Mustafayev Fransanın ali təhsil müəssisələrinin kitabxanalarında Azərbaycanla bağlı nəşrlərin genişləndirilməsi istiqamətində lazımi dəstək göstərməyə hazır olduğunu söyləyib.

Daha sonra Fransada elmi diasporun strukturu, vəzifələri, öhdəlikləri, nizamnaməsi, fəaliyyət strategiyası ilə bağlı fikir mübadiləsi aparıb, təkliflər səsləndirilib. Gənclər elmi diasporanın yaradılmasını yekdilliklə dəstəkləyib, bu sahədə Assosiasiya yaratmaq, elektron elmi jurnalın hazırlanması zərurətinə dair fikirlərini bildiriblər.


Oxunma sayı: 5589

Oxşar yazılar