FHN: 3-cü mikrorayon bazarında 280 kv.m sahə yanıb (Yenilənib)

  • 21:00 - 14 Dekabr

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "3-cu mikrorayon bazarı" kimi tanınan ərazidə baş vermiş yanğınla bağlı məlumat yayıb.

Avropa.info  xəbər verir ki, məlumat daxil olduqdan 4 dəqiqə sonra, yəni saat 17:33-də ilk yanğınsöndürmə briqadaları hadisə yerinə çatıb.

Yanğının mürəkkəbliyinə, ərazidə yüksək yanğın riskli çoxsaylı obyektlərin mövcudluğuna baxmayaraq, yanğınsöndürənlərin peşəkarlığı və şücaəti sayəsində yanğının böyük əraziyə yayılmasına və daha böyük faciəyə səbəb olmasına imkan verilməyib. Belə ki, yanğın saat 18:00-da, yəni ilk yanğınsöndürmə briqadaları hadisə yerinə çatandan 27 dəqiqə sonra məhdudlaşdırılıb və saat 18:19-da tam söndürülüb.

Ümumilikdə 6100 kv.m-dən artıq sahəsi olan bazarda 280 kv.m sahədə kafe və satış piştaxtaları, 2 ədəd "QAZEL" markalı yük avtomobili və bazara bitişik 50 kv.m sahəsi olan avtomobil təmiri sexi yanıb. Bazarın qalan hissəsi yəni, 5800 kv.m-dən artıq ərazisi və yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub, yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb.

****

Fövqəladə hallar nazirinin müavini Bakıda yanğının baş verdiyi əraziyə gəlib.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hazırda hadisə yerindədir.

Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı"nın arxasındakı köhnə hamamda) baş vermiş yanğının söndürülməsi üçün 17 yanğın söndürən maşını cəlb olunub.

Bunu isə jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov deyib.

Qeyd edək ki, yanğınla əlaqədar hadisə yerinə 5 təcili tibbi yardım maşını cəlb olunub. Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir.

Hazırda yanğın baş verən ərazidə tüstülənmənin qarşısı alınır.


***

Bakı şəhəri, Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) baş verən yanğın saat 18:00 dəqiqədə yanğın məhdudlaşdırılıb. 

Avropa.info xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

***

Bakıda bazar yanır.

 

Fövqəladə Hallar Nazirliyindən Avropa.info-ya verilən məlumata görə,  "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı" adlanan ərazidə) yanğın olması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri  hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Oxunma sayı: 8746

Oxşar yazılar